Siyasət

Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Fətəli Xan Xoyskinin doğum günüdür

7 dekabr Fətəli Xan Xoyskinin anadan olduğu gündür. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından və bütün əziyyətlərini öz çiyinlərində daşıyanlardan biri də dövrünün görkəmli siyasi və ictimai xadimi Fətəli Xan Xoyski olmuşdur.

Gəncə (keçmiş Yelizavetpol) klassik gimnaziyasını, 1897-ci ildə isə Moskva universitetinin hüquq fakultəsinin tam kursunu 1-ci dərəcəli diplomla bitirən

1918-ci il mayın 26-da Zaqafqaziya seyminin son iclası keçirilir və seym buraxılır. Elə həmin gün Gürcüstan öz istiqlaliyyətini elan edir. Ertəsi gün, mayın 27-də keçmiş Zaqafqaziya seyminin azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Mili Şurası elan edir və Azərbaycanın idarəsini öz üzərlərinə götürürlər. Mayın 28-də keçmiş Qafqaz canişinin iqamətgahında keçirilən birinci iclasında Azərbaycan Milli Şurası ətraflı müzakirələrdən sonra Zaqafqaziyanın Cənubi-Şərq ərazisində Azərbaycan Xalq Cümhuriyyəti elan etmək haqqında qərar qəbul edir və Azərbaycanın istiqlaliyyəti haqqında bəyanat verilir. Milli Şura, şuranın üzvü F.X.Xoyskini yekdil səslə ilk Azərbaycan hökumətinin sədri seçir və ona ilk Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil etməyi tapşırır. Bir saatlıq fasilədən sonra F.X.Xoyski öz hökumətinin tərkibini elan edir. Bu hökumətdə Fətəli Xan baş nazir vəzifəsi ilə yanaşı daxili işlər naziri vəzifəsini də tutur.

O vaxt sözün əsil mənasında Azərbaycanın varlığı, onun olum və ölüm məsələsi həll olunurdu. Belə bir dövrdə ölkəyə rəhbərlik etmək ağlagəlməz dərəcədə çətin bir iş idi. Fətəli Xan hökumətinin o dövr fəaliyyəti haqqında Üzeyir Hacıbəyov yazırdı: «Yeni vücuda gəlmiş olan Azərbaycan hökumətinin birinci rəisi-vüzarəsi olmaqla, Azərbaycan tarixində mühüm bir mövqe tutmuş olan Fətəli Xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta paralarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır… Bu zəif gəmini, bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli Xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və qəbul edibdə gəmisini kamali-ehtiyat və ehtimal ilə aparıb hələ sahili-nicata çıxarılmasında, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirdi və bu ustalığında böyük bir məharət göstərdi».

İyunun 27-də Azərbaycan dili dövlət dili elan olunur. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olunur. Fətəli Xan hökumətinin Gəncədə ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etmək oldu. Müstəqil Azərbaycanın qoşun hissələrinin yaradılması işinə başlandı. Qeyd etmək lazımdır ki, bu dövr Azərbaycan üçün ən ağır və mürəkkəb dövr olmuşdur.

1918-ci il noyabrın 9-da F.X.Xoyskinin məruzəsi əsasında Azərbaycan hökuməti Azərbaycanın üç rəngli bayrağını təsdiq edir.

1920-ci il aprelin ortalarında XI Qızıl Ordu Şimali Qafqazda Denikin ordularının qalıqlarını məğlub edərək Azərbaycan Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. F.X.Xoyski öz hökuməti adından aprelin 15-də Sovet Rusiyası hökumətinə nota verərək ölkəsinin təhlükəsizliyindən narahat olduğunu bildirdi. Onun bu notası cavabsız qaldı, aprelin 27-də XI Qızıl Ordu Azərbaycan sərhədlərinin keçərək Bakıya doğru hərəkət etdi. Həmin gün axşam Azərbaycan Parlamenti hakimiyyəti kommunistlərə təhvil vermək haqqında qərar qəbul etdi.

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra F.X.Xoyski Tiflis şəhərinə getmiş və həmin il iyunun 19-da orada muzdlu erməni quldurları tərəfindən sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

Etibar Əliyev, deputat

Yazı müəllifin “facebook” səhifəsindən götürülüb.

Bənzər yazılar

Back to top button