ManşetSiyasət

“Media haqqında” qanun layihəsi qapalı rejimdə müstəqil KİV-lərin iştirakı ilə müzakirə edilmədən hazırlanıb

“Toplum TV”nin efirində “Media haqqında” qanun layihəsinin videokonfrans şəklində ictimai müzakirəsi keçirilib. Tədbirdə tanınmış KİV redaktorları, jurnalistlər, blogerlər, hüquqşünaslar və başqaları iştirak ediblər. Əsasən hüquqşünaslar İsgəndər Məmmədli (müzakirələrin moderatoru) və Xalid Ağəliyev, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu, jurnalistlər Şahvələd Çobanoğlu, Rauf Mirqədirov, Emin Hüseynov, Müsavat Partiyası Divanının üzvü AlyaYaqublu, siyasi psixoloq Samirə Qasımlı, bloger Mehman Hüseynov, teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli və başqaları çıxış ediblər.

Qanun layihəsi bir neçə gün öncə, dekabrın 10-da parlamentdə açıqlanıb, KİV və QHT-lərin 70-ə yaxın nümayəndəsinin iştirakı ilə müzakirəsi keçirilib.

Videokonfrans iştirakçılarının fikrincə, qanun layihəsi təkcə konseptual bazadan məhrum olunmayıb, həm də ölkə Konstitusiyasının 50-ci maddəsinə (informasiya azadlığı) və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə (ifadə azadlığı) ziddir. Forum iştirakçıları əmindirlər ki, qanun layihəsində məqsəd senzuranı bərpa etmək və leqallaşdırmaqdır. Qanun layihəsinin jurnalist statusunun müəyyənləşdirilməsini, jurnalistlərin reyestrinin yaradılmasını və vahid jurnalist vəsiqəsinin tətbiqini, jurnalistlərin testdən keçməsini nəzərdə tutması bundan xəbər verir.

Bütün bunlar dövlət orqanlarının öz səlahiyyətlərini aşması və jurnalist fəaliyyətinə müdaxiləsi, ona nəzarətin tətbiqindən başqa bir şey deyil. Həmçinin jurnalistlərin xaricdə yaşamaq hüququnun məhdudlaşdırılması də nəzərdə tutulur ki, bu da düzgün deyil, həm də qanunsuzdur. Hər şey KİV-in və jurnalistlərin sayının azaldılmasına yönəlib. Bundan əlavə, bir çox maddələr qeyri-müəyyəndir və müxtəlif şərhlərə imkan yaradır ki, bu da gələcəkdə ittihamlar və məhkəmə təqiblərinə əlverişli zəmin yaradır. Aydındır ki, onun əsasında inzibati və cinayət qanunlarına müvafiq dəyişikliklər ediləcək.

Qanun layihəsinin 21-ci maddəsində deyilir ki, kiminsə barəsində videofayllar və fotoşəkillər hətta söhbət şəxsi həyata dair məlumatların açıqlanmasından getməsə belə, yalnız onun yazılı icazəsilə yayıla bilər. Bu isə jurnalistikanın inkişafına xidmət etmir. Axı söhbət seçkilərdə pozuntulardan, korrupsiyadan və s.-dən gedir.

Bundan əlavə, qanun layihəsi informasiya mənbələri ilə işi demək olar ki, qeyri-mümkün edir və bəzi mövzulara isə qadağa tətbiq edilir.

Həm blogerlərin, həm də bu gün informasiya mənbəyi olan bütün vətəndaşların sıxışdırılması, cəmiyyəti susdurmaq istəyi də göz qabağındadır.

Hakimiyyətin İnternet-televiziya və sosial şəbəkələri nəzarətə götürmək istəyi də narahatlığa səbəb olur. Yeni qanun məhz bunu nəzərdə tutur. Bu, “üstüörtülü” şəkildə edilib – “platforma” (İnterneti belə adlandırırlar) və “platforma operatoru” (İnternet-TV və sosial şəbəkələr) terminləri tətbiq olunur. Bundan əlavə, qanun layihəsində deyilir ki, platformanın operatoru lisenziya almalıdır. İnterneti nəzarətə götürmək istəyi aydındır və heç də təəccüblü deyil.

Samirə Qasımlının sözlərinə görə, aparılan sorğu göstərib ki, respondentlərin 81,5%-i ölkədə və onun hüdudlarından kənarda baş verən siyasi vəziyyətdən xəbərdardır. Bununla yanaşı, respondentlərin 46%-i informasiyanı sosial şəbəkələrdən, 29% isə ənənəvi telekanallardan alır. Hakimiyyətin alternativ telekanallara və sosial şəbəkələrə nəzarəti ələ keçirmək istəyi də buradan irəli gəlir.

Digər məsələlərlə yanaşı, bu qanun layihəsi həm də eklektikdir. O, müxtəlif qanunlardan fraqmentlərin toplusundan ibarətdir. Bu səbəbdən də mətndə olan eyni anlayışlar müxtəlif terminlərə malikdir, təkrarlamalar, bir-birini istisna edən bəndlər var. Bundan əlavə, pis redaktə edilib.

Müzakirə iştirakçıları belə qənaətə gəliblər ki, Milli Məclis qanun layihəsinin müzakirəsini dayandırmalıdır. “Media haqqında” qanuna alternativ layihə hazırlanmalıdır. Lakin alternativ layihənin qəbul olunacağına ciddi şübhələr var. Bununla belə, jurnalistlər və ictimaiyyət boş oturmaq fikrində deyil və uğursuzluq halında Avropa İnsan Hüquqları Məhkəməsinə iddia ərizələrilə müraciət etmək niyyətindədir.

***

“Media haqqında” qanun layihəsinin hakimiyyətin təbliğat maşınının tam fiaskosu fonunda ortaya çıxması proqnozlaşdırılan olsa da, bu, cəmiyyət üçün tamamilə gözlənilməz oldu.

Yeri gəlmişkən, Medianın İnkişafı Agentliyi və Milli Məclis qanunu pozaraq qanun layihəsini öz veb-səhifələrində dərc etməyiblər. Qeyd edək ki, tənqidi əhval-ruhiyyəli jurnalistlər və ekspertlər də müzakirəyə dəvət olunmayıblar.

Həmçinin məlum olub ki, qanun layihəsi ötən ilin yazından qapalı rejimdə müstəqil KİV-lərin və ifadə azadlığı sahəsində ixtisaslaşmış hüquqşünasların iştirakı ilə müzakirə edilmədən hazırlanıb. Hakimiyyət qanun layihəsinin 1 yanvar 2022-ci il tarixindən qüvvəyə minməsini planlaşdırır. (Turan)

Bənzər yazılar

Back to top button