GündəmSiyasət

Mehman Əliyev Əhməd İsmayılova cavab verdi

Jurnalist həmkarlarımdan biri mənə bildirib ki, Report.az agentliyi dekabrın 17-də Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova istinadla Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin “Media haqqında” qanun layihəsinə həsr olunmuş açıq debatlarda öz fikrini bildirməkdən yayındığı barədə məlumat yayıb.

Report.az-ın bu məlumatı müxtəlif KİV-lər, o cümlədən Medianın İnkişafı Agentliyi tərəfindən maliyyələşdirilən KİV-lər tərəfindən dərc edilib.

Zəng edilərək, bu məlumatı dərc etməsi istənilən redaktorlardan biri bunu etməkdən imtina edib.

Report-un məlumatından: “Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı (parlamentdə) bildirib ki, layihə ilə bağlı bütün maraqlı tərəflərlə açıq müzakirələrə hazırdır. Amma qarşı tərəf iradlarını açıq debatda əsaslandırmaqdan çəkinir: “Biz bu qanun layihəsinin müzakirəsi zamanı müxtəlif debatlarda iştirak etmişik. Dünən də “İctimai Televiziya”dan belə bir dəvət aldıq və Mehman Əliyevlə açıq müzakirədə iştirak etməyə razılığımızı bildirdik. Amma sonradan məlum oldu ki, Mehman müəllim məsələnin bu cür debatlarda müzakirəsinə tərəfdar deyil”.

Bununla əlaqədar olaraq məsələnin və problemin mahiyyətinə aydınlıq gətirməyi zəruri hesab edirəm.

Mehman Əliyev, eləcə də KİV və ifadə azadlığı sahəsində aparıcı hüquqşünaslar Ələsgər Məmmədli və Xalid Ağaliyev, həmçinin Medianın İnkişafı Agentliyi tərəfindən maliyyələşdirilməyən bəzi redaktorlar təxminən 70 redaktor və QHT başçısının iştirakı ilə (parlamentin divarları arasında və qapalı onlayn rejimdə) iki dəfə keçirilən parlament müzakirələrinə dəvət olunmayıb.

Parlamentdə ilk müzakirədən sonra mən dəvət olundum və parlamentdə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, MilliTeleradio Şurasının sədri İsmət Səttarovla qapalı görüş keçirdim, burada senzura, o cümlədən internet resurslarının lisenziyalaşdırılmasını nəzərdə tutan, xüsusən dövlətin informasiya siyasəti sahəsində strateji baxışı olmadan hazırlanan qanun layihəsinin qəbuledilməz olduğunu bildirdim.

Zahid Oruc əməkdaşlıq etməyi vəd edib, köməkçisinə fikir mübadiləsi üçün mənə e-mail göndərməyi tapşırıb. Amma mənə e-mail gəlməyib, növbəti müzakirələrə dəvət də gəlməyib. Mən özüm ona zəng etdim və e-mail almadığımı xatırlatdım. Hətta bir sıra düzəlişləri SMS-lə göndərmək məcburiyyətində qaldım. Heç bir cavab gəlmədi.

Mən televiziya efirində müzakirə üçün ARB telekanalından dəvət aldım. Bütün telekanallarda dövlət senzurasını nəzərə alaraq, mən yalnız canlı yayımda çıxış etməyə hazır olduğumu bildirdim. Mənə yenidən zəng edib, müzakirələrin lentə alınacağını bildirdilər, çıxışımın kəsilmədən yayımlanacağına söz verdilər. Dedim: Düşünərəm. Daha sonra mənə zəng edib, verilişin təxirə salındığını bildirdilər. Lakin dekabrın 11-də ARB-də müzakirələrin çəkilişi oldu, bir gün əvvəl Toplum TV-də onlayn müzakirələrdə birgə çıxış etdiyimiz professor Qulu Məhərrəmli bu müzakirələrə qatıldı.

İndi isə Əhməd İsmayılovun bəhs etdiyi İctimai Televiziyada müzakirələr haqqında.

İTV baş direktorunun müavini Murad Hüseynov mənə zəng vurdu və telekanallarındakı müzakirələrdə iştirak etməyə dəvət etdi. O, əvvəlcədən müzakirələrin lentə alınacağını bildirdi. Mən bu formatla razı olmadığımı dedim. Amma əsas məsələ bu deyil. Mən strateji yol xəritəsi və Azərbaycan informasiya cəmiyyətinin inkişaf proqramı olmadan qanunun qəbulunun qəti əleyhinə olduğumu bildirdim. O, cavabında bu mövqeyimlə tanış olduğunu bildirdi.

Dekabrın 17-də parlamentdə keçirilən, İsmayılovun haqqımda bəyanat səsləndirdiyi onlayn müzakirələrə də məni, həmçinin qanun layihəsinin digər əleyhdarlarını yenə dəvət etməyiblər.

Bu açıqlamadan istifadə edərək, mən bir daha bildirirəm ki, strateji yol xəritəsi və Azərbaycan informasiya cəmiyyətinin inkişaf proqramı qəbul edilənə qədər qanun layihəsini təxirə salmaq lazımdır. Bu problemin hər üç komponenti dövlətin və cəmiyyətin birgə əməyinin nəticəsi olmalıdır. İnformasiya məkanı KİV-in eksklüziv mülkü çərçivəsindən kənara çıxıb.

Ümid edirəm ki, Əhməd İsmayılovun təhrif olunmuş bəyanatını yayan Report.az, eləcə də Report.az-dan bu bəyanatı götürüb dərc edən digər KİV-lər bu açıqlamanı da dərc edəcəklər.

Mehman Əliyev,
“Turan”ın – Azərbaycanda ilk və son müstəqil informasiya agentliyinin direktoru

Bənzər yazılar

Back to top button