DünyaHadisə

“AST Telman”ın Bakıdakı çevrəsinin başı dərddə

Rusiya istintaqçıları sabiq milyarderin Azərbaycanla əlaqələrini araşdıra bilər; qətl sifariş vermədə ittiham olunan Vaqif İsmayılovun Bakıda gizlənməsi ehtimalı var

Müflis elan olunmuş Azərbaycan əsilli milyarder Telman İsmayılovun adının 8 sifarişli qətldə hallanması onun Azərbaycandakı çevrəsi üçün də problemlər yarada bilər.

Xəbər verdiyimiz kimi, Rusiya İstintaq Komitəsi T.İsmayılovu 8 sifarişli qətl törədən cinayətkar qrupun işində əsas şübhəlilərdən biri kimi araşdırır. T.İsmayılov haqqında ifadəni həbs edilən qrup üzvü verib. Harri Beloçerkovski adlı bu şəxsin İsmayılovlar ailəsi ilə bağlılığını təsdiqləyən faktlar var. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının sifarişi ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski həmçinin 2000-ci ildə “Praqa” restoranından Rafiq və Telman İsmayılovların avtoritet Andrey Lobanovun aradan götürülməsi söhbətinə şahidlik etdiyini bildirib.

Şahidin ifadələri hazırda Rusiya istintaqçıları tərəfindən araşdırılır. Artıq ilkin nəticələr də var. şahid deyib ki, məhz bu söhbətdən az sonra Lobanov öldürülüb. Mümkündür ki, tezliklə İsmayılovlara qarşı yeni cinayət işi başlansın.

T.İsmayılovun qardaşı Rafiq İsmayılov hazırda nəzarət altındadır, digər qardaşı – Rusiya DİN-in keçmiş əməkdaşı Vaqif İsmayılov isə istintaqdan gizlənir. Hazırda barəsində axtarış elan olunub. Rusiya istintaqçıları hesab edirlər ki, V.İsmayılov Azərbaycanda gizlənə bilər. Çünki İsmayılovların Azərbaycanla, Azərbaycandakı məmurlarla çox güclü əlaqələri olub. Onun qardaşının bu baxımdan Azərbaycanda gizlənə biləcəyi ehtimal edilir.

Mümkündür ki, istintaq tədbirləri çərçivəsində Telman İsmayılovun Bakıdakı çevrəsi də sorğu-sual olunsunlar.

Digər tərəfdən, sifarişli qətllərin icraçısı da Azərbaycandandır.

“Yeni Müsavat” xəbər verir ki, Telman İsmayılovun axtarışda olan qardaşı Vaqif İsmayılov 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. Vaqif İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşıdır. İstintaqın gəldiyi nəticəyə görə, killer Mehman Kərimov İsmayılovların sifarişi ilə qətl törədib və Vaqif İsmayılovun evində gizlənib. Qətli sifariş edilən iş adamı isə T.İsmayılovun qardaşı Rafiq İsmayılovun rusiyalı biznesmen şəriki Vladimir Savkin olub.

İstintaqın qənaətinə görə, qətl sifarişini verən T.İsmayılovun qardaşı Rafiq İsmayılovdur. O, 2016-cı ilin mayında həbs olunub. R.İsmayılov V.Savkinlə şərikli ticarət kompleksinə malik olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu V.Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova V.Savkinin qətli sifariş olunub. Qətl icra olunub. Uzun çək-çevirdən sonra killer tutulub və o, bütün məsuliyyəti üzərinə götürüb. Rafiq İsmayılov isə ifadəsində deyib ki, Mehman Kərimov onun tanışıdır və hadisə vaxtı “təsadüfən” ona sürücülük edib. Təbii ki, istintaqçılar eks milyarderin qardaşına inanmayıblar. Əslən göyçaylı olan Telman İsmayılovun adı bu iş üzrə də keçir. Onun ikili qətl işi üzrə də ən azı şahid qismində dindiriləcəyi gözlənilir. Xatırladaq ki, T.İsmayılov sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxın dostdur. Bundan başqa, Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə də yaxın münasibətləri olub.

Mümkündür ki, rusiyalı istintaqçılar qətl işlərinin araşdırılması məqsədi ilə Azərbaycana da ezam edilsinlər. Belə bir vəziyyətdə Telman İsmayılovun ölkəmizdəki çevrəsi ən azı xoş olmayan suallara cavab verməli olacaq.

Bənzər yazılar

Back to top button