Siyasət

Xalid Ağəliyev: “Azərbaycanda məhkəmə sistemi problemlidir” (MÜSAHİBƏ)

Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci ildən Azərbaycan ərazisində bloklanmış saytların şikayəti üzrə kommunikasiyaya başlayıb. Sözügedən işlər üzrə ərizəçilər “Azadlıq” radiosu” (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarıdır. 2017-ci ildə Rabitə Nazirliyinin təqdimatı əsasında məhkəmələrin qərarları ilə Azərbaycanda bu resurslara giriş məhdudlaşdırılıb. Bu qərarlar milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş və iğtişaşların qarşısının alınması mülahizələrilə əsaslandırılıb. Ərizəçilər Avropa İnsan Hüquqları Məhkəməsindən onların hüquqlarının Avropa İnsan və Azadlıqları Konvensiyasının 10-cu (ifadə azadlığı), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) və digər maddələrlə pozulmasının tanınmasını xahiş edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə müvafiq sorğular göndərib. Həmçinin Strasburq məhkəməsi saytların bloklanmasında siyasi motivlərin olub – olmaması barədə açıqlama istəyib.Media məsələləri üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev bloklanmış saytların şikayəti, Avropa Məhkəməsinə göndərilən digər şikayətlər və Azərbaycandakı məhkəmə sisteminin durumu haqda ASTNA-nın suallarına cavab verib.

* * *

– Xalid bəy, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan ərazisində bloklanmış saytların şikayətləri üzrə kommunikasiyaya başlayıb. Bunlar hansı saytlardır? Niyə və necə bloklanıblar? Və Avropa Məhkəməsindən gözlənti nədir?

– 4 il əvvəl “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edildi, həmin dəyişikliklər internet resurslarını bloklamaq üçün xeyli geniş imkanlar yaratdı. Həmin dəyişikliklərdən ilk zərbə alan, məhkəmə qaydasında blok edilən medialardan biri Azadlıq Radiosunun saytı idi. Ardınca, başqa bir neçə xəbər saytına giriş də məhdudlaşdırldı. Girişin məhdudlaşdırılmasını nəzərdə tutan həmin qərarların əksəriyyətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib. AIHM ilk olaraq, Azadlıq Radiosunun, eləcə də Xural qəzetinin saytlarının və anaxeber.az, 24saat.org xəbər resurslarının blok edilməsindən verilmiş şikayətləri araşdırmağa başlayıb. Bu medialar, müstəqil və tənqidi mövqeləri ilə seçilən resurslardır. AİHM-dən gözlənti, bloklamaların ifadə azadlığı hüququna uyğun olmaması barədə qərar verməsidir. Hələ qanunvericiliyə dəyişiklik ediləndə, ardınca, milli məhkəmələr qərarlar qəbul edərkən söyləmişdik ki, bu, ifadə azadlığı hüququna uyğun deyil. Məsələn, Azadlıq Radiosunun saytını bloklayan məhkəmə, bunu Bakıda keçirilmiş aksiyalarda müxalifətçilərin çıxışlarının yayılması ilə əsaslandırıb. Digər misal, Xural qəzetinin saytı, əvvəllər başqa mediada yayılmış məlumatların təkrar yayılmasına görə blok edilib. Belə yanaşmalar, əsaslandırmalar, düşünmürəm ki, hansı haldasa ifadə azadlığı hüququna uyğun hesab edilsin. Bundan əlavə, tamamilə mümkündür ki, AİHM bu bloklamaların siyasi məqsəd daşıması qərarına gəlsin.

– Çox güman ki, Avropa Məhkəməsi həmin saytların xeyrinə qərar verəcək və hökuməti saytları blokladığına görə cərimələyəcək. Bununla həmin saytların problemi, o cümlədən medianın problem həll olunacaqmı?

– İnternet resurslarına girişin məhdudlaşdırılmasını nəzərdə tutan milli qanunvericilik problemlidir. Qanunvericlik Avropa Şurasının, AİHM təcrübəsinin tələblərinə uyğun deyil. Mümkündür ki, AİHM bu qanunvericiliyin AŞ ölçülərinə uyğunlaşdırlmasının zərurliyini öz qərarında vurğulasın. Hətta vurğulamasa belə, AİHM konkret işlərdə bloklamanı Konvensiyaya zidd sayarsa, hökumətlərin öhdəliyidir ki, neqativ təcrübənin aradan qaldırılması üçün bütün addımları atsın. Yəni, problemlərin həlli ilə bağlı sizin vurğuladığınız gözləntilərin reallaşması, yalnız AİHM qərarından asılı deyil, daha çox hökumətdən, eləcə də bizdən, vətəndaş cəmiyyətindən asılıdır.

– Cərimələrdən söz düşmüşkən. Hər il Avropa Məhkəməsi Azərbaycanla bağlı xeyli qərar çıxarır və hökumətə cərimələr kəsir. Əslində il ərzində çıxarılan qərarlardakı kompensasiyaları hesablasaq, xeyli böyük məbləğ edir. Amma buna baxmayaraq Azərbaycandakı məhkəmə instansiyaları bundan dərs götürmür. Yenə də bütün məhkəmə instansiyalarının qüvvədə saxladığı haqsız qərarlar və yenə də Avropa Məhkəməsinə şikayətlər ünvanlanmaqda davam edir. Niyə bu prosesə bir “dur!” deyən yoxdur? Niyə bu qərarları çıxaran məhkəmələr, hakimlər cəzalandırılmır?

– Avropa Məhkəməsinin qərarlarının bütün Avropa Şurası məkanı ölkələrində necə icra edilməsinə baxsaq, görürük ki, Azərbaycan lider ölkələrdəndir. Qərarların böyük əksəriyyəti icra edilməmiş qalır, bunun nəticəsi olaraq, durum dəyişmir. Milli qanunvericilik AİHM qərarlarının icrası kontekstində imkan verir ki, baş vermis pozuntuların maddi, mənəvi nəticələri kompensasiya edilsin, pozuntuya yol açan şərait sağlamlaşdırılsın, o cümlədən, pozuntulara qərar verənlər islah edilsin. Amma bu normaların tətbiqi effektiv deyil. Effektivlik üçün əldə olan bütün hüquq müdafiə mexanizmlərindən sonadək istifadə, həm də təbii ki, siyasi iradə lazımdır.

– Yeri gəlmişkən, son vaxtlar Avropa Məhkəməsinin qərarına əsasən şikayətçilərə verilməli olan kompensasiyaların ödənilməsində gecikmələr var. Bununla bağlı hansısa prosedurlar varmı ki, kompensasiyalar gecikməsin və ya gecikəndə hökumətə məsuliyyətini xatırlatsın?

– Kiçik istisnalarla, hökumət, qərarlarda nəzərdə tutulmuş təminat məbləğlərini ödəyir. Qərar elan edildikdən sonra oturub, hökumətin təzminatları ödəməsini gözləmək yetərli deyil. Müəyyən prosedurlar vardır ki, ərizəçilər onlara əməl etməlidirlər. İlk addımda təzminat məbləğinin ödənilməsi üçün gərəkli olan bank məlumatları əlaqəli quruma təqdim edilməlidir. Qərarların qüvvəyə minməsindən sonra Avropa Şurasının əlaqəli qurumu bunu fiksasiya edir və həmin qərarı davamlı yenilənən siyahısına daxil edir. Qərar siyahıya daxil edildikdən sonrakı 3-4 ay ərzində əgər təzminat ödənilməyibsə, ödəmədə problem varsa, ərizəçi bununla bağlı qərarların icrası qurumunu məlumatlandırmalıdır ki, icradakı problem hökumətə xatırladılsın. Ərizəçi məlumat vermirsə, icraya nəzarət edənlər bunu problemin olmaması kimi qəbul edəcəklər. Beləliklə yubanma da davam edəcək. Prosedurlara əməl edənlər, demək olar ki, təzminat məsələsində problem yaşamır.

– Nə etmək olar ki, haqqını axtaran şikayətçilər haqqını Azərbaycandakı məhkəmə instansiyalarında tapsınlar? O cümlədən də media.

– Azərbaycanda məhkəmə sistemi problemlidir. Bunu uyğun beynəlxalq qurumların sənədlərindən, hesabatlarından, Avropa Məhkəməsinin qərarlarından aydın görmək olar. Başlıca problem məhkəmələrin müstəqilliyi ilə bağlıdır. Məhkəmələr bir çox hallarda siyasətçilərin öz rəqiblərini sıxma-boğmaya salmaları üçün vasitə rolunu oynayır, ortaya ədalətsiz qərarlar, siyasi məhbus kimi problemlər çıxır. Məhkəmələr müstəqil, peşəkar olmalıdır ki, hüquq pozuntuları daha tez və effektiv həllini tapa bilsin.

Bənzər yazılar

Back to top button