CəmiyyətGündəm

Apteklərdə yenə tibbi maskalar yoxa çıxdı

Bakı apteklərində qoruyucu maskalar yoxdur. Bu barədə Turan-a vətəndaşlar məlumat verib. “Bütün Bakını gəzdik, heç bir aptekdə qoruyucu maska yoxdur. Bir həftə əvvəl qiyməti 10 qəpik olan maskanı heç olmasa 30-50 qəpiyə almaq mümkün idisə, indi maskalar ümumiyyətlə yoxa çıxıb. Bir-iki aptekdə başqa növ maskaları 4 manata satırlar. Bu isə bizim üçün çox bahadır. Dörd nəfərdən ibarət ailəyə 16 manat vermək gücümüzdə deyil”.

Bakı şəhərində yerləşən müxtəlif apteklərdən Turan-a maskaların olmaması faktını təsdiqləyiblər. “Maska yoxdur. Depodan bizə içərisində 50 maska olan cəmi bir qutu maska verilir. O da yarım saata qurtarır. Maskaları hər gün vermirlər, hərdən iki gündən bir gətirirlər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı Turan-a bildiriblər ki, apteklərin fəaliyyəti və orada satılan malların mövcudluğu nazirlik tərəfindən tənzimlənmir. “Apteklər özəldir deyə maskaların olub-olmaması məsələsinə müdaxilə edə bilmirik”, – deyə qurumdan bildirilib.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın mətbuat xidmətindən Turan-a bildirilib ki, apteklərdə qoruyucu maskaların olmaması ilə bağlı xəbərləri var. “Keçən həftə də Operativ Qərargah tərəfindən keçirilmiş mətbuat konfransında bildirilib ki, ölkədə tibbi maskaların kifayət qədər ehtiyatı mövcüddur. Apteklərdə maskaların olmamasından xəbərimiz var və biz bu məsələni aidiyyatı olan orqanlara çatdıracağıq”.

Dərmanların və tibbi ləvazimatların ölkəyə idxalı və apteklərə paylanılması ilə məşğul olan şirkətlərə məsələ ilə bağlı zənglər nəticə verməyib.

Bənzər yazılar

Back to top button