Hadisə

“Yerdə yarımçıq yanan bir neçə kibrit çöpləri olub” – “Nərmin cinayəti”

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzToday.az “Report”a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Tovuz rayon Dondar Quşçu kənd sakinləri Vəliyev Tofiq Qara oğlu, Süleymanov Rüstəm Əli oğlu və Əliyev Gündüz Saleh oğlu ifadə veriblər.

T. Vəliyev bildirib ki, meyit tapılan zaman yerdə yarımçıq yanan bir neçə kibrit çöpləri olub.

Vəkillər isə bildirib ki, istintaq materiallarında meytin yanında sadəcə 1 kibritin aşkarlandığı qeyd olunub.

Daha sonra R.Süleymanov və G.Əliyev şahid qismində ifadə veriblər.

Onlar deyiblər ki, N.Quliyevanın yaşadığı evin həyətinin yol tərəfdə olan hissəsində kəsilmiş saç görüblər. Bu zaman qızın atası bildirib ki, toydan bir müddət öncə Nərminin saçını kəsdirib ora tullayıblar.

Vəkillər isə bildirib ki, bu haqda da istintaq materiallarında qeyd yoxdur.

Növbəti məhkəmə iclası aprelin 19-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Bənzər yazılar

Back to top button