Bizim seçimDünyaManşet

Gürcüstanda ayrıseçkilik: Məscidlər bağlanıb, kilsə isə dini ayinləri icra edir

Gürcüstan Pravoslav Kilsəsi (GPK) hökumətə məhəl qoymur. Fövqəladə vəziyyət və komendant saatına zıdd olaraq, aprelin 19-da Pasxa ibadətini ayinə tam uyğun olaraq keçirmək niyyətindədir.

Gürcüstanda karantin elan edildikdən sonra (31 mart səhər saat 08:00-dan qüvvəyə minib) ölkənin baş naziri Georgi Qaxariya patriarxlığa gedib və bütün Gürcüstanın katolikos-patriarxı II İliya ilə görüşüb ki, Məsihin dirilişinin izdihamlı qeyd edilməsindən çəkinməyə razı salsın. Lakin bir nəticə əldə olunmayıb.

Görüşdən sonra ölkədə karantin tətbiq olunduğunu elan edən baş nazir bildirib ki, bu gün vətəndaşların həyatı və sağlamlığı hökumətin, eyni zamanda kilsənin əsas qayğısıdır.

“Söhbət insanın həyatı və sağlamlığından gedirsə, biz həmişə kilsə ilə kompromis tapa bilərik”, – Qaxariya Pasxa ərəfəsində kilsə ibadətləri və mərasimləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bundan öncə, martın 20-də, GPK Sinod qərara alıb ki, müqəddəs birlik (Yevxaristiya) üçün ümumi qaşıqdan istifadədən infeksiya mənbəyi olaraq imtina tamamilə yolverilməzdir.

“Məhkəmənin qərarı ilə, birlik qaydaları dəyişməyəcək və birdəfəlik qabdan istifadə yalnız ayindən sonra içmək üçün istifadə olunacaq”, – GPK-dən bildiriblər.

Aprelin 13-də axşam Gürcüstan hakimiyyəti ölkədə pandemiyaya qarşı mübarizə üçün tətbiq olunmuş fövqəladə vəziyyətə faktiki olaraq məhəl qoymayan GPK ilə ümumi dil tapmağa növbəti dəfə cəhd göstərib (rituala müvəqqəti dəyişikliklərin edilməsi ilə bağlı kilsə rəhbərliyi ilə razılığa gəlmək üçün əvvəlki cəhdlər uğursuz olub). Lakin kilsəni razı salmaq mümkün olmayıb.

Kilsə ölkə boyunca izdihamlı ibadət keçirməyə davam edib (və davam edir), baxmayaraq ki, kilsəyə gələnlərə bir metr yarım və ya iki metr məsafəyə və Səhiyyə Nazirliyinin digər tövsiyələrinə riayət etməyi tövsiyə edib. Məbədlərdə eyni qabdan müqəddəs birliyin keçirilməsi davam edib.

Kilsə nəinki fövqəladə vəziyyət haqqında qanunun tələblərinə əməl etmək istəmir, həm də bildirir ki, xəstələrin sayının nisbətən az olması dindarların xidmətidir, onların durmadan etdikləri dualar Gürcüstanda epidemiyanı nəzarət olunan səviyyədə saxlayır.

Sonda Qaxariya Pasxa gecəsində məbədlərin açıq olması ilə razılaşıb. Həll yolu tapılıb: əgər dindarlar komendant saatı ərzində küçə və meydanlarda deyil, kilsədə olsalar, qanun pozulmayacaq.

Patriarxla görüşdən sonra baş nazir brifinq keçirib və elan edib ki, koronavirusun yayılmağa davam etməsinə baxmayaraq, bütün ölkədə kilsələr açıq olacaq. O ümidvar olduğunu bildirib ki, ictimaiyyət məsuliyyətlə hərəkət edəcək və kilsəyə getməyəcək, baxmayaraq ki, hökumət bunu etməməyə çağırmayacaq.

İşin mahiyyətinə görə, Qaxariya mümkün nəticələrə görə məsuliyyəti vətəndaşların üzərinə qoyub. Bununla yanaşı, o etiraf edib ki, hazırda Gürcüstan “daxili yayılma mərhələsinə (koronavirus COVİD-19- red.) tam daxil olub, nəticədə fövqəladə vəziyyət mayın 10-dək uzadılacaq.

“Biz kilsə və dövlət arasında minillik əməkdaşlıq təcrübəsinə malik pravoslav dövlətiyikmi?! – Qaxariya ritorik sual verib və özü cavab verib: Biz həm kilsə, həm də hökumət üçün ekzistensial olan mövzular haqda danışırıq… Kilsənin bağlı olmaması da ekzistensial problemdir ki, bu da anlaşılandır”.

Qeyd edək ki, kilsələrdə kütləvi şəkildə saxlanaraq “qanundan yan keçmək” ideyasını Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili də dəstəkləyib.

“Zənnimcə, məbədlərdə Pasxa liturgiyasının keçirilməsi haqqında qərar, eləcə də müqəddəs birlik ayininin saxlanması ölkəmizin və kilsənin düşdüyü vəziyyətdə ən mühüm qərardır. Və bu qərar birbaşa Məsihə iman və birlik ayini ilə bağlıdır. Fövqəladə vəziyyətə gəlincə, möminlərin müəyyən edilmiş qaydalara riayət edərək axşam saat doqquzdan səhər saat altıya qədər məbədlərdə qalması tamamilə mümkündür. Axı, məbəd Allahın evidir. Deməli, itaətlə Rəbbinə yaxınlaşan bütün insanların evidir”, – Kvirikaşvili Facebook səhifəsində yazıb.

Bununla yanaşı, keçmiş baş naziri, eləcə də indikini qanunun nəinki küçəyə çıxmağı, həm də üçdən artıq insanın toplaşmasını qadağan etməsi narahat etmir. Ən başlıcası isə onlar nədənsə nəzərdən qaçırırlar ki, Gürcüstan dinin hakimiyyətdən ayrı olduğu dünyəvi dövlətdir və dini normalar ilə yox, vətəndaş normaları ilə tənzimlənir ki, dövlət orqanlarının qərarlarının dini əsası ola bilməz.

Daha bir məqam – hökumətin mövqeyi və onun rəhbərinin bəyanatları açıq-aydın ayrı-seçkilik xarakteri daşıyır. Bütün ölkədə məscidlərin bağlanması, pravoslav kilsələrdə isə girişin sərbəst qalması qanun qarşısında hamının bərabər olması barədə hökumətin bəyanatlarına ziddir.

Ən başlıcası isə məntiqdən kənara çıxan bu hərəkətlər nəticədə Gürcüstan əhalisi üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Qanunun icrasının təmin edilməsi ilə məşğul olan və hər hansı imtiyazlı kastanın qanunu pozmasına (xüsusən də vətəndaşların həyatından söhbət getdikdə) imkan verməməli olan dövlət belə vəziyyətdə kilsənin bu cür bəyanatlarına maksimum sərt reaksiya verməlidir.

Təsadüfi deyil ki, Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib ki, əgər bu gün sosial məsafəni zəiflətsək və fövqəladə normalara əməl etməsək, aprelin sonlarında və mayın ilk ongünlüyündə Gürcüstanda bir neçə min COVİD-19 hadisəsi olacaq.

“Bu, yolverilməzdir. Biz odla oynayırıq! Açıq deyəcəyəm: növbəti 2-3 həftə çox ağır olacaq. Hesablayın, 20-30%-in intensiv terapiya və reanimasiya tədbirlərinə ehtiyacı olacaq ki, bu da səhiyyə sistemi üçün olduqca ağır bir yük olacaq. Təəssüf ki, itkilərimiz olacaq. Ona görə də biz bütün bunlara çox ciddi yanaşmalıyıq. Mən Gürcüstan xalqından xahiş edirəm ki, dövlətin müəyyən etdiyi bütün qaydalara əməl etsin”, – o deyib.

Yeri gəlmişkən, Gürcüstana qonşu Ermənistanda koronavirusun yayılma təhlükəsi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə dindarlar kilsəyə daxil ola bilməyiblər və Pasxa liturgiyasına Facebook-da Eçmiədzinin rəsmi səhifəsində, İctimai Televiziyada və bir sıra digər telekanallarda canlı efirdə baxıblar. Pasxa da eyni şəkildə keçiriləcək. Digər pravoslav ölkələrində də eyni mənzərədir.

Gürcüstan hökumətinin son dərəcə yumşaq mövqeyi nə ilə izah olunur? İdarəçiliyi dövründə reytinqi xeyli aşağı düşmüş hakim Gürcü Arzusu Partiyası çox güman ki, parlament seçkiləri ərəfəsində ölkədəki ən nüfuzlu qurum olan kilsə ilə münasibətlərin gərginləşməsinə rəvac vermək istəmir. Onun üçün siyasi qiymət daha yüksəkdir, nəinki yüzlərlə, hətta minlərlə vətəndaşın həyatı. (Turan)

Bənzər yazılar

Back to top button