Hadisə

Rasim Quliyev Ramiz Mehdiyevlə Hacıbala Abutalıbovun məhkəməyə çağırılmasını istəyib

Keçmiş aparat rəhbərinin məhkəmə istintaqı yekunlaşdı

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, hazırda həbsdə olan Rasim Quliyevin işi üzrə məhkəmə araşdırmaları başa çatıb.

Növbəti məhkəmə iclasında prokuror çıxış edib, ona cəza istəyəcək.

Rasim Quliyevin vəkilləri isə onun məhkəməsində Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və 18 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun dindirilməsini istəyib.

Vəkillər noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıblar.

Vəkillər bildirib ki, Rasim Quliyev “FF-2011” tikinti şirkətinə Bakının Dilarə Əliyeva küçəsində tarixi-memarlıq abidəsi sayılan binanın sökülməsi və yeni binanın tikintisi üçün icazə verməkdə ittiham olunur.

Şirkətin rəhbəri Tamilla İbrahimova məhkəmədə dindirilərkən deyib ki, o, bütün məsələləri Hacıbala Abutalıbovla həll edib, Rasim Quliyevi tanımayıb.

Müdafiəçilər hesab edir ki, sabiq icra başçısı hələ istintaq dövründə dindirilməliydi, lakin prokurorluq onun istintaqa cəlb olunmasına ehtiyac görməyib.

Ramiz Mehdiyevin dindirilməsinə gəlincə, Hacıbala Abutalıbov 2018-ci ilin aprelində Baş nazirin müavini təyin ediləndən az əvvəl onun birinci müavini Rauf Pənahov vəfat etmişdi.
O, Nazirlər Kabinetinə gedəndə müavin səlahiyyətlərinin icrasını Aparat rəhbəri Rasim Quliyevə həvalə edib.

Cinayət işinin materiallarında olan yazışmalardan görünür ki, Hacıbala Abutalıbov ona müavin səlahiyyətlərinin icrasını özbaşına həvalə edib. Bunun üçün Prezident Administrasiyasının razılığı olmalıymış, lakin Hacıbala Abutalıbov belə bir razılıq almayıb.

Sonradan Ramiz Mehdiyev Hacıbala Abutalıbova məktubunda da bu məsələni xatırladaraq, Rasim Quliyevə əlavə səlahiyyətlər verilməsi üçün Prezident Administrasiyasının razılığı olmadığını vurğulayıb.
Rasim Quliyev özü də vəkillərinin vəsatətlərini müdafiə edərək, həm Ramiz Mehdiyev, həm də Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsini xahiş edib. O, hətta ekspertiza keçirilməsini və müavin statusunda sərəncam imzalamaq səlahiyyətlərinin olub-olmamasının aydınlaşdırılmasını da istəyib.

Lakin hakimlər bu vəsatətlərin heç birini təmin etməyib.

Rasim Quliyevin vəkili onun səhhətində ciddi problemlər olduğunu, bu səbəbdən Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüldüyünü bildirib. Bu səbəbdən onun ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti də təmin etməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə dekabrın 9-na qədər təxirə salınıb.

Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub.

O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb.

2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.

Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub.

2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib.

Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub.

2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.

Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

O, özünü təqsirli bilmir.

Bənzər yazılar

Back to top button