Hadisə

General Vəli Ələsgərov həbsxanada ölübmü… – İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

Naxçıvanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edən, Eldar Mahmudovun bandasının üzvlərindən olan general Vəli Ələsgərovun saxlanıldığı həbsxanada öldüyü haqda xəbərlər yayılıb. Lakin belə xəbərlər artıq ikinci gündür yayılsa da müvafiq rəsmi instansiyalar onu nə təsdiq, nə təkzib etməyib. Vəli Ələsgərovun vəkilinin və ailə üzvlərinin də xəbərə münasibəti məlum deyil.

Penitensionar Xidmətin mətbuat katibi Mehman Sadıqov virtualaz.org-a V.Ələsgərovun öldüyü barədə xəbəri nə təsdiq, nə təkzib edib. Bildirib ki, onlarda bu barədə informasiya yoxdur və Ələsgərovun vəkilinə müraciət etmək məsləhətdir.

Vəli Ələsgərov Naxçıvan MTN-inə rəhbərlik etdiyi dövrdə saxlanılan şəxslərə qarşı qeyri-insani, vəhşi işgəncələr verməsi ilə tanınırdı. Hətta o özü şəxsən işgəncə prosesində iştirak edirdi, qurbanlar isə həm sadə vətəndaşlar və iş adamları, həm vətəndaş cəmiyyəti fəalları olurdu. Bir neçə il əvvəl isə KİV-lər Vəli Ələsgərovun göstərişi ilə saxlanılan Qıvraq kənd sakini ilə bağlı dəhşətli əhvalat haqda yazmışdı. Həmin şəxsə uzun müddət işgəncə veriblər, məcbur etməyə çalışıblar ki, törətmədiyi cinayəti boynuna alsın. Lakin o, işəngəncələrə dözüb və ifadə verməyib, bunu görəndə general əmr edib ki, həmin adamın arvadını və qızını tutub MTN təcridxanasına gətirsinlər. Ələsgərovun cəlladları bu əmri yerinə yetirirlər və saxlanılan şəxsin arvadı ilə qızını tutub təcridxanaya gətirirlər, həmin adamın gözü qarşısında soyundururlar, zorlamaqla hədələyirlər. Buna dözməyən Qıvraq sakini tələb olunan ifadəni imzalamalı olur.

Lakin Vəli Ələsgərov təkcə sıravi vətəndaşlara, iş adamlarına və vətəndaş cəmiyyəti fəallarına işgəncə vermirdi. Sonradan məlum olmuşdu ki, o Eldar Mahmudovun göstərişi ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu da izləyib, barəsində kompomotlar toplayaraq Bakıya ötürüb. E.Mahmudovun bandası dağıdılandan sonra 2016-cı ilin aprelində V.Ələsgərov da həbs edildi və bu dəfə təcridxanada onun özünə işəncələrin verildiyi, açaldığı məlum olmuşdu. Daha sonra köçürüldüyü həbsxanada isə generalın tualetləri təmizlədiyini görənlər olub.

V.Ələsgərov vəzifə səlahiyyətlərindən su-istifadə, mənimsəmə, rüşvət və digər cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilmişdi.

Bənzər yazılar

Back to top button