İqtisadiyyatManşet

Ekspert bahalaşmanın səbəblərini açıqladı: Sosial vəziyyətin sürətlə pisləşməsi…

İqtisadçı Rövşən Ağayev bahalaşmanın səbəblərini açıqlayıb.

AzToday.az-ın məlumatına görə, iqtisadçı gündəlik tələbat mallarının bahalaşmasının ölkədə yoxsulluğun artmasını şərtləndirdiyini deyib:

“Azərbaycan iqtisadiyyatı ilk böyük neft gəlirlərinin daxil olduğu 2005-2008-ci illərdən sonra qiymətlərin ən yüksək həddə çatdığı mərhələyə qədəm qoyub. Xüsusilə də qida inflyasiyasının yüksək səviyyəsi ölkədə yoxsulluğun artması, sosial vəziyyətin sürətlə pisləşməsi üçün əsas riskə çevrilib”.

Rövşən Ağayev Azərbaycanda məşğul əhalinin təxminən 65 faizinin qeyri-rəsmi çalışdığını vurğulayır: “Belə vəziyyətdə minimum əməkhaqqı və büdcə işçilərinin maaşları vasitəsilə indeksləşdirmə sistemi qeyri-rəsmi sektorda gəlirlər üçün işlək mexanizm rolunu oynamır. İnkişaf etmiş ölkələrdə olduğu kimi hər 100 işçidən 95 nəfəri rəsmi maaşa imza atmış olsa idi, onların gəlirləri minimum əməkhaqqının indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qoruna bilərdi.

İşsizliyin yüksək, əmək bazarında işçinin deyil, işəgötürənin birtərəfli qaydada diktə edən tərəf olduğu şəraitdə nəinki qeyri-rəsmi işçilərin, özəl sektorun hətta rəsmi işçilərinin inflyasiya tempinə uyğun indeksasiya tələb etmək şansları çox məhduddur.

Qida inflyasiyası hazırda qlobal miqyasda problemə çevrilib. Dünya Ərzaq Təşkilatının hesabatına görə, 2021-ci ilin noyabrında qlobal ərzaq qiymət indeksinin səviyyəsi ötən ilin noyabrına nisbətən 27 faiz yüksəkdir. Azərbaycanda iqtisadiyyat yüksək səviyyədə inhisarlaşdığı, rəqabət olmadığı üçün əlavə daxili faktorlar qiymətləri daha da yüksəldir. Dövlət Statistika Komitəsi bu ilin oktyabr ayı üzrə istehlak bazarında qida qiymətlərinin 2020-nin eyni ayına nisbətən təxminən 14 faiz yüksəldiyi barədə məlumat yayıb. Həmin dövr üzrə yerli ərzaq emalçıları üzrə istehsalçı qiymət indeksinin 16 faiz artdığı qeyd edilir.

Gömrük statistikasında idxal mallarının qiymət indeksinin səviyyəsinin daha yüksək olduğu görünür. 2021-ci ilin sentyabrında idxal qiymət indeksi ötən ilin sentyabrına nəzərən hazır qida məhsulları üzrə 25 faiz, heyvan mənşəli yağlar üzrə təxminən 50 faiz yüksək olub.

Rəsmi statistika bu il ərzində əhalinin gəlirlərinin, o cümlədən maaşların 2-3 faiz artdığını qeyd edir. Bu o deməkdir ki, hətta rəsmi statistika ölkədə ev təsərrüfatlarının real gəlirlərində ciddi azalmanın olduğunu göstərir.

Təəssüf ki, Azərbaycanda bütün regionlar üzrə yoxsulluğu etibarlı və operativ ölçən statistika olmadığından cəmiyyətin real gəlirlərin belə kəskin azalmasının ölkədə yoxsulluğa təsiri barədə obyektiv informasiyası yoxdur. Belə bir reallıqda hökumətin tarifləri tənzimlənən xidmətləri kəskin şəkildə artırması ölkədə inflyasiyanı daha da sürətləndirir”.

Bənzər yazılar

Back to top button