AnalitikaSiyasət

OGP Azərbaycana son tələbləri açıqlayıb

2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyətinin normal fəaliyyət mühitini daraldan hüquqi və praktik addımlar atıldı. Buna cavab olaraq 2015-ci ildə bir qrup beynəlxalq QHT Azərbaycanın da üzv olduğu Açıq Hökumət Tərəfdaşlığı (OGP) təşkilatına məktub göndərdi. Müraciət edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlərdən, təşkilatların narahatlıqlarından danışır, Azərbaycanın quruma üzvlük statusunun gözdən keçirilməsini istəyirdilər. OGP Rəhbər Komitəsi ölkəyə göndərdiyi faktaraşdırıcı missiyanın hesabatını da nəzərə alaraq, 2016-cı ilin mayında ölkənin üzvlük statusunu 1 illiyə “qeyri-fəal” (inactive) edildi. 2017-ci ildə bu durum 2018-ci ilin sentyabrına qədər uzadıldı və hər bir mərhələdə Azərbaycan tərəfinə yenilənmiş tövsiyyələr verildi. Azərbaycanın OGP-yə üzvlük məsələsi təşkilatın Rəhbər Komitəsinin 2018-ci il dekabrın 5-6-da Vaşinqtonda keçirilən toplantısında da müzakirə edilib və yekun qərarla bağlı sənəd açıqlanıb.

Azərbaycan hökuməti köklü islahatlar aparmır

Sənəddə OGP Rəhbər Komitəsi Azərbaycan hökumətinin qəbul etdiyi bəzi müsbət qərarları qiymətləndirir. Məsələn, qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyatı üçün “bir pəncərə” prinsipinə əsaslanan elektron xidmət platformasının yaradılması müsbət addım kimi dəyərləndirilir. Amma ölkənin OGP-dəki statusunun dayandırılmasına səbəb olan əsas problemlərin hələ də qaldığını vurğulayır. Qərarda 2015-ci ildə vətəndaş cəmiyyəti təşkilatlarının təqdim etdiyi və OGP Meyarlar və Standartlar (MS) alt komitəsi tərəfindən təsdiq edilmiş “Cavab Siyasəti” (Response Policy) məktubunda qaldırılan əsas məsələlərin həll olunmadığı bildirilir. OGP-nin özünün və üçüncü tərəf kimi müstəqil ekspertlərin apardığı qiymətləndirmələr göstərib ki, son 12 ay ərzində vətəndaş cəmiyyətinin fəaliyyət mühitində bir sıra məhdud irəliləmələr olsa da, hökumət MS alt komitəsinin yenilənmiş təkliflərini hərtərəfli və köklü həll edəcək sistemli dəyişikliklər və ya islahatlar aparmamışdır.

7 sentyabr 2018-ci ildə Azərbaycan hökumətinin OGP-yə göndərdiyi proqres hesabatında QHT-lərin fəaliyyətini tənzimləyən prosedurları daha da asanlaşdırmaq üçün yeni “bir pəncərə” e-xidmət platforması yaradılmasından və bütün QHT-lər və müvafiq dövlət qurumlarının daxil olduğu rəqəmsal platformadan bəhs edilir. Maraqlıdır ki, OGP Rəhbər Komitəsi də Azərbaycanla bağlı son qətnaməsində bunu irəliləyiş kimi dəyərləndirir. Amma reallıq ondan ibarətdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununda və praktikada QHT-lərin sadələşdirilmiş prosedurlarla onlayn qeydiyyatı məsələsi öz həllini tapmayıb.
OGP-nin məsləhətləşdiyi bütün QHT-lər qeyd ediblər ki, yenilənmiş tövsiyələrdə öz əksini tapan iki məsələ vətəndaş cəmiyyəti üçün ciddi problem olaraq qalır. Bunlar QHT-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı məsələlərdir. QHT-lərin qeydiyyatı, xarici donorlardan qrant almaq prosedurları, qrant layihələrinin Ədliyyə Nazirliyində və qrant layihəsinin mövzusuna uyğun olan digər mərkəzi icra hakimiyyəti orqanlarında qeydiyyatı və ya razılığın alınması üzrə bürokratik prosedurlar hələ də tətbiq edilməkdədir.

OGP problemin həllinə yüksək səviyyəli Azərbaycan rəsmisinin qatılmasını istəyir

OGP belə bir ümumiləşdirilmiş nəticəyə gəlib: QHT-lərin qarşısında duran bütün çətinliklərə baxmayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və hökumət arasında dialoq uğrunda çalışmalar davam etməlidir.

Bütün bunları nəzərə alaraq, OGP Rəhbər Komitəsi öncə Azərbaycanın “dayandırılmış” üzvlük statusunu tam bir tədbirlər planı dövrünü əhatə edəcək şəkildə genişləndirməyi qərara alır. Eyni zamanda, Azərbaycan hökumətini tam aktiv üzvlük statusunu bərpa etməkdən ötrü bir sıra tədbirləri mərhələli şəkildə həyata keçirməyə çağırır. Bunlar aşağıdakı mərhələlərdir:

(1) “2019-2021-ci illər üzrə açıq hökumət fəaliyyət planı”nın hazırlanması üçün bir yol xəritəsini formalaşdırmaq. Yol xəritəsi 2019-cu ilin 1 mart tarixinə qədər hazırlanmalı, OGP-nin “İştirakçılıq və Birliktə Hazırlama Standartları”nda (OGP Participation and Co-creation Standards) göstərilən minimum tələblərə uyğun olmalıdır. Xəritə Açıq Hökumət Forumuyla bağlı əsas görüşlərin vaxtını və tədbir planının birgə hazırlanması prosesində iştirak etmək məqsədilə Forum xaricindəki digər maraqlı tərəfləri cəlb etmək prosedurlarını da əhatə etməlidir. Bu yol xəritəsi hökumət tərəfindən dərc olunmalı və müəyyən edilmiş tarixə qədər MS alt komitəsi həmsədrlərinə verilməlidir.

(2) OGP ilə bağlı prosesə Azərbaycanda rəhbərlik edəcək yüksək səviyyəli hökumət nümayəndəsinin (nazirlik səviyyəsində və ya daha yuxarı səviyyədə) təyin olunması. Təyinatın 1 iyun 2019-cu il tarixinə qədər baş tutması istənilir.

(3) 1 iyun 2019-cu ilədək açıq hökumət fəaliyyət planının hazırlanmasına başlamaq. Planın hazırlığına Açıq Hökumət Forumundan kənarda olan geniş vətəndaş cəmiyyəti kəsimlərinin də cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda, OGP-nin yenilənmiş təkliflərində və ölkədaxili prioritetlərdə əksini tapmış vətəndaş cəmiyyəti məhdudiyyətlərini ortadan qaldırmaq üçün islahatlar həyata keçirilmlidir.

(4) Açıq hökumət fəaliyyət planını tamamlamaq, rəsmi şəkildə qəbul etmək və yekun versiyanı OGP Dəstək Bölməsinə (OGP Support Unit) vermək. Bunlar 31 dekabr 2019-cu il tarixinə qədər olmalıdır.

(5) Açıq hökumət fəaliyyət planı 31 avqust 2021-ci il tarixinə qədər tam həyata keçirilməsi. Bu fəaliyyət planı yekunda OGP-nin müstəqil hesabat mexanizmi (Independent Reporting Mechanism – IRM) çərçivəsində müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.

Azərbaycan hökuməti ilk addımları atarsa…

MS alt komitəsi fəaliyyət planı dövrünün hər hansı kəsimində vətəndaş cəmiyyəti ilə bağlı əsas problemlərin Azərbaycan hökuməti tərəfindən həll olunduğunu müəyyən edərsə, dərhal Rəhbər Komitəyə müraciət edib, ölkənin aktiv statusunun bərpasını təklif edəcək. “Dayandırılmış” statusda olmasına baxmayaraq, Azərbaycan OGP Rəhbər Komitəsi və Dəstək Bölməsindən texniki yardım almağa davam edəcək və IRM mexanizmi ölkənin gələcək fəaliyyət planını qiymətləndirəcək.

Ölkənin “dayandırılmış” statusu davam etdiyi müddətdə Azərbaycan, Rəhbər Komitənin seçkilərində səs vermək hüququna malik ola bilməz və OGP tədbirlərinə yalnız yenilikləri öyrənmə məqsəd ilə, müşahidəçi kimi qoşula bilər. Azərbaycanın “dayandırılmış” statusu OGP-nin veb-saytında və ictimai informasiya materiallarında prosesin sonuna qədər qeyd ediləcək.

Maraqlıdır ki, Rəhbər Komitəsinin Azərbaycanla bağlı yekun qətnaməsində əvvəl “qeyri-fəal” adlandılan status “dayandırılmış” (suspended) kimi təqdim olunur ki, bu da tərəfdaşlığın təcrübəsində ilk haldır.

Azərbaycan hansı halda OGP-dən daimi uzaqlaşdırıla bilər?

OGP-nin Azərbaycanla bağlı son qərarlarına və orada təsbit edilən son tarixlərə ümumiyyətlə əməl edilməzsə, “cavab siyasəti” prosedurları avtomatik olaraq yekunlaşacaq (prosedurlar 2015-ci ildən başlayıb, statusun davamlı gözdən keçirilməsini nəzərdə tutur). Bu isə yekunda Azərbaycanın OGP-dən daimi olaraq uzaqlaşdırılması ilə nəticələnəcək. Üzvlüyün ləğvi və ya təşkilatdan daimi uzaqlaşdırma Azərbaycan hökuməti üçün OGP-nin 2017-ci ilin sentyabrında qəbul etdiyi tövsiyələrin hökumət tərəfindən yerinə yetirilməsi barədə sübutlar göstərilənə qədər davam edəcək. Bu sübutlar da öz növbəsində, xarici ekspert tərəfindən nəzərdən keçirilməli, OGP Rəhbər Komitəsi tərəfindən təsdiqlənməlidir.

Yekun olaraq, OGP Rəhbər Komitəsi Azərbaycanın “dayandırılmış” üzvlük statusunu 2019-cu il üçün də qüvvədə saxlayır. Aktiv üzvlüyü bərpa etmək üçün 2019-cu ilin mart, iyun və dekabr aylarında yerinə yetirilməsi şərti ilə müvafiq olaraq yol xəritəsinin hazırlanması, yüksək səviyyəli hökumət nümayəndəsinin təyini və açıq hökumət fəaliyyət planının qəbulunu tələb kimi irəli sürür. Paralel olaraq, OGP-nin vətəndaş cəmiyyəti mühiti ilə bağlı əvvəlki illərdə təqdim etdiyi tövsiyyələrə əməl edilməlidir. Azərbaycan hökuməti yalnız OGP kimi beynəlxalq qurumlarda öz statusunu bərpa etməkdən ötrü deyil, bütövlükdə ölkənin institusional inkişafı üçün vətəndaş cəmiyyəti ilə dialoq mühitini sağlamlaşdırmalıdır. QHT-lər üçün qeydiyyat prosedurunun, onların layihələrinin qeydiyyatının və xarici donorların ölkədəki fəaliyyəti ilə bağlı qaydaların asanlaşdırılması atılmalı olan ilk addımlardır.

Kənan Aslanlı
Siyasət təhlilçisi

Mənbə: openazerbaijan.org

Bənzər yazılar

Back to top button