Siyasət

Media hüququ üzrə ekspert: Yeni qanun layihəsi üzrə proses fərqli məcrada cərəyan edir

Media hüququ üzrə ekspert Xalid Ağalıyev açıqlama yayıb. O qeyd edir ki, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətini “Media haqqında” qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasının ölçülərinə uyğun olmasını təmin etmək üçün əməkdaşlığa çağırıb: “Avropa Şurası məkanı ölkələrinın ortaq öhdəliyi belə qanun layihələrini Avropa Şurası ilə əməkdaşlıq, Avropa İnsan Hüquqları Konvensiyasının təcrübəsinə uyğun hazırlayıb qəbul etməsini nəzərdə tutur. 2005-ci ildə “İnformasiya əldə edilməsi haqqında” qanun layihəsi bu qayda əsasında hazırlanaraq qəbul edilib.

Təəssüflər olsun ki, “Media haqqında” qanun layihəsi üzrə proses fərqli məcrada cərəyan edir. Parlamentə təqdim edilmiş qanun layihəsinin ilkin analizi zamanı sənədin Avropa İnsan Hüquqları Konvensiyasının formalaşdırdığı təcrübə ilə uyuşmadığı nəzərə çarpır. İstər jurnalistlərin statusu, istərsə də internet mediasına tətbiq edilməsi nəzərdə tutulan tənzimləmələr ölçülərdən çox uzaq görünür.

Azərbaycanda çap, teleradio mediasının hökumətin təsiri altında olması bəllidir. İnternet mediası yeganə müstəqil, azad, hökumətin sevmədiyi, bəyənmədiyi məzmunun yayıldığı başlıca platformadır. Qanun layihəsindən ən gözə batan məqam internet mediasını da mümkün olduğu qədər nəzarət altına almaq niyyətidir. Media hüquqşünasları olaraq layihəni incələyib daha detallı şərh verəcəyik”.

Rəsmi məlumatlarda prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında “Media haqqında” qanun layihəsinin hazırlandığı və Milli Məclisə təqdim olunduğu bildirilsə də, həmin sənəd hələ dərc olunmayıb.

Bənzər yazılar

Back to top button