Hadisə

İcra başçısı istintaqa çağırıldı

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Tərtər rayonunun Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləmiş Tofiq Kərimovun cinayət işinin istintaqı çərçivəsində dindirilib.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, icra başçısı 4 saata yaxın istintaqın suallarını cavablandırıb.

Məlumatda o da bildirilir ki, istintaq çərçivəsində baş memar Tofiq Kərimovun tikintiyə icazə üçün rüşvət aldığı bir neçə vətəndaş da şahid qismində dindirilib.

Ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button