GündəmHadisə

Məhkəmə iki jurnalistin ilkin həbs müddətini uzadıb

Martın 19-da Bakının Səbail Rayon Məhkəməsi “Kanal 13” İnternet TV-nin rəhbəri Əziz Orucovun və bu media qurumunun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini iki ay uzadıb. Bu barədə Turan-a Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.

Onun sözlərinə görə, məhkəmənin qərarlarından apellyasiya şikayətləri veriləcək.

“Hazırda məni ən çox Əzizin sağlamlığı narahat edir. Heç bir istintaq hərəkəti aparılmır, lakin həbs müddəti üçüncü dəfədir uzadılır”, deyə Lamiyə Orucova bildirib.

Öz növbəsində, Şamo Eminovun vəkili Əlibaba Rzayev də müvəkkilinin həbs müddətinin uzadılmasının əsassız olduğunu qeyd edib.

“İttihamın heç bir hüquqi əsası yoxdur”, deyə vəkil Turan-a bildirib.

* Xatırladaq ki, Əziz Orucov 27 noyabr 2023-cü il tarixində saxlanılıb və qanunsuz tikinti aparmaqda ittiham olunub, məhkəmə onu üç ay müddətinə həbs edib.

Dekabrın 19-da ona qarşı CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Orucovu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əziz Orucov 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxıb və ittihamı ləğv edib.

** Kanal-13-lə əməkdaşlıq edən jurnalist-frilanser Şamo Eminov dekabrın 22-də saxlanılıb və “əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” (Azərbaycan CM-in 206.3.2-ci maddəsi) ittihamı ilə 3 ay müddətinə həbs edilib.

Bənzər yazılar

Back to top button