ManşetSiyasət

Azərbaycan Belarusa görə Brüsseldə demarşa əl atdı – Birgə bəyannamənin 11- ci bəndinə etiraz

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən altıncı sammitinin yekunu olaraq qəbul edilən birgə bəyannamə rəsmi Bakının mövqeyini tam əks etdirir. virtualaz.org qeyd edir ki, birgə bəyannaməyə əsasən Avropa İttifaqı bütün tərəfdaş ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir.

Sənəddə mehriban qonşuluq münasibətlərinə, etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə, Şərq Tərəfdaşlığı regionunda nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur. Bu prinsiplər Azərbaycanın postmünaqişə dövrü gündəminə tam uyğundur.

Bundan əlavə, bəyannamənin mətnində Şərq Tərəfdaşlığı regionundakı münaqişələrdən zərər çəkmiş əhaliyə dəstək tədbirlərinin vacibliyi qeyd olunur. Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli əhatəli razılaşmaya dair danışıqlarda əldə edilmiş irəliləyiş alqışlanır.

Bəyannamədə Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşması yüksək qiymətləndirilir, Azərbaycanın Avropanın qaz təchizatının şaxələndirilməsində rolu xüsusi qeyd edilir.

Yekun bəyannamədə koronavirus pandemiyası ilə bağlı yaranan qlobal çağırışlara da toxunulur, “vaksin millətçiliyi” pislənilir.

Sammitin başlıca hadisəsi isə Azərbaycanın bəyannamənnin Belarusdakı daxili siyasi vəziyyət barədə bəndinə münasibətidir. Azərbaycan həmin bəndə öz qeydini əlavə etməklə ölkələrin suverenliyinə hörmət edilməsi və başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqliyini nümayiş etdirib.

Orada deyilir ki, Azərbaycan universal insan haqları dəyərlərinə və humanitar məsələlərə münasibətdə ikili standartları və siyasiləşmiş yanaşmaları qəbul etmir. Bundan əlavə, rəsmi Bakı özünün indiki halda Belarus respublikasına münasibətdə müttəfiqlik və tərəfdaşlıq öhdəliklərinə sadiqdir.

Sammitdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel rəsmən bəyan edib ki, Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndlə bağlı öz mövqeyini ifadə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button