Hadisə

Əməkdar mədəniyyət işçisi koronavirusdan vəfat etdi (FOTO)

Azərbaycanın əməkdar mədəniyyət işçisi Kamil İbrahimov vəfat edib.

AzToday.az Report-a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxan K.İbrahimov müalicə aldığı xəstəxanada komaya düşüb.

Bir neçə gün komada qalan K.İbrahimov 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.

K.İbrahimov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980-88-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi vəzifəsində işləyib.

K.F.İbrahimov 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib.

Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.

9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi”nin “Mədəni irsin tədqiqi sektoru”nun müdiri, həmçinin “Qala Tarix-Etnoqrafiya Qoruğu”nda direktor müavini vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Back to top button