AnalitikaManşetSiyasət

Media üçün böyük tələ: Vahid vəsiqə və reyestr

Parlamentdə tələm-tələsik müzakirə olunan, amma faktiki olaraq dəyişiklik edilməyən media haqqında qanun daha bir yeniliklə – Medianın İnkişafı Agentliyinin (MEDİA) jurnalist vəsiqəsi ilə hökumətyönlü KİV-ləri belə təəccübləndirib.

“Vahid milli jurnalist vəsiqəsi”nin hazırlandığı yeganə ölkə Özbəkistan idi. Məsələ 2019-cu ilin fevralında yayılmışdı, amma davamı gəlmədi. Odur ki, məşəli Azərbaycan təhvil aldı.

Maddə 70. Jurnalist vəsiqəsi

70.1. Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Vəsiqə niyə verilir, belə bir vəsiqənin məqsədi nədir? Bu, o deməkdir ki, redaksiyanın vəsiqəsi etibarsız olacaq, ya yox? Reyestrə daxil edilmiş redaksiyanın vəsiqəsi etibarlı olaraq qalırmı? Reyestrə daxil edilməmiş redaksiyanın jurnalist vəsiqəsi tanınırmı? Qanun layihəsində digər suallar kimi, bütün bu suallara da cavab yoxdur.

Maddə 71. Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları

71.1. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları vardır:

71.1.1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;

71.1.2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;

71.1.3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu Qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;

71.1.4. bu Qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.

Sual yaranır, jurnalistin dövlət orqanlarında akkreditasiyası və dövlət tədbirlərinin keçirildiyi yerlərə girişi nə vaxtdan imtiyaz hesab olunur? Bunu elə başa düşmək lazımdır ki, MEDİA agentliyinin vəsiqələrinə malik olan jurnalistlər redaksiya vəsiqəsi olan jurnalistlərə nisbətən üstünlüyə malik olacaq. Bu, o deməkdir ki, redaksiya vəsiqəsi olan jurnalistlər ikinci dərəcəli jurnalist olacaqlar və dövlət müəssisələrində akkreditasiyadan və tədbirlərə giriş hüququndan məhrum ediləcəklər? Amma qeyd etməliyik ki, bu məsələlər bu yenilik olmadan da dövlət orqanlarında akkreditasiya ala bilməyən və onların tədbirlərinə dəvət olunmayan müstəqil KİV-lərə aid deyil.

Bir az da KİV və jurnalistlərin reyestri barədə danışaq. Burada, prinsipcə, hər şey aydındır:

73.1. Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.

73.2. Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Buraya redaksiyalar, jurnalistlər haqqında bütün məlumatlar: vergi ödəyicisi olan redaksiyalarda artıq mövcud olan hər şey daxil ediləcək.

Prinsipcə, maraqlı təşəbbüsdür. Onu genişləndirmək, məsələn, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının, ticarətin, turizmin, inşaatın, nəqliyyatın, kommunal xidmətlərin vahid reyestrini yaratmaq, bir sözlə, istisnasız olaraq bütün ixtisas sahələrinin vahid reyestrlərini yaratmaq və hamıya vahid şəxsiyyət vəsiqələrini əvəz edə biləcək vahid peşə vəsiqələri vermək lazım idi. Yeri gəlmişkən, hüquq-mühafizə orqanları vətəndaşların ünvanları, telefon nömrələri, bəlkə də şəxsi həyatları ilə bağlı məlumatların yer aldığı məlumatlar bazasına çıxış verməklə, MEDİA reyestrinin işini asanlaşdıra bilərlər. Bu halda MEDİA Azərbaycanda KİV-i daha səmərəli şəkildə inkişaf etdirəcək. Hansı istiqamətdə inkişaf etdirəcəyi məlum məsələdir – agentliyin bir illik fəaliyyəti bunun dəlilidir. Azadlıq və müstəqillik istiqaməti istisnadır. Bu anlayışlar MEDİA-nın əsasnaməsində və nizamnaməsində əksini tapmayıb.

Mehman Əliyev, Turan İA rəhbəri

Bənzər yazılar

Back to top button