Hadisə

Ramiz Mehdiyev “Nizami Gəncəvi adına Qızıl medalı” özünə qamarladı – FOTO

AMEA-nın prezidenti Ramiz Mehdiyev rəhbəri olduğu elm ocağının Rəyasət Heyətinin təqdimatı ilə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na sahib olub.

Demokratik.az bildirir ki, gözlənilməz və müəmmalı təltif rəsmi bəyanatda dahi “Nizami Gəncəvi İli”nin AMEA-da təşkili, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrlə əsaslandırılıb. Lakin, son illərdə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği istiqamətində akademik Ramiz Mehdiyevin konkret hansı xidmətlərilə seçilməsinə, bu istiqamətdə AMEA-da hansı səmərəli fəaliyyətə imza atmasına heç bir aydınlıq gətirilməyib.

AMEA-nın özünün bəyanatında xatırlandığı kimi, tədbirdə qeyd olunub ki, bu il 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən sözügedən medalla təltif etmək səlahiyyəti AMEA-nın Rəyasət Heyətinə verilib.

Maraqlıdır ki, sözügedən fərmanın icrasında AMEA Rəyasət Heyətinin üzvləri Nizami Gəncəvinin tədqiqi və təbliği sahəsində nədənsə başqasını deyil, Nizami Gəncəvi yaradıcılığı ilə uzaqdan-yaxından ilgisi olmayan Ramiz Mehdiyevi bu təltifə layiq görüblər.

Cari ildə şeyx Nizaminin yaradıcılığının tədqiqi və təbliği istiqamətində elmi əsaslara dayanan yeniliyin olmamasını əsas götürsək, dövlətin və ictimaiyyətin akademiyadan və Ramiz Mehdiyevdən gözləntilərin nəticələrinin də qənaətbəxş olmadığını nəzərə alsaq, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Səncərlə birgə Ramiz Mehdiyevə də verilməsi başadüşülən deyil.

İndiyədək bu mükafata Arif Məlikov (2015), Jores Alfyorov (2015, Vayra Vike-Freyberqa (2015), İsmayıl Seragəldin (2015), Lütfi Zadə (2016), Böyükkişi Ağayev (2016), Nərgiz Paşayeva (2017), Robert Hoyland (2017), Xoşbəxt Yusifzadə (2018), Roald Saqdeyev(2018) kimi tanınmış şəxslər layiq görülüb. Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər. Azərbaycan Milli Elmlər Akademiyasının təltif etdiyi ən yüksək mükafat olan Nizami Gəncəvi adına Qızıl medal və onun diplomu AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən təqdim olunur. İlk dəfədir ki, təltif AMEA-nın öz rəhbərinə təqdim edilib.

Axı, Ramiz Mehdiyev bütün karyerası boyunca Nizami Gəncəvinin yaradıcılığına hansı faydalı elmi yanaşma, kəşf gətirib? Və ya bu adam Nizami Gəncəvinin tədqiqi və təbliği yönündə AMEA prezidenti olaraq hansı münbit mühiti yaradıb ki?..

Ramiz Mehdiyev özu də bu sadə sualların cavabına varsa, sinəsində daşıyacağı “Nizami Gəncəvi adına Qızıl medalı”n mənəvi yükünün ona nə qədər ağır olduğunu anlayacaq…

AMEA prezidentinin vəzifə öhdəlikləri məcburiyyətilə “Nİzami Gəncəvi ili” ilə əlaqədar formal tədbirlər keçirməsi statistikası isə ümumiyyətlə Ramiz Mehdiyevə sözügedən medalı qazandıra bilməzdi. Bunun bircə adı var – Ramiz Mehdiyev “Nizami Gəncəvi adına Qızıl medalı” özünə qamarladı…

Bənzər yazılar

Back to top button