Hadisə

Naxçıvan DİN-də at izi it izinə qarışıb: Hərbi qulluqçular nazir Fazil Ələkbərovla üz-üzə qoyulur

Səhv etmirəmsə, Fransa imperatoru Napolyon Bonapartın məşhur bir sözü var: “Öz xərcini çıxara bilməyən, ancaq dövlət maliyyəsinə göz dikən ordu yaxşı ordu deyil”. Sözsüz ki, böyük fəhtlərə girişən Napolyon bu sözləri deyərkən hərbi qənimətləri nəzərdə tuturdu.

Azərbaycan Daxili Qoşunlarının Naxçıvan Əlahiddə Əməliyyat Briqadası da deyəsən Napolyon prinsipi ilə işləyir. Amma Napolyon ordusundan fərqli cəhəti də var: dövlət büdcəsindən kifayət qədər vəsait alır. Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına büdcədən nə qədər vəsait ayrıldığı hərbi sirr olduğundan gizli tutulur. Amma Silahlı Qüvvələrə ümumilikdə dövlət büdcəsindən ən çox pay (15%) ayrıldığı bəllidir. Sözsüz ki, barəsindən bəhs etdiyimiz əməliyyat briqadası da hərbi büdcədən öz payına düşəni alır. Bununla yanaşı, həm də Naxçıvan Daxili İşlər naziri bu briqadanın əsgərlərinı fəhlə kimi istismar edərək öz cib “xərclərini” çıxarır. “Cib xərcləri” nə qədər olduğu da sirrdir. Çünki onun vergisi və maliyyə hesabatı tutulmur. Bu səbəbdən də əldə olunan qazancın gerçək həcmini Naxçıvanın “Napolyon” bacarıqlı rəhbərliyindən başqa bilən yoxdur.

İddialara görə, 4 il sərasər Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının MAXE-lərinin əməyini istismar edərək qaz vurub qazan dolduran nazir Fazil Ələkbərov “gedər-gəlməz” məzuniyyətinə göndərildikdən sonra Muxtar Respublika rəhbərliyi onun yediklərini burnundan gətirməyə qərar verib. Özü də bu işi kimə həvalə etsə yaxşıdır? – nazirin hələ də müavini sayılan Rəşad İsmayılova. Hər halda, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasındakı mənbələrdən Ovqat.com-a sızdırılan məlumatdan belə anlaşılır.

Məlumatlardan belə nəticə hasil olur ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının işi-gücü Muxtar Respublikada asayişin keçiyindən dayanmaq yox, Babək rayonunun Badaşqan kəndində yerləşən Atçılıq mərkəzində çalışmaq imiş. Ciddi korrupsiya və özbaşınalıqlar ittihamı ilə dolu olan məlumatı əlaqədar qurumların və oxucuların diqqətinə çatdırırıq. Mənbəmizin bildirdikləri:

Bura (Naxçıvan Daxili Qoşunlarının Badaşqan Atçılıq Mərkəzi) həm də ailəvi istirahət məkanıdır. Hələ sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun dövründə fəaliyyətə başlayıb. Əhməd Əhmədov nazir postundan uzaqlaşdırıldıqdan sonra Badaşqan Atçılıq və İstirahət Mərkəzi Fazil Ələkbərovun kuratsiyasına keçdi. Bu məkanda həm Naxçıvan Daxili Qoşunlarının “Kinoloji xidmət”i (itlərin yetişdirilməsi), həm də hərbi qulluqçuların istifadə etdiyi atlar saxlanılır. Bir növ, Naxşıvan Daxili Qoşunlarının tabeçiliyində olan bir yerdir.

Bundan əlavə, Fazil Ələkbərovun göstərişi ilə geniş bir ərazidə əkinçilik təsərrüfatı yaradılmışdır. Burada yetişdirilən kənd təsərrüfatı məhsulları Naxçıvan Daxili Qoşunlarında xidmət edən hərbi qulluqçular üçün istifadə edilir. Artıq qalan məhsullar isə Badaşqan Ailəvi İstirahət Mərkəzinə göndərilir.

Vurğulanır ki, Badaşqan Atçılıq və İstirahət Mərkəzinin işçi heyəti Naxçıvan Daxili Qoşunlarında xidmət edən MAXE və əsgərlərdir. Başqa sözlə, burada kənd təsərrüfatı məhsulları hərbi qulluqçular tərəfindən əkilib-becərilir. Buna görə də bir qrup hərbi qulluqçu sırf adı çəkilən məkanda xidmət edir. Hətta Fazil Ələkbərovun göstərişi ilə bu hərbi qulluqçular indiyədək adı çəkilən məkanda kassir, mühafizəçi, administrator və s. vəzifələrini də yerinə yetirirdilər. Gördükləri işin müqabilində isə onlara əlavə maaş verilmirdi. İstirahət mərkəzinin işçiləri yalnız dövlət tərəfindən verilən əmək haqqı alırdılar. (Düşünə bilirsinizmi, Daxili Qoşunların MAXE-si Badaşqan Atçılıq və İstirahət Mərkəzində kassir işləyir).

Hətta sərt karantin dövründə belə, adı çəkilən məkanda müəyyən sayda insanın iştirakı ilə açıq havada toy şənlikləri də keçirilirdi. Həmin şənliklərdə musiqiçi qismində Daxili Qoşunların rəsmi ansambılı çıxış edirdi. Ansambılın tərkibində DQ-nin əsgər və MAXE-ləri olurdu. Həmin manıslara da əlavə məvacib ödənilmirdi. Maaşı dövlətdən alır, Fazil Ələkbərova işləyirdilər.

Fazil Ələkbərova məxsus Badaşqan Atçılıq və İstirahət Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Azər Zeynalova məxsus “4 Fəsil İstirahət Mərkəzi” ilə yan-yanadır. Hər ikisinin girişi belə eynidir. Dolayısıyla Fazil Ələkbərov və Azər Zeynalov bu sahədə də rəqib idilər və bu rəqabət 4 il boyunca davam etdi.

Fazil Ələkbərov məzuniyyətə göndərilməmişdən əvvəl artıq Badaşqan onun əlindən alındı. Daha sonra 4 il boyunca orada işləyən hərbi qulluqçular yuxarı dairələr tərəfindən çağırılıb onlara deyildi ki, indiyə qədər dövlətin sizə verdiyi aylıq əmək haqqıları büdcəyə qaytarın. Çünki siz həmin müddətdə faktiki olaraq öz xidmət yerinizdə olmamısınız. Bir çoxlarının fikrincə, bu işin də arxasında Naxçıvanın “boz kardinalı” Azər Zeynalov dayanır.

Naxçıvanın “boz kardinalı” Azər Zeynalov

Bildirilir ki, Muxtar Respublika yetkililərinin təzyiqinə məruz qalan hərbi qulluqçular kömək üçün Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandanı general-mayor Səlim Nifətliyevin qapısını döyüblər. Səlim Niftəliyev qapını onların üzünə açmayıb. Çıxılmaz vəziyyətdə qalan hərbiçilər Naxçıvan Daxili İşlər nazirinin müavini, polis polkovniki Rəşad İsmayılova müraciət etməli olublar. Rəşad İsmayılov isə onlara bildirib ki, mənə yox, Fazil Ələkbərova işləmisiniz. Gedin, pulunuzu da Fazil Ələkbərovdan istəyin. Beləliklə Fazil Ələkbərovun kadrları ona qarşı qoyulur. Bu isə Naxçıvan rəhbərliyinin nazirə qarşı torba tikməsindən xəbər verir.

İddialara görə, Badaşqan Atçılıq və istirahət Mərkəzi Fazil Ələkbərovun əlindən alınıb, Naxçıvan İcra hakimiyyətinin sabiq başçısı Vüqar Səfərova satılıb. Özü də könüllü yox, məcburi qaydada.

Bənzər yazılar

Back to top button