İqtisadiyyat

Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var – Foto

Azərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələrindən birinin – “Araz” supermarketlərinin bağlı olduğu “Araz Supermarket” MMC-nin (VÖEN – 1001994141) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Araz Supermarket” MMC-nin 5 dekabr 2023-cü il tarixinə olan vergi borcu 4 milyon 102 min 613 manat 19 qəpik olub.

Onu da bildirək ki, təxminən bir ay əvvəl “Araz Supermarket” MMC-nin vergi borcu 3,8 milyon manat olub. Son bir ay ərzində MMC-nin vergi borcu 400 min manata yaxın artıb.

Məlumat üçün bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 milyon 55 min 20 manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.
Qeyd edək ki, “Araz” supermarketləri OBA və SPAR marketəri ilə birlikdə “Veysəloğlu” MMC-yə məxsusdur. Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.

Onu da bildirək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında bənzər adda daha 2 şirkət – “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC və “Veysəloğlu Grup” MMC-də qeydə alınıb.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan “Veysəloğlu-Yaycılı Qardaşlae” MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğludur.

2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.

Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.

Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.

Bənzər yazılar

Back to top button