Cəmiyyət

Şikayətçilər: “Maaşlarımızı kəsib, qohumlarının adına yazdılar”

Ordubadda kimsəsiz ahıllara xidmət göstərən 12 nəfər qadın sosial işçi “öz istəkləri ilə” yarım ştatlı işə keçmələri haqda ərizə yazmağa məcbur ediliblər. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup işçi məlumat verib. Şikayətçilər deyirlər ki, onların kəsilən maaşlarını mənimsəmək məqsədilə başqalarının adına yazılıb.
Şikayətçilərdən B.M. deyir ki, ərizəni yazmayacaqları təqdirdə işdən qovulmaqla hədələniblər:

“Martın 14-də Naxçıvan ƏSMN Sosial Xidmətlər Agentliyinin Ordubad rayon sektorunun müdiri Niyazi Quliyev gəlib dedi ki, ərizə yazıb, yarım ştata keçməlisiniz. Biz razılaşmadıq. Hədə-qorxu gəldi ki, yazmayan biryolluq işdən qovulacaq. Məcbur qalıb, hamımız yazdıq. Guya ki, ahılların sayı azdır, tam ştatı haqq etmirik.Lakin, bizdə olan məlumata görə, Niyazi Quliyev və digərləri bizdən kəsilən ştatları öz qohumlarının adına yazıb, mənimsəmək istəyirlər. Yəni, biz işləyəcəyik, maaşımızın yarısını yuxarıdakılar mənimsəyəcək. Bu insafsızlıqdır axı”.
Digər şikayətçi S.N. deyir ki, onlara ciddi tapşırıq verilib ki, maaşlarının kəsilməsi ilə bağlı mətbuata şikayət etməsinlər:

“Müdir dedi ki, ƏƏSM Nazirliyindən tapşırılıb ki, hamı yarım ştata keçməlidir. Hərəmiz 5-6 ahıla qulluq edirik. Çoxu da kəndlərdədir. Ucqar kəndlərdə olanlar da var. Neçə ildir belə işləyirik. İndi deyirlər, sizin işiniz tam ştata uyğun gəlmir, ərizə yazın, öz xoşunuzla yarım ştata keçin. Bizi işdən qovmaqla hədələdilrə, məcbur olub, yazdıq. Sonra dedi ki, mətbuata şikayət etsəz, işdən tam qovulacaqsınız. İndi bilmirik necə edək. Onsuz da maaşımız az idi- 500 manat. Bu pula onsuz da kəndləri gəzməyə dəyməzdi. İndi onun yarısını da kəsdilər. Necə olacaq, bilmirik”.

Naxçıvan MR ƏƏM Nazirliyindən işçilərin iddialarını cavablandırmaq isitəmədilər.

Bənzər yazılar

Back to top button