İqtisadiyyat

Ucuz dolların bahalığı

İqtisadçı Rövşən Ağayev 2021-ci ilin dünya əmtəə bazarlarında kəskin bahalanma ilə keçdiyini yazır. Ekspert qeyd edir ki, bahalanma daha çox pandemiyanın təchizat zəncirində yaratdığı problemlərin, daşımalarda kəskin qiymət artımlarının nəticəsidir: “Amma 2020-ci ilin martında qlobal pandemiya elan ediləndən bir müddət sonra dollar indeksində enmələr müşahidə olundu. 2018-ci ilin yayından sonrakı dinamikaya baxsaq, 2021-ci ildə dollar indeksi ən aşağı səviyyəyə düşdü. Yalnız son 2 ayda indeks yuxarı yön almağa başlayıb.

Deməli, dünya əmtəə bazarlarındakı bahalıq pandemiyanın neqativ təsirləri ilə yanaşı dolların ucuzlaşmasından da doğur. Gömrük statistikasından Azərbaycanın qeyri-neft ixracının da bu bahalanmadan öz payını götürdüyünü görmək olur. Qeyri-neft ixracatının 50 faizini təmin edən 10 məhsulun əksəriyyətinin dünya bazar qiymətləri kəskin bahalanıb. 2021-ci ilin 10 ayını ötən ilin eyni dövrü ilə müqayisə etsək, metanol spirtinin orta ixrac qiyməti 2,2 dəfə, polietilenin orta ixrac qiyməti 2 dəfəyə yaxın, pambıq mahlıcının orta ixrac qiyməti 20 faizə yaxın, polipropilenin orta ixrac qiyməti 50 faizdən çox artıb. Azərbaycanın qeyri-neft ixracında bu il müşahidə edilən yüksək artımda qiymət amilinin təsiri aydın görünür.

Amma növbəti il ABŞ-ın Federal Ehtiyat Sistemi monetar siyasətdə sərtləşdirməyə getsə, ucuz dolların bahalandırdığı bazarların tədricən öz qiymətinə (dəyərinə) dönməsi reallığı da var”.

Bənzər yazılar

Back to top button