HadisəManşet

Sabiq nazir müavini Eldar Həsənovun məhkəməsində nələr dedi?

Azərbaycanın Belçikada səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Vaqif Sadıqov dekabrın 22-si Bakı Ağır Cinayətlər Məhkəməsində şahid ifadəsi verib. Vaqif Sadıqov 2004-2010-cu illərdə xarici işlər nazirinin müavini postunu tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2001-2020-ci illərdə Azərbaycanın Rumıniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş dövlət xadimi Eldar Həsənovu mühakimə edir.

Azadliq.org-un məlumatına görə, Eldar Həsənova ittihamlardan biri səfirlik üçün bina alınarkən qiymətin artıq göstərilməsi və bu yolla milyonlarla büdcə vəsaitinin mənimsənilməsidir. Vaqif Sadıqov nazir müavini olduğu dövrdə xaricdə səfirlik binalarının alınması üçün yaradılmış hökumət komissiyasına sədrlik edib. Almaq üçün təklif olunan binalara həmin komissiya baxış keçirib, rəy verib.

22 dekabr ifadəsində Vaqif Sadıqov deyib ki, səfirlik üçün uyğun hesab olunan binalara baxır, qiymətlərlə maraqlanır, əmlak sahibləri ilə danışıqlar aparırdılar: “Altı-yeddi binaya baxıb birini seçir, Xarici İşlər Nazirliyinə təqdim edirdik. Nazirlik də həmin binanı Nazirlər Kabinetinə təqdim edirdi. Nazirlər Kabineti qərar verəndən sonra Maliyyə Nazirliyi pul ayırırdı.

Eldar Həsənovun səfir olduğu Serbiyada da bina eyni qaydada alınıb. Danışıqlar ev sahibinin özü ilə aparılıb, səfir Eldar Həsənov nə bina seçiminə, nə də qiymət məsələsinə qarışıb. Eldar Həsənovun bizə nəyisə təqdim etməyə, təyinata ixtiyarı yox idi. O göstəriş verə bilməzdi ki, biz kimisə işə götürək, yaxud da kimisə çıxaraq. Alınması nəzərdə tutulan binaların qiymətlərini Əmlak Məsələləri Dövlət Komitəsi araşdırırdı. Qiymətlər real olanda razılıq verilirdi. Bina seçiləndən, pulu ödənəndən sonra səfirliyə təqdim olunurdu”.

Eldar Həsənovun cinayət işində adı ən çox adı hallananlardan biri də mərhum memar Eldar Hüseynovdur. Hər dəfə mərhumun adı səslənəndə Eldar Həsənov deyir ki, onun səfirliyə aidiyyəti yox idi, Eldar Hüseynovu Azərbaycan hökuməti humanitar layihələr üçün göndərirdi, ona diplomatik pasport da verilmişdi.

Dekabrın 22-də Vaqif Sadıqov bu haqda sualları cavablandırarkən təsdiqləyib ki, Eldar Hüseynovu Xarici İşlər Nazirliyi təhkim etmişdi, səfirlik onun fəaliyyətinə qarışmırdı: “O, Serbiyaya Taşmaydan parkında mərhum prezident Heydər Əliyevin heykəlinin ucaldılması üçün göndərilmişdi. Eldar Hüseynovu Prezident Administrasiyası təsdiqləmişdi. Humanitar layihəyə də səfirlik yox, Eldar Hüseynov cavabdeh idi”.

22 dekabr prosesində Eldar Həsənov da danışaraq deyib ki, istintaqda dindirilən 101 nəfərdən yalnız Araz Əliyev onun əleyhinə ifadə verib: “Bu da səbəbsiz deyil. Onu səlahiyyət müddətinin bitməsinə bir il qalmış geri qaytarmışam. Həbs etdirmədim, geri qaytardım”.

Eldar Həsənov əlavə edib ki, həbs olunduğu gün iş otağında, həm Belqradda, həm də Bakıda yaşadığı evlərdə qapını sındırıb axtarış aparıblar, bank kartlarını, tabel silahını və onun özünə aid sənədləri götürüblər, amma onların heç biri iş materiallarında yoxdur.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə yüksək vəzifəli məmur həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.

Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb. Eldar Həsənov həmin gün səhər Bakıda evindən çıxaraq Xarici İşlər Nazirliyinə, nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən tutulub.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Eldar Həsənova maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması üzrə ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.

Prosesə məhkəmə sədrinin müavini Əfqan Hacıyev sədrlik edir, hakimlər kollegiyasına Əhməd Quliyev və Zeynal Ağayev də daxildir.

Eldar Həsənovun dörd vəkili var: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehrəliyev.

Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var. Onun övladları Türkiyədə yaşayır.

Bənzər yazılar

Back to top button