Hadisə

“Şərurlu İsfəndiyar”la bağlı yeni qalmaqal: İş adamı ittihamla üz-üzə…

Hündürmərtəbəli binaların tikintisiylə məşğul olan, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun şirkəti ətrafı zibilləməkdə ittiham olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şirkətə qarşı cərimə cəzası tətbiqi üçün protokol hazırlayaraq, məhkəməyə göndərib.
Bu barədə Bizimyol.info-ya məlumat verən mənbənin sözlərinə görə, “Şərur” Mənzil Tikinti Kooperativi (MTK) haqqında İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati xəta protokolu tərtib olunub.

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri iddia edir ki, “Şərur” MTK-nın paytaxtın Xətai rayonu, Lütfi-zadə (keçmiş Telnov) küçəsində tikdiyi yaşayış binaların ətrafında antisanitariya vəziyyəti hökm sürüb. Toplanmış məişət tullantıları binanın arxa tərəfində qalaqlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində fiziki şəxslər üçün 500 manatdan 800 manata qədər, hüquqi şəxslər üçünsə 6500 manatdan 8000 manata qədər cərimə nəzərdə tutulub.

“Şərur” MTK ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi arasında mübahisəyə Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmə belə nəticəyə gəlib ki, bu işdə inzibati xəta hadisəsi yoxdur. İş üzrə icraata xitam verilib. Hakim bildirib ki, sözügedən ərazidə antisanitariya vəziyyətinin məhz bu şirkət tərəfindən yaradılması, həmçinin oradakı hündürmərtəbəli binanın “Şərur” MTK-nın balansında olub-olmadığı məlum deyil. Bunun əlaqədar konkret sübutlar yoxdur.

Xətai rayon Məhkəməsinin qərarı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini qane etməyib. Bu qurumun rəisi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğvini, inzibati xətaya dair protokolun qüvvədə saxlanmasını xahiş edib.

Bu mübahisəyə Bakı Apellyasiya Məhkəməsində də baxılıb. Bu məhkəmədə “Şərur” MTK-nın nümayəndəsi inzibati xəta protokolunun əsassız olduğunu vurğulayaraq, əvvəlki məhkəmə qərarının qüvvədə saxlanmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını istəyib.

Bakı Apellyasiya Məhkəməsi isə qərarı ləğv edib. İşi təkrar baxılması Xətai rayon Məhkəməsinə qaytarıb. Apellyasiya Məhkəməsinin hakimi göstərib ki, bu iş hərtərəfli araşdırılmalı, tikinti şirkətinin nümayəndəsi məhkəməyə çağırılıb, zibil qalaqlanmış binanın “Şərur” MTK-ya aid olub-olmadığı müəyyənləşdirilməli, bununla bağlı konkret sənədlər tələb edilməlidir.

“Şərurlu İsfəndiyar”ın adı bir neçə başqa məhkəmə qalmaqallarında da hallanır. O, hazırda təkcə elə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iki işdə tərəfdir. Bunlardan biri “Zaminbank”ın rəhbəri Nadir İsmayılov, digəri isə sentyabrda həbsdə vəfat edən sabiq deputat Rəfael Cəbrayılovun işidir. Hər iki işdə İsfəndiyar Axundov təqsirləndirilən şəxslərə pul verdiyini, lakin onlar tərəfindən aldadıldığını iddia edir.

Bənzər yazılar

Back to top button