Cəmiyyət

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət necədir?

Dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət birmənalı deyil. Yerli hökümət nümayəndələri ölkədə bu sahədə heç bir problem olmadığını bəyan etsələr də, beynəlxalq təşkilatlar hər il Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını deyir.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət necədir? Ölkə ilə bağlı hesabatlarda niyə bu sahədə vəziyyətin pis olduğu göstərilir?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Elman Nəsirov Turan-a bildirib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. “Müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev bu yolu seçib. Bu yolda xeyli işlər görülüb. Ölkədə ölüm hökmü ləğv edilib. Halbuki, ABŞ-ın bir şox ştatlarında hələ də ölüm hökmü var. Ulu öndər Heydər Əliyevin dövründə senzura ləğv olunub. Bu isə azad mətbuat deməkdir. İstənilən fikri ifadə etmək üçün münbit şərait yaranıb. Azərbaycan prezidenti cənab İlham Əliyev də demokratik inkişaf yoluna sadiqdir”.

Deputatın sözlərinə görə, Azərbaycanda söz və ifadə azadlığı, sərbəst toplaşma azadlığı təmin edilir. “Bəzən bizim siyasi opponentlərimiz sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələni çox qabardırlar. Bunun kökündə o dayanır ki, sosial bazası olmayan siyasi qruplaşmalar həmişə günahı kimdəsə axtarırlar. Azərbaycan dövlətinin mövqeyi belədir ki, şəhərin mərkəzində, insanların istirahət etdiyi yerdə onlara mane olmaq olmaz, təhlükəsizliklərinə təhdid yaratmaq olmaz. Qarşıdurmada uşaqlar ayaq altında qala bilər. Budurmu demokratiya? Dövlət bu məqsədlər üçün Qaradağ rayonunda xüsusi yer ayırıb və şəhərin mərkəzindən ora rahat çatmaq olar. Amma onlar imtina edirlər, çünki şəhərin kənarında mitinq keçirmək üçün əhalini toplaya bilmirlər”.

O qeyd edib ki, ölkədə azad internet fəaliyyət göstərir. “Hər bir insan sosial şəbəkələrdən istədiyi kimi istifadə edir və hətta bir çox hallarda sosial şəbəkələr xaos məkanına çevrilib. İstədiyin adamı təhqir etmək, nüfuzuna xələl gətirmək olar. Bu da onu göstərir ki, Azərbaycanda sosial şəbəkələr həddindən artıq azaddır”.

Komitə üzvünün fikrincə, bir çox hallarda insan hüquqlarının keşiyində dayanmalı olan təşkilatlar, xüsusilə də Avropa Şurası öz missiyalarını yerinə yetirə bilməyib. “İndiyə qədər siz görmüsünüzmü ki, bir milyondan artıq məcburi köçkünlərin yaranmasına səbəbkar olan, torpaqlarımızı işğal edən, etnik təmizləmə siyasətini həyata keçirən Ermənistana qarşı insan hüquqları təşkilatlarından bir qınaq olsun? Yox. Çünki onlar demokratiyadan bir pərdə kimi öz məqsədləri üçün istifadə edirlər”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə Turan-a bildirib ki, Azərbaycanda müstəqillik əldə edildikdən sonra zaman-zaman siyasi fəaliyyətlə bağlı müəyyən məhdudiyyətlər olub. “Həm qanunvericilikdə, həm də praktiki fəaliyyətdə. Bunun müxtəlif səbəbləri var. Azərbaycanda totalitar cəmiyətdən demokratiyaya keçid olması, avtoritar düşüncənin mövcud olması, demokratik idarəçilik prinsiplərinin olmaması, qanunvericilik bazasının təkmilləşməməsi problemlərin yaranmasına gətirib çıxartdı, uzun illərdir bu proses davam edir və biz bu istiqamətdə ciddi irəliləyiş əldə etmədik”.

Ekspert deyir ki, Azərbaycanda fundamental azadlıqlar təmin edilmir. “Siyasi azadlıqlar təmin edilmir, mülkiyyət, ədalətli mühakimə hüququ pozulur. Bütün bu proseslər davam edir və həll edilmir”.

Onun fikrincə, bunları aradan qaldırmaq üçün siyasi iradə lazımdır. “Siyasi iradə ortaya qoyulsa və hakimiyyət qərar versə ki, bütün proses, idarəçilik artıq demokratik prinsiplər əsasında qurulacaq, vətəndaş cəmiyyətinin iştirakçılığı təmin olunacaq, müstəqil siyasi partiyaların fəaliyətinə şərait yaradılacaq, onda biz bu istiqamətdə ciddi irəliləyiş görəcəyik”.

Bənzər yazılar

Back to top button