Siyasət

Ekspertlər KİV haqqında qanunu tənqid edirlər

Dünən Milli Məclis Media haqqinda qanunu ikinci oxunuşda qəbul edib. Çıxış edənlər qanun layihəsinin ekspertlər arasında yetərincə müzakirə olunduğunu və jurnalistlərin yeni qanunu bəyəndiklərini deyiblər.

Həqiqət isə fərqlidir. Sizi yazılan rəylərin bəziləri ilə tanış edirik.

Emin Şaiq İbrahimov: “Azərbaycan media azadlıq indeksinə görə bu gün 180 ölkə arasında 167-ci yerdədir. İndi bu mürtəce media qanun layihəsinin məqsədi nədir? Neçənci yerdə olmaq istəyirsiniz? İrticanın əlində oyuncağa çevrilmişik”.

Jurnalist Rauf Mirqədirov: “Mətbuatın mövqeyini heç veclərinə belə almadılar. Əslində, haqlıdırlar. Azad mətbuatın olmadığı bir ölkədə nəzərə alınacaq heç nə ola bilməz”…

Hüqüqşünas Xalid Ağali yazır: “”Media haqqında” qanun layihəsi təklifindən: “…onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəyi əlavə olunur”. Yəni, tam dövlət nəzarəti”.

Politoloq Ərəstun Oruclu Media haqqında yeni qanun layihəsini nəhayət oxuduğunu bilidərək yazır: “Anladım ki, əsas məqsədlərdən biri internet platformalarını nəzarətə götürüb onların fəaliyyətini idarə etməkdən ibarətdir.

Nəticə bu olacaq ki, ölkənin daxilində olan internet resursları susdurulacaq və güc mərkəzi keçəcək ölkənin xaricinə. Səhv etmirəmsə, hakimiyyət bu yerə artıq bir dəfə batmışdı. İkinci dəfə batmağa nə ehtiyac var?”.

Multimedia ictimai birliyin sədri Osman Gündüz qanunun qəbul edilməsində bu cür tələskənliyin səbəbini anlamır. “Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsi artıq ikinci oxunuşda təsdiqlənib. Cəmi 6 gün öncə birinci oxunuşdan keçmişdi. 3 qanun layihəsinin birləşməsi olan, yetərincə həcmə malik bir layihə bir neçə saat sərf olunmaqla artıq əsas oxunuşlardan keçib. Cəmiyyətin bütün təbəqələrinin maraq dairəsində olan bu tip layihənin qapalı formada hazırlanaraq, dərhal müzakirəyə çıxarılması, ildırım sürətli oxunuşlar anlaşılmaz və düşündürücüdür. Görən tələskənliyə səbəb nədir?

Yeri gəlmişkən, bu qanun layihəsi Avropa məkanında ilk dəfə olaraq İnternet TV-lərin nəinki qeydiyyatı, hətta daha mühafizəkar yanaşma olan lisenziyalaşma tələbini irəli sürüb. Prezident Azərbaycan İnternetinin tam azad olması ilə bağlı tez-tez açıqlamalar verir. Bu baxımdan ümid edirəm qanun layihəsi bu formada qəbul edilməz, Prezident tərəfindən imzalanmaz.

Xatırladıram ki, Avropa qurumları və bir çox beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilən “İnformasiya əldə etmək haqqında” Qanunu 3-4 ilə güclə qəbul edə bilmişdik. Görünür, xeyli irəliləmişik, əvvəllər 3 ilə qəbul edilən qanunları indi 3-4 günə həll edə bilirik”, O.Gündüz fikrini belə yekunlaşdırdı.

Jurnalist Nurlan Libre Qəhrəmanlı: Jurnalist Səxavət Məmməd “Media haqqında qanun” lahiyəsinin ilk qurbanı oldu. O, yazdığı bir məqaləyə görə prokurorluğa çağrılıb və məhkəmə qərarı ilə 500 manat cərimələnib. Azad Media susdurula bilməz!” (Turan)

Bənzər yazılar

Back to top button