CəmiyyətManşet

“ASAN xidmət” – heçdə hər şey belə asan deyil

2012-ci il 13 iyulunda Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.

Yeni və müasir model kimi təqdim edilən “ASAN xidmət” dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət etməlidir.

Fərmana əsasən, mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

2021-ci il üçün dövlət büdcəsindən elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait ayrılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Turana bildirilib ki, hazırda Bakıda 6, ölkə üzrə isə ümumilikdə 21 “ASAN xidməti” mərkəzləri fəaliyyət göstərir. “8 il 9 ay ərzində “ASAN xidmət” mərkəzlərinə 7 648 738 vətəndaş müraciət edib. Ümumi müraciətlərin sayı isə 48 745 227 olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir”.

Qurumdan qeyd olunub ki, “ASAN xidmətin” fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıqdır. “2020-ci ildə 30 mərkəzi və 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqanı, 8 publik hüquqi şəxs, 47 hüquqi şəxs, 3 universitet, 9 ödəniş xidməti təchizatçısı olmaqla, 289 qurumun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 670 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sisteminin, mobil tətbiqləri və terminalları ilə yanaşı, sistemə inteqrasiya olunmuş banklar, 1489 poçt şöbəsi, digər bütün ödəniş portalları və terminalları vasitəsilə həyata keçirilib. Maliyyə dövriyyəsi istiqamətində 2020-ci il ərzində sistem vasitəsi ilə ümumi dövriyyə 1 470 949 ədəd ödəniş olmaqla 67 967 519,06 manat təşkil etmişdir”.

İqtisadçı Nazim Bəydəmirli isə bildirib ki, özü də bir neçə dəfə “ASAN xidmət” vasitəsilə müxtəlif qurumlardan arayışlar alıb. “10 gün müddətində həmin arayışların verilməsi ödənişsiz idi və mən bu müddət ərzində sənədlərin verilməsinə razı idim. Lakin mənə dedilər yox, biz bunu asanlaşdırmalıyıq. Asanlaşdırmanın mahiyyəti isə daha çox rüsum, xidmət haqqı almaqdır. Bu, dövlət hesabına yaxşı şərait yaradıb kommersiya fəaliyyəti ilə məşğul olmaqdır”.

O, hesab edir ki, vətəndaşlar həmin xidmətlərini dövlət orqanlarından rahat ala bilməlidir. “Heç “ASAN xidmət”in yaradılmasına da ehtiyac yox idi. Sadəcə “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq büdcə təşkilatlarının büdcədənkənar gəlirləri bir fonda yığılırdı və müxtəlif məsrəflər üçün xərclənirdi. Burada səmərəsiz xərclər yer alırdı. Bundan azad olmaq üçün belə bir model fikirləşdirilib. İndiki durumda “ASAN xidmət”in gəlirləri işlərin tezləşdirməyə və yaxşı xidmətə görə dövlət rüsumlarından kənar xidmət haqqından formalaşır. Həmin xidmət haqqları rüsumlardan qat-qat artıqdır”.

Ekspert qeyd edib ki, bütün dünyada bu tipli xidmətləri özəl sektor həyata keçirsin. “Əlbəttə, elə xidmətlər var ki, məsələn vəsiqələrin və pasportların verilməsi, onları dövlət həyata keçirməlidir. Ancaq elə xidmətlər var ki, onlarla özl şirkətlər məşğul olmalıdır. İndiki halda isə “ASAN xidmət” demək mümkündürsə, hökümətin artan gəlir mənbəyinə çevrilib”.

İqtisadçı vurğulayıb ki, “ASAN xidmət”ində göstərilən xidmətlər əslində digər dövlət qurumları tərəfindən göstərilir. “Yəni, dövlət orqanları “ASAN xidmət”ə öz əməkdaşları ezam edirlər, onlar isə orada xidmət göstərirlər və təşkilatçı “ASAN xidmət” olsa belə həmin xidməti yenə də dövlət orqanları göstərir. Burada artıq ikili rəhbərlik mövcuddur. Belə olan halda, niyə dövlət orqanların özündə həmin xidmətləri asanlaşdırmaq mümkün deyildi? Əlavə bu qədər vəsaitin xərclənməsi nəyə lazım idi. Ümumiyyətlə, maliyyə şəffaflığı olmadığı bir ölkədə ayrıca bir qurumda şəffaflığın olması qeyri-mümkündür”.

Bənzər yazılar

Back to top button