Hadisə

Sahib Babayevə “Nobel” verilə bilər – dünya tibbinin bilmədiyi xəstəliyin dərmanını tapıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri Sahil Babayev “Nobel” mükafatına layiq görülə bilər.

AzToday.az xəbər verir ki, bunun üçün kifayət qədər əsaslar var. Çünki nazir büdcəyə qənaət etmək üçün Masallıdan olan 11 yaşlı anadangəlmə Tubulopatiya – yəni “süngərvari böyrək” (hər iki böyrək) diaqnozlu uşağa pensiya təyin etməkdən imtina edib.

Nazirlik səbəb göstərib ki, uşağın təkrar müalicəyə ehtiyacı var. O deməkdir ki, Sahil Babayevin çoxbilmiş nazirliyinin fikrincə, süngərvari böyrək müalicə edilsə düzələcək.

Saytımız həmin xəstəliklə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, Tubulopatiya “süngərvari böyrək” normal böyrəklərdən fərqlidir, həm görünüşü, həm də funksiyası… Görünüşcə süngər formasında olan böyrəklərin süzmə və işləmə qabiliyyəti zəifdir.

“Süngərvari böyrək” sahibi üç aydan bir, ən gec halda altı aydan bir həkim nəzarətində müalicə almalıdır. Əgər müalicə almazsa böyrəkləri daha çox daş yığar və bir müddət sonra sıradan çıxar.

1980- ci illərdə tibb elminə məlum olan bu tipli böyrək xəstəliyinin sağalmağı üçün dünya səhiyyəsi milyardlarla vəsait ayırır ki, xəstəliyin kökündən müalicəsi tapılsın. Hətta bu xəstəliyin də digər ağır xəstəliklərdə olduğu kimi müalicəsini tapana “Nobel” mükafatı da veriləcəyi söz-söhbətlər arasındadır.

Düzdür, bu məlumatı hazırlayarkən o da məlum oldu ki, dünyanın bəlası sayılan xərçəng (məhz kimya alan) xəstəsinin pensiyasını kəsən, ona “təkrar müalicəyə ehtiyacı var” yazıb yollayan Sahil Babayevə süngərvari böyrək xəstəliyini sağaltmaq çox asan məsələdir. Amma dünya tibbi ilə məşğul olan yoldaşların bizim Sahib Babayevdən xəbəri yoxdur, dahi buradadır, yoxsa indiyə çoxdan “Nobel” mükafatı vermişdilər.

İndi isə yük düşür biz jurnalistlərin üzərinə, dünyaya car çəkib, öz milli “sərvətimiz” olan Sahil Babayevi dünya bazarında tanıtdıraq. Tanıtdıraq ki, “Nobel” ödülü ölkəmizə gəlsin. Heyf, başqa sahələrdə buna nail ola bilmədik.

Tia.az

Bənzər yazılar

Back to top button