Dünya

“Nyu-York Post” uyğur qadının tükürpədici açıqlamasını dərc edib

ABŞ-ın “Nyu-York Post” qəzeti Çin Xalq Respublikasındakı əsir düşərgələrində işgəncələrə, cinsi təcavüzə məruz qalmış Tursunay adlı uyğur qadının açıqlamasını dərc edib.

Novator.az-ın məlumatına görə, 2020-ci ildən ABŞ-da mühacir həyatı yaşayan Tursunay qəzetə açıqlamasında bildirib ki, ilk dəfə 2017-ci ildə Çinin Sincan Uyğur Muxtar Rayonunda küçədə həbs olunub. Polis onun pasportunu əlindən alaraq yaşadığı kənddən 30 dəqiqəlik məsafədə yerləşən həbs düşərgəsinə salıb.

Düşərgədə Tursunaya kommunizmi mədh edən mahnılar oxudublar və ona dəfələrlə islam dininin cəfəngiyyat olduğunu, ümumiyyətlə bu adda din olmadığını deyiblər. Bir müddət sonra Tursunayın mədəsində ağrılar baş qaldırıb, o, huşunu itirib. Xəstəxanaya yerləşdirilən uyğur qadın müvəqqəti sərbəst buraxılıb.

Üstündən bir il ötməmiş Tursunay yenidən polis məntəqəsinə çağırılıb. Burada ona “təhsil”ini başa çatdırmalı olduğunu deyiblər və Tursunayı yenidən əsir düşərgəsinə yollayıblar.

Çin hökuməti uyğurların və digər etnik azlıq nümayəndələrinin saxlandığı həbs düşərgələrini “peşə təlimi mərkəzləri” adlandırır və həbsləri də bu mərkəzlərin işi kimi qələmə verir.

“Nyu-York Post”a açıqlamasında Tursunay deyib ki, həmin “peşə təlimi mərkəzi”ndə onun saçını qırxıblar, sırğalarını qulağından güclə dartıb qoparıblar: “Onlar sırğalarımı elə dartdılar ki, qulaqlarımdan qan axmağa başladı”.

“Nyu-York Post” vurğulayır ki, Tursunay qəzetə ağlaya-ağlaya, göz yaşları içində danışıb. O bildirib ki, ikinci dəfə düşərgəyə salınanda cinsi təcavüzə məruz qalıb, həmçinin onun bədənini, xüsusilə intim yerlərini elektrik cərəyanına veriblər.

“Bədənimdə elə izlər qalıb ki, özümə baxa bilmirəm” deyən Tursunay düşərgədə ona sterilizə məqsədilə dərman verildiyini də söyləyib. O qeyd edib ki, ana olmaq, uşaq doğmaq qabiliyyətini məhz həmin dərmanın təsiri nəticəsində itirdiyini düşünür.

“Nyu-York Post” yazır ki, Tursunayın başına gələnlər nə ilk, nə də son hadisədir və bu, Si Cinpinin rəhbərlik etdiyi indiki Çin üçün görünməmiş bir hadisə deyil.

1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısı və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir.

Almaniyalı alim Adrian Zentsin bu yaxınlarda üzə çıxardığı, Çin Xalq Respublikasında hazırlanmış məxfi sənədlər bir daha göstərib ki, Sincan Uyğur Muxtar Rayonunda aparılan repressiyalarda Si Cinpinin birbaşa əli var. Məxfi sənədlər uyğur ailələrində doğum səviyyəsinin nəzarətə götürülməsi, uyğurların “tərbiyə olunması”, “xəstə düşüncələrinin müalicə olunması”, məcburi əməyə cəlb edilməsi, köçürülməsi ilə bağlı Çin Kommunist Partiyası rəhbərliyinin təlimatlar, göstərişlər verdiyini təsdiqləyib.

Sənədlərə əsasən, Si Cinpin 2014-cü ildəki bir çıxışında deyib ki, Sincan Uyğur Muxtar Rayonunda, xüsusilə bölgənin cənubunda vəziyyət nəzarət altına alınmasa ölkənin milli təhlükəsizliyi təhdid altına düşə, Çinin XXI əsrdə qarşıya qoyduğu məqsədlərə çatmasında maneələr yarana bilər.

Sənədlərə görə, Çin Kommunist Partiyasının Sincan Uyğur Muxtar Rayonu üzrə katibi Çen Syuanqo həbs edilməli olan adamların hamısını bir yerə toplamaq barədə vəzifəli şəxslərə əmr verib. Onun əmrində bildirilib ki, bölgədə “peşə təlimi mərkəzləri” uzun müddət və fasiləsiz fəaliyyət göstərməlidir.

Adrian Zentsin üzə çıxardığı sənədlər Çin hakimiyyətinin xüsusilə Sincan Uyğur Muxtar Rayonunun cənubunda uyğurların sayının artmasından, əhalinin demək olar yalnız uyğurlardan ibarət olmasından ciddi narahatlıq keçirdiyini, bunu “əhalinin etnik tərkibində balansın pozulması” kimi qiymətləndirdiyini bəlli edib. Aydın olub ki, Çin hakimiyyəti 2022-ci ilədək uyğur ailələrində birdən artıq uşaq doğulmasını yasaqlayıb və əsasən ölkənin şərqindən 300 min nəfəri, yəni milliyyətcə uyğur olmayan 300 min çinlini Sincan Uyğur Muxtar Rayonunun cənubuna köçürməyi qərara alıb.

Böyük Britaniyanın “The Guardian” qəzetinin qənaətinə görə, bu sənədlər Çin Kommunist Partiyasının rejimi qorumaq məqsədilə durmadan soyqırımı törətmək niyyətində qəti olduğunu nümayiş etdirir.

“Nyu-York Post” qəzetinin məlumatına əsasən, xüsusən 2016-cı ildən bəri uyğurları elə küçələrdəcə tutaraq “təlim mərkəzlərinə” göndərirlər. Düşərgələrdə onlara dəhşətli işgəncələr verir, qadınları həm də cinsi təcavüzə məruz qoyurlar. Bəzilərinin işgəncələr altında öldüyü bildirilir.

Çinin şimal-qərbində yerləşən Sincan bölgəsində yaradılmış Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası katiblərinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Sincanda bir milyondan çox uyğurun əsir düşərgələrində saxlandığı bildirilir.

2021-ci ilin yanvarında ABŞ Dövlət Departamenti uyğurlara qarşı hərəkətləri rəsmən soyqırımına cəhd adlandırıb. Oxşar qiymətləndirmə Dövlət Departamentindən qabaq Kanada və Niderland parlamentlərində də qəbul olunub.

Hüquq müdafiəçiləri və hüquq müdafiə qrupları dəfələrlə bəyan ediblər ki, Çin hökuməti insanlıq əleyhinə cinayətlər törədir və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasının bütün müddəalarını pozur.

2021-ci ilin noyabrında ABŞ-ın Holokost Memorial Muzeyi Çində uyğurlara qarşı törədilən repressiyalarla bağlı “Bizi yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlı hesabat yayıb.

Hesabatda Çin hökumətinin Sincan əyalətində yaşayan milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub. Hesabat müəllifləri Çində 3 milyon uyğurun məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qaldığını aşkarlayıblar. Hesabatda Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş xarakter daşıdığı, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, bir milyondan çox uyğurun əsir kimi düşərgələrdə saxlandığı vurğulanıb.

Holokost Memorial Muzeyi Çin hökumətinin əməllərini soyqırımı siyasətinə bərabər tutub və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti addımlar atılmasına çağırıb.

2021-ci il dekabrın 14-də ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun qəbul edib. Dekabrın 16-da Konqresin yuxarı palatasının (Senat) da yekdilliklə dəstəklədiyi qanun Çində uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsulları yasaqlayır. Qanunun tələbinə görə, Amerika şirkətləri Çindən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da qadağan edir.

Hesab olunur ki, ABŞ şirkətləri qarşısında belə bir tələbin irəli sürülməsi uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq.

ABŞ prezidenti Cozef Baydenin qanunu tezliklə imzalayacağı gözlənir.

Bənzər yazılar

Back to top button