Siyasət

Bir qrup jurnalist parlament qarşısında etiraz aksiyası keçirib

Cümə günü bir qrup müstəqil jurnalist və videobloger parlament qarşısında “Media haqqında” qanun layihəsinə etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları üzərində “Azad mətbuat” yazılan məzar daşı formasında plakatı binanın qarşısına gətiriblər.

Aksiyada iştirak edənlər deputatları qanun layihəsini hazırki formada qəbul etməməyə çağırıblar.

“Bu, senzura, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması və onların işinə müdaxilə imkanlarının yaradılması, bizim konstitusion hüquqlarımızın pozulmasıdır”, deyə videobloger Nurlah Qəhrəmanlı bildirib.

Arqument.az saytının redaktoru Şəmşad Ağa öz növbəsində qeyd edib ki, hakimiyyət 8 aydır bu sənədi gizli şəkildə hazırlayıb, sonra isə müzakirə olunmadan parlamentə çıxarıb.

Bu sənəd Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir, deyə o qeyd edib.

Jurnalist Aliyə Yaqublu qanun layihəsinin jurnalistlərin araşdırma aparmasını faktiki olaraq qadağan edən “mürtəce bəndlərinə” toxunub. “Sənəddə yer alan qadağalar bizə pozuntu və korrupsiya faktlarını aşkar etmək hüququ və imkanı vermir”, deyə o bildirib.

Sonda jurnalistlər “Jurnalistika cinayət deyil”, “Azad media susdurula bilməz” şuarları səsləndiriblər.

Polis jurnalistlərin plakatlarını əllərindən alıb, amma aksiya iştirakçılarını dağıtmayıb. Saxlanılan olmayıb.

Bənzər yazılar

Back to top button