Cəmiyyət

Küveyt və Bəhreyn vətəndaşları brakonyerliyə görə cərimə olunub

Dekabrın 3-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb. Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

“Araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10 352 manat məbləğində cərimə olunub”, deyə Ekologiya nazirliyinin məlumatında bildirilir.

Pozuntunun nədən ibarət olduğu açıqlanmır. Qeyd edək ki, Azərbaycanın ən böyük ovçuluq təsərrüfatı olan “Sarısu” Saatlı rayonunda yerləşir. Bura su quşlarının ovlandığı ən məşhur yerlərdən biridir. Hazırda ov mövsümünün qızğın vaxtıdır.

Ərəb ölkələrinin nümayəndələri müntəzəm olaraq buraya ova gedirlər. Çox güman ki, pozuntu atəş açma normasının aşılmasından və ya ovu qadağan edilmiş quşların ovlanmasından ibarətdir. (Turan)

Bənzər yazılar

Back to top button