Siyasət

Partiya sədrləri İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündən danışdılar

“Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir”.

Bunu “Report”a açıqlamsında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.

Onun sözlərinə görə, Zirvə görüşündə bir sıra ölkələrin rəhbərləri, baş nazirləri və digər rəsmi şəxslər iştirak edib: “Videokonfrans vasitəsilə keçirilən görüşdə həmçinin BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru çıxış edib. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisidir. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və hüquq normaları əsasında duran çoxtərəfliliyə (multilateralizm) təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir”.

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev

S.Hacıyev xatırladıb ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib: “Belə ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə – səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur. Türk Şurasının Zirvə Görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi”.

O qeyd edib ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub: “Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən biridir. Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev “Report”a açıqlmasında Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirdiyini deyib:

Yeni Zaman Partiyasının sədri Musa Ağayev

“Bu Zirvə görüşünün keçirilməsi Azərbaycanın və onun rəhbərliyinin nüfuzunu göstərir. Hesab edirəm ki, koronavirus pandemiyasının dünyada yayıldığı bir halda belə bir görüşün keçirilməsi Azərbaycanın dünyada imicini daha da yüksəldəcək. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının 120 üzvü var. Qoşulmama Hərəkatı dünyanın ən böyük təşkilatlarından biridir. Azərbaycanın bu təşkilata üzv və sədrlik etməsi ölkəmizin xarici siyasətində ən önəmli yeri tutur. Hesab edirəm ki, Azərbaycan rəhbərliyinin dünyada pandemiyanın yayıldığı belə bir şəraitdə bu görüşü keçirməsi təqdirəlayiq haldır. Zirvə görüşünün keçirilməsi siyasi əqidəsindən asılı olmayaraq bütün siyasi qüvvələr tərəfindən də müsbət qiymətləndirilməlidir”.

Bənzər yazılar

Back to top button