Hadisə

Ucar sakini: “Kim rüşvət verirsə, heyvanla təmin olunur”

Ucar rayonu Yuxarı Şilyan kənd sakini, Əfqanıstan müharibəsi veteranı Yusifov İlqar Veysəl oğlu Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyevin fəaliyyətindən şikayətçidir.

“AzPolitika.info”-ya məktub göndərən şikayətçi qeyd edir ki, sözügedən qurum ona qarşı haqsızlıq edir: “Mən şikayət ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, 2019-cu il tarixdən özünüməşğulluq proqramına qeydiyyata alındığımı bildirmişdim. Həmin ildən qeydiyyata alınsam da indiyə qədər aktivlə təmin olunmadığımı, məndən çox sonra qeydiyyata alınanların isə aktivlərlə təmin olunduqlarını göstərmişdim. Bundan sonra Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev mənə qanunsuz olaraq imtina məktubu göndərib. İmtina məktubunda qeyd edilib: “26 avqust 2021-ci il tarixdə filialın əməkdaşları tərəfindən yaşadığınız ünvana baxış keçirilərkən təsərrüfatınızda heyvanların saxlanılmasını sübut edən izlər aşkar olunmuşdur”.

Şikayətçi bildirir ki, məktubda göstərilən səbəb saxtadır və bunu istər qonşuları, istərsə də kənd icra nümayəndəliyi təsdqləyə bilər: “Bu, tam yalan və uydurmadır. Bu imtinanı Samir Nuriyev qanunsuz və qərəzli olaraq mənim şikayət ərizələrimdən sonra 18 oktyabr 2021-ci il tarixdə göndərib. Həmçinin, məni Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı onlayn qaydada qəbul edib dedi ki, Ucar Rayon İcra Hakimiyyəti başçısı arayış verib bildirib ki, yaşadığınız ünvana baxış keçirilərkən təsərrüfatınızda heyvanların saxlanılmasını sübut edən izlər aşkar olunmuşdur. Mən bundan sonra Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun qəbulunda olub, bu barədə soruşduqda mənə şəxsən bildirdi ki, qətiyyən mümkün deyil ki, Ucar Rayon İcra Hakimiyyəti və ya kənd üzrə nümayəndəlik belə bir yalan arayış versin, problemin kökünü məşğulluq xidmətində axtarın. Bundan sonra Yuxarı Şilyan Kənd İcra Nümayəndəliyi təkrar baxış keçirib, arayış verdi. Həmin arayış tam subut edir ki, Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev mənə qarşı saxtakarlıq edib. Mənim təsərrüfatımda uzun illərdir ki, heyvan saxlanılmır, bunu təsdiq edən icra nümayəndəliyinin 2 arayışı var. Həmçinin qonşular bunu təsdiq edə bilərlər ki, mənim həyətimdə uzun illərdir (təxminən 10 ildir) iri və xırda buynuzlu heyvan saxlanılmır.”

Vətəndaş bildirir ki, Samir Nuriyevin özündən arxayınlığı və şikayətlərə məhəl qoymaması onun qardaşı Elşən Nuriyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə tutması ilə bağlıdır. Şikayətçi iddia edir ki, 19 saylı filialda korrupsiya hallarına yol verilir: “Sadəcə, kim məşğulluq proqramına qoşulub tez bir zamanda aktivlə təmin olunmaq istəyirsə, rüşvət verməlidir. Tanıdığım Ucar rayon sakinləri var ki, təsərrüfatında bir neçə baş iri buynuzlu heyvanların olmasına baxmayaraq, onlara özünüməşğulluq proqramı əsasında iribuynuzlu heyvanlar verilib. Nazirlik səviyyəsində yerindəcə yoxlama aparılarsa, bu faktları göstərəcəyəm.”

İ.Yusifov sonda nazirliyin komissiya yaradaraq, onun problemini yerində araşdırmasını xahiş edir.

Bənzər yazılar

Back to top button