ManşetSiyasət

Blinken, Lavrov və Le Drian Azərbaycanı və Ermənistanı dialoqu davam etdirməyə çağırıblar

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Entoni Blinken, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ermənistan və Azərbaycan arasında Minsk Qrupu həmsədrlərinin himayəsi altında birbaşa dialoqun bərpasına dəstək ifadə edirlər.

Onların birgə bəyanatında deyilir ki, həmsədr ölkələr regionda dayanıqlı sülhü təşviq etmək üçün tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərində başlayan dialoqu, həmçinin dövlət rəhbərləri səviyyəsində əlaqələri davam etdirməyə çağırırlar.

Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı təhrikedici ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Azərbaycan Respublikası prezidenti, Ermənistan Respublikası baş naziri və Rusiya Federasiyası prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatında götürülmüş, 26 noyabr 2021-ci il tarixli bəyanatında təsdiq edilmiş öhdəlikləri və atəşkəs haqqında əldə edilmiş digər razılıqları tam yerinə yetirməyə çağırırlar.

Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı humanitar məsələlərdə, xüsusən saxlanılan şəxslər, minatəmizləmə, itkin düşmüş şəxslər, köçkünlərin könüllü şəkildə qaytarılması və tarixi abidələrin və mədəniyyət obyektlərinin müdafiəsi məsələsində konkret irəliləyiş əldə etmək üçün vasitəçilərin himayəsi altında qarşılıqlı əlaqələri davam etdirməyə çağırırlar.

Üç nazir eyni zamanda “sərhədlərin delimitasiyası və demarkasiyası və iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası kimi nizamlanmamış digər məsələlərin həlli üzərində konstruktiv işləmək” zərurətini qeyd edirlər.

Həmsədr ölkələr həmçinin demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş verən insidentləri narahatlıqla qeyd edirlər və sərhəd mübahisələrinin həlli üçün gücdən və ya güc təhdidindən istifadənin yolverilməz olduğunu təsdiq edirlər. Həmsədr ölkələr eyni zamanda Ermənistana və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərinə riayət etmək öhdəliklərini xatırladırlar və tərəfləri israrla beynəlxalq humanitar təşkilatların münaqişədən ziyan çəkən rayonlara və əhaliyə çıxışına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırmağa çağırırlar.

Həmsədr ölkələr tərəfləri yuxarıda bəhs edilən görüşlərdə müzakirə olunan humanitar təşəbbüslərin həyata keçirilməsində hiss olunan irəliləyişə nail olmaq və gələcək qarşılıqlı fəaliyyətlər üçün gündəliklə bağlı razılıq əldə etmək məqsədi ilə ATƏT MQ həmsədrlərini ən qısa zamanda regionda qəbul etməyə, onlara vəziyyəti yerlərdə ilk əldən qiymətləndirmək imkanı verməyə çağırırlar. Həmsədr ölkələr həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən işinə qətiyyətli dəstək ifadə edir və tərəfləri onun səyləri ətrafında əməkdaşlıq etməyə çağırırlar.

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr Cənubi Qafqaz regionunun təhlükəsiz, sabit, firəvan və dinc gələcəyinə kömək etmək məqsədilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin hərtərəfli həllinin axtarışı üçün tərəflərlə işə sadiq olduqlarını təsdiq edirlər. (Turan)

Bənzər yazılar

Back to top button