Cəmiyyət

İsveçrə Cənubi Qafqaz üçün üçillik əməkdaşlıq proqramını elan edir

İsveçrə hökuməti 2022-2025-ci illərdə Cənubi Qafqaz üçün beynəlxalq əməkdaşlıq proqramını həyata keçirmək niyyətindədir. Bu barədə bazar ertəsi bu ölkənin Bakıdakı səfirliyində elan edilib.

İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre qeyd edib ki, Azərbaycanda dəstək proqramı hələ 1999-cu ildən həyata keçirilir. Əgər əvvəlcə o, humanitar sahəni, xüsusilə məcburi köçkünlərə dəstəyi əhatə edirdisə, daha sonra bu sahə genişləndirilib və kənd icmalarında infrastruktur layihələri, aqrar təsərrüfatların dəstəklənməsini, dövlət strukturlarına texniki yardımları əhatə edib.

Proqram çərçivəsində 20 ildən artıq müddətdə 110 milyon dollar dəyərində 90 layihəyə investisiya qoyulub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında 109 kəhriz bərpa olunub ki, bu da 4 milyon franka başa gəlib.

Son nailiyyətlər aqrar sahədə kiçik biznesin maliyyə vasitələrinə çıxışının və daşınar əmlakın reyestrinin yaxşılaşdırılması üçün özəl kredit bürosunun yaradılması olub.

Bundan əlavə, makroiqtisadi proqnozlaşdırmada hökumətin bacarıqlarının artırılmasına yardım göstərilib.

Qadınların iqtisadi imkanlarının gücləndirilməsi üçün üç Qadın Resurs Mərkəzi (Bakı, Sabirabad və Qusar) yaradılıb. Sonuncu layihə çərçivəsində 190 qadın iş ala və ya öz biznesini aça bilib. mişlər.

Pandemiya şəraitində məişət zorakılığına qarşı mübarizə sahəsində layihələrin həyata keçirilməsi üçün iki qeyri-hökumət təşkilatına yardım göstərilib.

2022-2025-ci illər üçün yeni proqrama gəlincə, bu proqram 4 istiqaməti əhatə edəcək, səfirin müavini, əməkdaşlıq təşkilatının rəhbəri Alberto Ernandes bildirib:

– Vətəndaş cəmiyyətinin fəaliyyəti;

– Demokratiya və ictimai institutların möhkəmləndirilməsi;

– İqtisadi inkişafın yaxşılaşdırılması və iş yerlərinin açılması;

– İqlim dəyişikliyinə hazırlıq və idarəetmənin davamlılığı;

Bütün istiqamətlər üzrə gender bərabərliyi və yaxşı idarəetmə məsələləri prioritet olacaq. Bundan əlavə, mədəniyyət sahəsində böyük regional layihə çərçivəsində Azərbaycana incəsənət sahəsində dəstək veriləcək.

Üç Cənubi Qafqaz ölkəsində 30 layihə həyata keçiriləcək, onlardan üçü regional xarakter daşıyacaq.

Proqramın ümumi büdcəsi 80 milyon İsveçrə frankı təşkil edəcək. Azərbaycanda layihələrə 10 milyon frank ayrılıb.

Regional layihələrin ümumi həcmi 50 milyon frank təşkil edəcək, Ernandes bildirib.

Azad edilmiş ərazilərin bərpasında İsveçrə şirkətlərinin iştirakının mümkünlüyü barədə sualı cavablandıran səfir deyib ki, biznes strukturları bu məsələdə müstəqil qərar qəbul edirlər.

Humanitar yardıma gəlincə, İsveçrə hökuməti minalardan təmizləmə işlərinə 1,5 milyon frank ayırıb.

O həmçinin təhsil proqramlarının davam etdiyini bildirib. Bu, Azərbaycanın ali məktəblərinin məzunlarına İsveçrə universitetlərində tədqiqatlar aparmağa imkan verir. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button