CəmiyyətGündəm

Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirib.

Nazir hazırda məsələ ilə bağlı ictimai müzakirələrin getdiyini və bunu izlədiklərini bildirib.

O qeyd edib ki, müxtəlif fikirlər səslənir. Nazir bunlara fikir bildirənlərə təşəkkür edib: “Çünki bəzən səsləndirilməyən də təəssüf ki, səsləndirilir. Bu da gözləniləndir. Burada hər hansı bir ümidsizliyə qapılmağa ehtiyac görmürəm. Lakin ümumilikdə bir neçə prinsip vacibdir. Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları, yaxud təhsili idarə edən hər hansı şəxslərin məktəbdə dırnaqarası pul yığması, yaxud maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir. Hesab edirəm ki, biz məktəblərə resurs cəlb oluna bilər fikrini səsləndirəndə və bu könüllü əsasda olmalıdır dedikdə bu, məktəb direktoru, yaxud hansısa məmur tərəfindən mütləq olmalıdır fikri kimi başa düşülməməlidir. Könüllülük çox vacib məsələdir. Bu da o demək deyil ki, kimsə buna məcbur edilə bilər, sadəcə istəyə bağlıdır”.

“Kimsə öz oxuduğu, məzun olduğu, yaşadığı yerin həyətində olan, yaxud övladının təhsil aldığı məktəbə hər hansı şəkildə, eləcə də qanunda zidd nəzərdə tutulmayan mövzu ilə bağlı könüllü olaraq hansısa maddi resursu vermək istəyirsə, bunun mexanizmi olmalıdır”, – deyən nazir əlavə edib ki, bəzən yanlış olaraq Valideyn Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin qurumu kimi başa düşülür: “Amma bu belə deyil. Bu, valideynlərin özünü idarəetmə qurumudur. Yəni təşkilat ola da bilər, olmaya da bilər. Valideynlər qərar verməlidirlər ki, onlar məktəbin idarəetməsində iştirak etmək üçün bu və ya digər ictimai qurumlarda təmsil olunub bu işi görmək istəyirlər ya yox. Təbii ki, təmsil olunub bu işi görə bilirlərsə, bu, şagird, təhsil və məktəb üçün də yaxşı xəbərdir. VMA və bu kimi ictimai təşkilatlar cəmiyyət üçün yeni və öyrəşmədikləri modellərdir. Qanunvericiliyə görə də belə qurumların fəaliyyəti hələlik qadağan olunmayıb. Söhbət könüllü yığılan vəsaitin şəffaflıq, hesabatlılıq prinsipi əsasında şagirdlərin inkişafı naminə toplanıb xərclənməsində bir problem olmasından gedir”.

Onun sözlərinə görə, müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır: “Bu, risklidirmi, hansı risklər var və nəyi pisdir? Əgər valideyn bütün vergilərini ödəyəndən sonra könüllü olaraq əlindəki əlavə vəsaiti hər hansı səbəblə məktəbə vermək istəyirsə, arqument olmalıdır ki, bu çox pisdir və bunu etmək olmaz. Yaxud da bu cinayət deyilsə və mümkündürsə bunun mexanizmini müzakirə etməliyik. Məncə bu növbəti addımdır.

Hələlik ictimai müzakirələrdə səsləndirilən fikirləri toplayırıq, ictimaiyyətin rəyini öyrənirik. Hesab edirəm ki, gələn ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək. Müzakirələrin davamlı olmasını istəyirik. Mövzu ətrafında hansısa kənara çıxmalar olmadan bu müzakirədə iştirak edən hər kəsə təşəkkür edirəm. növbəti mərhələdə artıq ictimaiyyətə ayrı-ayrı mexanizm və modelləri təqdim edə biləcəyik. Orada da eyni sual olacaq ki, bu pisdirmi, yaxşıdırmı? Addım-addım yeni modellərdən qorxmamalıyıq. Məktəb rəhbərliyi ilə bağlı neqativ fikri olanlar da var. Yəqin ki, bunun da səbəbləri var. Lakin bu hər zaman belə qalası deyil. Biz bunu yaxşıya və işləyən mexanizmlərə doğru dəyişməliyik. Təbii ki, bunu məcbur etməliyik deyə bir şey də yoxdur. İlk növbədə valideyn və ictimaiyyət məsələnin mahiyyətini anlamalı, istəməli və tətbiq etməlidir. İstəməsələr, olmayacaq. Olmasa da sadəcə məktəbə əlavə resurs gəlməyəcək”.

Bənzər yazılar

Back to top button