Dünya

Rusiyaya gizli məlumat sızdırmaq istəyən mühəndis – FTB agenti ilə oteldə görüş

ABŞ-da müdafiə sənayesi firmalarından birində çalışan mühəndis Rusiya casusu hesab etdiyi Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşına məxfi məlumatları sızdırmağa cəhd etdiyi üçün həbs edilib.

Avropa.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyindən edilən açıqlamada, 10 il federal podratçı müdafiə sənayesi firmasında mühəndis işləmiş Con Murray Rounun gizli məlumatları Rusiya agenti olduğunu düşündüyü gizli FTB əməkdaşına sızdırmağa çalışdığı üçün həbs edildiyi bildirilib.

Cənubi Dakotadan olan 63 yaşlı Con Murray Rou təhlükəsizlik qaydalarını pozduğuna görə işindən qovulduqdan sonra şirkətdə daxili təhlükə ehtimalı ilə bağlı gizli əməliyyat keçirilib.

Cənubi Dakotadakı bir oteldə özünü rus agenti kimi göstərən ABŞ FTB-nin agenti ilə görüşən Rou gizli məmura Rusiyaya köçmək və Rusiya hökumətinə gizli məlumatları vermək istədiyini deyib.

Rou 2020-ci ilin mart ayından başlayaraq 8 ay ərzində özünü rus casusu kimi təqdim edən FTB əməkdaşı ilə 300-dən çox e-poçt mübadiləsi aparıb.

Məhkəmə qeydlərinə görə, Rou bir e-poçtda ABŞ döyüş təyyarələrinin gizli tərəflərini paylaşıb. Digər elektron poçtda isə, “burada iş tapa bilməsəm, o zaman digər komanda üçün işləyəcəm”, yazıb.

Cənubi Dakota Federal Məhkəməsinin qərarı ilə həbs edilən Rou, xarici hökumətə kömək etmək üçün milli müdafiə məlumatlarını sızdırmağa cəhd etdiyi üçün ittihamlar irəli sürülüb.

Rounun ömürlük həbs cəzasına məhkum edilməsi ehtimalının olduğu bildirilir.

Rou 40 ildir podratçı müdafiə firmalarında sınaq mühəndisi olaraq işləyib və təhlükəsizlik məlumatlarına malik olma icazəsi olub.

Rou 2018-ci ilin martında təhlükəsizlik qaydalarını pozduğuna görə adı açıqlanmayan aviasiya şirkətindən qovulub.

Bənzər yazılar

Back to top button