AnalitikaCəmiyyətİqtisadiyyat

Yaşamını de, yaşını deyim… (TƏHLİL)

Azərbaycanda ilkin səhiyyə xidmətlərinə çıxış imkanlarının çətin və bahalı olması acı reallığımızdır. Onun üzərinə gələk keyfiyyətsiz ərzaq məhsullarının istehlakını, milli gəlirin ədalətsiz bölgüsünün doğurduğu yoxsulluğu. Sosial psixoz durumun günbəgün artması sözün birbaşa mənasında ömürləri “yonur”. Ölkəmizdə insanların orta ömür müddətinin ilbəil aşağı düşməsinin də səbəbləri sadaladığımız amillərdən xeyli dərəcədə asılıdır. Halbuki, Azərbaycan bədnam keçmiş sovetlər zamanında belə uzunömürlülər diyarı sayılırdı. Azərbaycanın isə yüksək uzunömürlülük indeksinin yüksək olduğu Talış dağları ərazisi, cənub zonası hesab edilir. Lakin əvvəlki illərdən fərqli olaraq ölkəmizdə daha uzun illər yaşayan insanların sayında artım qeydə alınmır. Belə ki, Azərbaycanda 100-ün üzərində yaşayanların sayı 838 nəfər var. Onların sayı heç 1000 nəfər təşkil etmir. Müqayisə üçün deyim ki, Yaponiyada 50 min insanın yaşı 100-ün üzərindədir.

Dünyada orta ömür müddətinin reytinqi

Azərbaycan uzunömürlülər diyarı kimi tanınan zaman dünyanın inkişaf etmiş ölkələrində (Yaponiya, Skandinaviya ölkələri) orta ömür müddəti bizdə olan səviyyədən aşağı idi. Halbuki, dünya üzrə qlobal həyat davamlılığı göstəricisinə görə, vəziyyət daha da yaxşılaşıb. Əgər 1950-ci ildə qlobal həyat davamlılığı 48 yaş idisə, 2017-ci ildə bu göstərici 72 yaşdır. Deməli, son 70 ildə dünyada qlobal həyat davamlılığı 1,5 dəfə artıb. Bu, daha çox ölkələrin inkişaf səviyyəsinə bağlı amil olaraq meydana çıxıb. Hazırda dünyada bu yaş həddindən yuxarı olan dövlətlərdə ömür müddəti daha yüksəkdir. Son illər dünyada ölkələrdə orta ömür müddəti ilə bağlı reytinqə Monako, Yaponiya, Sinqapur kimi ölkələr liderlik edir.

Cənubi Qafqaz respublikalaraı arasında ən yüksək göstərici Gürcüstandadır. Gürcüstanda bu göstərici 78 yaş olduğu halda, Ermənistanda 75-dir. Azərbaycanda isə 73 yaşdır. Gürcüstan (yer 70) reytinq sıralamasında Azərbaycanı (144) 2 dəfə geridə buraxır. Bu göstərici həm də onu ifadə edir ki, biz resurs iqtisadiyyatının üstünlüklərini insan həyatına daşıya bilməmişik.

Haradan başlamalı…

BMT ötən əsrin 90-cı illərindən İnsan İnkişaf İndeksi (İİİ) adlı hesabat yayımlayır. Həmin İİİ-nin 3 indikatorundan biri də gözlənilən ort ömür müddəti hesab olunur. ABŞ-da olarkən Konqresin Büdcə Ofisinin rəhbərinin bir fikri diqqətimi çəkmişdi. Xanım öz nitqində bizim nümayəndə heyətindən iqtisadçı həmkarlarımdan birinin sualına cavab olaraq söyləmişdi ki, bir ölkənin orta ömür müddəti daha çox həmin ölkədə dövlət büdcəsi və özəl maliyyənin daha çox səhiyyə xidmətlərinə ayrılan məbləğinin səviyyəsi ilə ölçülür. Məhz ABŞ-ın özü başda olmaqla bu qəbildən olan dəyərli tədqiqat nəticələrini nəzərə alaraq səhiyyənin maliyyələşməsinə daha çox vəsaitlər ayırır. Görünür ki, ABŞ iqtisadiyyatının əsas üstün cəhətləri onun xidmət sahələrinin güclü olması ilə birbaşa bağlıdır. Belə ki, səhiyyə, təhsil, mənzil-kommunal sektorları və təqaüdçülər əsasən əhalinin orta sinfinin sosial-məişət xidmətləri ilə əlaqədardır. Hətta 15 il bundan öncə ABŞ səhiyyə sisteminə ÜDM-in 14%-i həcmində vəsait yönəldirdi. Həmin il təhsil üzrə xərclərin nisbəti 2,25% təşkil edirdi. İndi də bu siyasət daha da yüksələn xətt üzrə davam edir. Sosialyönlü büdcə xərcləri dominant olaraq qalır. Bu amilin özü ölkədə gözlənilən orta ömür müddətini yaxşılaşdırır.

Orta ömür müddətinin dövlətlərin effektiv sosial-iqtisadi siyasətləri ilə birbaşa əlaqəsi ilə bərabər, onu şərtləndirən insanların individual yanaşmaları da mühüm rol oynayır. Deməli, dövlətin çoxsaylı tədbirləri ilə bərabər insanların da şəxsi davranışı, maraq dairəsi və sağlıq durumunun qayğısına qalması onun yaşam keyfiyyətini yaxşılaşdıra bilər. Həmin individual meylləri əsasən aşağıdakı diaqram üzrə təsnifləndirmək olar.

Sadalanan meyarların özü yaddaşımıza dillər əzbəri olan bir şeri salır: “Kim ki 100 il yaşamadı, günah onun özündədir…” Deməli, özümüzdən asılı olanları edib, özümüzdən asılı olmayanları bacarmayanda vicdanımızı sakitləşdirə bilirik. İnsanların özləri həyat keyfiyyətlərini təkcə özbaşına yaxşılaşdıra bilməzlər. Onu daha çox şərtləndirən amil dövlətin onun qayğılarına münasibəti və onu yaxşılaşdıra biləcək mexanizmlərdən asılıdır. Son yüzilliklər göstərdi ki, hansı dövlətlər xalqların yanında ola biliblər, həmin xalqlar daha uzun ömürlü xalqlar sıraına qoşula biliblər. Hansı dövlətlər ki xaqlarından ayrı düşüb, merkantil maraqları əsas götürüb həmin xalqlarda orta ömür müddəti aşağı düşüb. Halbuki, dünyada bu istiqamətdə yaxşılığa doğru xeyli irəliləyişlər baş verib. Son 2 əsrlik zaman müddətində insanların orta ömür müddəti kəskin sürətdə irəli gedib, yaxşılaşıb. 1840-cı illərdə insanlar orta hesabla 40 yaşından çox yaşamırdılar. Lakin sonra 1900-cü illərin əvvəllərində nəzərdə tutulan Victoria dövründə qidalanma, gigiyena, mənzil və kanalizasiya sahəsində inkişaf insan ömrünü 60-a yaxınlaşdırdı. Son 50 illik dövrdə xüsusilə səhiyyə sistemindəki islahatlar nəticəsində yaşadığımız əsrin əvvəllərində ömür uzunluğu qadınlar üçün 80, kişilərdə 75-ə çatıb. Bəs “neft qızılını insan qızılına çevirmək” hədəfi olan Azərbaycanda niyə orta ömür müddəti aşağı düşür? Mənim düşüncəmə görə, bunun səbəbi təkbaşına nə neftin olmasındadır, nə də insanın. İnsan ilə neft resurslarının inkişafa yönələn qızıl ortanın tapılmamasıdır. (Turan İA)

Bənzər yazılar

Back to top button