Siyasət

Hikmət Hacıyev: “Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı”

Təəssüflər olsun ki, Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta dünyanın strateji kommunikasiyanın nə olduğunu belə bilmədiyi dövrdə ölkəmizə qarşı strateji kommunikasiyanın, dezinformasiyanın, yalan xəbərlərin yayıldığını gördük. Müstəqilliyinin bərpasının 30-cu ilini qeyd edən Azərbaycan ötən dövr ərzində informasiya savaşı, hibrid savaşlar, psixoloji savaşlarla üzləşib. Xüsusilə Qarabağ müharibəsi – Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti məhz bu əsaslarla, psixoloji savaşla, hibrid savaşlarla müşayiət olunub. Dünyanın dezinformasiyanı hələ tam qavramadığı dövrdə Azərbaycan bu cür savaşlarla üz-üzə qalıb. Lakin 1990-cı illərin əvvəllərində Azərbaycan bu savaşa hazır deyildi. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Bu işğalın terror, təcavüzkar separatizm, ayrı-seçkiliklə müşahidə olunduğuna baxmayaraq dünya Azərbaycanı qınayırdı. Ermənistanın silahlı qüvvələri tərəfindən bizim insanlarımız öldürüldüyü halda azərbaycanlıların erməniləri öldürdüyü barədə yalan informasiyalar irəli sürülürdü. Nəticə etibarilə dünyada “erməni soyqırımı” adı altında təbliğat aparılırdı. Bütün bunlara baxmayaraq Azərbaycan öz haqlı savaşını apararaq dünyaya həqiqəti çatdırmağa çalışırdı.

AzToday.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 11-də İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya – “Stratcom 21” Sammitinin açılış mərasimindəki çıxışında ifadə edib.

Hikmət Hacıyev deyib: “Erməni lobbisinin dünya üzrə bizə qarşı apardığı bu siyasətə cavab olaraq yalnız strateji səviyyədə hərbi, diplomatik və informasiya siyasətimizi bir araya gətirərək, koordinasiya olunmuş şəkildə siyasət həyata keçirərək bunun qarşısını ala bilərdik. Bu proseslər dünyanın susduğu, baş verənləri görmək, duymaq istəmədiyi anda oldu. Bu problemlərin fonunda biz uzunmüddətli bir yola çıxdıq. Otuz illik işğal dövründə strateji kommunikasiya və strateji rabitə formalaşdıraraq bunu həyata keçirməyə başladıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin vahid bir mesajla dünyaya çatdırılması idi. Çətinliklərə baxmayaraq, düşünürəm ki, həqiqəti dünyaya çatdırmağa nail olduq. Bu, xüsusilə Azərbaycanın Vətən müharibəsində bir daha özünü doğrultdu”.

Vətən müharibəsi haqqında danışan Hikmət Hacıyev bildirib ki, bu savaş dövründə strateji kommunikasiyanın düzgün qurulması Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri idi.

Prezidentin köməkçisi qeyd edib ki, ermənilərin ölkəmizə qarşı yenidən başlatdığı savaşa baxmayaraq dünyanın aparıcı media orqanlarının çoxunun qapıları Azərbaycan üçün qapalı qalmaqda davam edirdi: “Burada Azərbaycan Prezidenti dünya mediası ilə birbaşa təmas quraraq ölkəmizin apardığı strateji kommunikasiyada ön sırada oldu. 44 gün davam edən Vətən müharibəsi dövründə dövlətimizin başçısı dünyanın 30-dan çox aparıcı televiziyalarına və informasiya agentliklərinə saatlarla davam edən müsahibələr verdi. Məhz bunun sayəsində Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qələbə qazandı. Bu yolda bizə dəstək verən hər bir kəsə minnətdarlığımızı bildiririk.

Bənzər yazılar

Back to top button