ManşetSiyasət

Blinken və Çavuşoğlu Ermənistan və Azərbaycandakı vəziyyəti müzakirə ediblər – Dövlət Departamenti

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə XİN başçısı Mevlut Çavuşoğlu çərşənbə günü Riqada bir sıra mühüm məsələləri müzakirə ediblər.

“Blinken və Çavuşoğlu Qaradəniz regionunda sabitliyin qorunub saxlanması üzrə səyləri müzakirə ediblər. Onlar həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Ermənistan və Azərbaycan, həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər”, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

“Müzakirələr prezidentlər Bayden və Erdoğanın Romada ikitərəfli əməkdaşlığın perspektivlərinə, həmçinin, demokratiya və insan hüquqları da daxil olmaqla, digər prioritetlərə dair söhbətinin yekunlarına əsaslanıb”, deyə qurumun baş katibi Ned Prays bildirib.

Çərşənbə günü həmçinin NATO-nun iki günlük nazirlər görüşü başa çatıb. Görüşdə Rusiyanın Ukraynanı işğal edə biləcəyi barədə xəbərdarlıq səslənib.

Dövlət katibi Blinken bu mövzunu ATƏT ölkələrinin XİN başçıları Şurası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla və Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə müzakirə edib.

“Prezident Putinin işğal haqqında qərar qəbul edib-etmədiyini bilmirik, amma bilirik ki, o, qısa müddətdə bunu etmək üçün imkan yaradır”, deyə Blinken çərşənbə günü bildirib.

Öz növbəsində, NATO baş katibi Yens Stoltenberq “Ukraynaya qarşı güc tətbiq edəcəyi təqdirdə Moskvanın yüksək qiymət ödəyəcəyi” barədə xəbərdarlıq edib. (Turan)

Bənzər yazılar

Back to top button