AnalitikaDünyaManşet

Olimpiada yenə siyasətə qarışdı (ŞƏRH)

2022-ci il Qış Olimpiya Oyunları fevralın 4-20-də Çinin paytaxtı Pekində, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək. Vaşinqton budəfəki qış olimpiya oyunlarını boykot etdi. Amerikalı idmançılar olimpiadada iştirak edəcəklər, ancaq rəsmi səviyyədə bu ölkədən Pekindəki tədbirlərdə iştirak edən olmayacaq.

Vaşinqton boykotu Çin hakimiyyətinin və bu ölkənin güc strukturlarının uyğurlara qarşı zorakılığı ilə əlaqələndirib. Pekin buna cavab olaraq dərhal açıqlama verib ki, amerikalı rəsmiləri onsuz da olimpiadaya dəvət etməyiblər. Olimpiadanın açılışında Çinin əsas dostu Rusiyanın prezidenti Vladimir Putin iştirak edəcək. Rusiya üçün insan haqları və uyğur adlı problem yoxdur, Kremlin bu haqda məlumatları olsa da, pozuntuları görməzlikdən gəlir. Çin lideri Tsi Tsinpinin iki ildir xarici səfərdə olmayıb. Onun tərəfdaşı Vladimir Putin isə cəmi iki səfərdə – Jenevrədə və Dehlidə olub. Bu iki lider üçün beynəlxalq aləmin onlar haqqında nə düşündüyü önəmli deyil.
Çində son dəfə olimpiada 2008-c ildə keçirilmişdi. ABŞ-ın o zamankı prezidenti Corc Buş Pekində keçirilən yay olimpiadasının açılışında iştirak etmişdi. Dünyada geosiyasi vəziyyət o dərəcədə dəyişib ki, Amerikanın indiki prezidenti olimpiadanı boykot etmək qərarı verib. Digər tərəfdən 2008-ci ildə də uyğurlar incidilirdi, ancaq sonrakı illərdə zorakılıq daha da artıb, məcburi əmək düşərgələri yaradılıb. Bu beynəlxalq aləmi narahat etməyə bilməz. Hazırda ABŞ-Çin münasibətləri keçmişdə mövcud olan ABŞ-SSRİ münasibətlərini xatırladır. İki dövlət arasında faktiki “soyuq müharibədir”.

Vaşinqton qış olimpiadasını boykot qərarında tərəfdaşlarının sayını artırmağa çalışır. ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin müttəfiqlərini Çindəki olimpiadanı rəsmi səviyyədə boykota dəvət edib. Bu dəvəti ilk eşidən dövlət Böyük Britaniya olub. Daha sonra boykota Avstraliya qoşulub. Avstraliyanın baş naziri Skott Morrison qərarın Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki insan haqları pozuntuları və Avstraliyanın davamlı olaraq gündəmə gətirdiyi bir çox başqa mövzular səbəbiylə verildiyini bildirib. O, son illərdə Çinlə münasibətlərin pisləşdiyini və bu səbəbdən Avstraliyanın boykota qatılmasının təəccüblü olmadığını bildirib: “Mən bunu edirəm, çünki bu, Avstraliyanın milli maraqlarına uyğundur. Biz doğru yoldayıq”. Avstraliyanın ikitərəfli danışıqlara açıq olduğunu ifadə edən Morrison Çini münasibətləri yaxşılaşdırmaq imkanlarını rədd etməkdə günahlandırıb.

Kanada da eyni qərar verməyə hazırlaşır. Bu barədə Kanadanın baş naziri Castin Trüdo bəyan edib. Amerika kimi Kanada da qərarını Çində insan hüquqlarının pozulması ilə bağlı narahatlığına cavab olaraq qəbul edib. Sırada Yaponiyadır. Bu ölkənin baş naziri Fumio Kişida bildirib ki, Yaponiya 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının diplomatik boykot edilməsi ilə bağlı qərar verərkən öz milli maraqlarından çıxış edəcək. Yaponiya üçün qərar vermək çətindir. Əlbəttə, Yaponiya ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biridir və Tokionu Çinin xarici və təhlükəsizlik siyasəti ciddi narahat edir. Ancaq olimpiadanı boykot etmək ciddi qərardır və bu qərar iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik yarada bilər. Bu səbəblə Yaponiyanın baş naziri gələcək qərarın ölkəsinin milli maraqlarıyla uzlaşmasına çalışır. Yaponoyada radikal mövqedən çıxış edənlər də var. Misal üçün Yaponiyanın tanınmış elm xadimlərindən biri Masato Uşio nəşrlərin birində “Yaponiya mütləq Çin olimpiadasının diplomatik boykotunda iştirak etməlidir” deyə hökumətə çağırış edib.

Avropa İttifaqı da Amerika kimi uyğur mövzusunda həssasdır. Ancaq Brüsselin Çinlə sıx iqtisadi əlaqələri mövcuddur. Bu səbəbdən Brüssel qərar verməkdə çətinlik çəkir. Avropa İttifaqının ümumi qərarı belədir ki, Çindəki olimpiadanın boykot edib-etməmək qərarını ittifaqa üzv olan dövlətlər özləri müəyyənləşdirməlidirlər. Halbuki, Avropa Parlamenti Pekin Olimpiadasını boykot etməyə çağırıb. Avropa Parlamentinin sədr müavini, Almaniya Azad Demokrat Partiyasının sədr müavini Nikola Ber Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykota çağırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button