ManşetSiyasət

Zəngəzur dəhlizi açılanda Naxçıvana getmək istəyənlər üçün əl kitabı: Naxçıvanvari qadağalar

Yəqin ki, yaxın zamanlarda Zəngəzur yolu da açılacaq. Son zamanlar həm Azərbaycan, həm də Ermənistan rəsmilərinin açıqlamaları da bundan xəbər verir. Zəngəzur dəhlizinin açılması Naxçıvan turistik səfərlərin artmasına gətirib çıxaracaq və təbii ki, Azərbaycanın digər bölgələrindən insanlar uzun illər görmədikləri bu diyara səfər etməyə çalışacaqlar.

Amma Naxçıvana səfər etmək Azərbaycanın digər bölgələrinə getmək qədər asan deyil. Söhbət təkcə ermənilərin nəzarəti altındakı qədim torpaqlarımızdan keçərkən düşmən tərəfin yoxlamaları ilə üzləşməkdən də getmir. Söhbət həm də ondan gedir ki, Naxçıvanın özünəməxsus qadağaları var və bunları bilmədən Muxtar Respublikaya səyahət etmək ciddi sürprizlərlə qarşılaşmaq deməkdir. Mümkündür ki, Naxçıvana məxsus özəl qadağaları nəzərə almadan xoş ümidlərlə səfərə çıxmaq istəyənlər böyük xəyal qırıqlığı ilə üzləşsin və başını götürüb bu diyardan qaçmağa çalışsın. 4 tərəfdən “mühasirə” altında qalan Muxtar Respublikanı tərk etmək isə ABŞ-ın Quantanamo həbsxanasından qaçmaqdan daha qəlizdir. Odur ki, böyük xəyal qırıqlığına uğramamaq üçün Naxçıvan qadağalarını Zəngəzur dəhlizi açılmamışdan əvvəl öyrənməyiniz məsləhət görülür.

Ovqat.com da Naxçıvana səfər etmək eşqinə düşənləri vaxtında məlumatlandırmaq üçün bu qadağalardan bəzilərini diqqətinizə çatdırır.

Mövzuya keçməmişdən əvvəl onu da xatırlatmaq istərdik ki, əndrabadi qadağalar təkcə Naxçıvana xas deyil. Dünyanın bir çox ölkələrində hətta Naxçıvan “xanlığ”ını təəccübləndirə biləcək qadağalar var. Biz onlardan bir neçəsini zikr edərək Muxtar Respublika əhalisinə təskinlik vermək istəyirik. Amma qorxuruq ki, “xanlığ”ın indiyədə ağlına gəlmədiyi yeni qadağaları yada salaq. Ümid edirik ki, hörmətli Cənab Sədr bu yeni qadağaları Naxçıvanda həyata keçirmək barəsində düşünməz və bölgəni daha da yaşanmaz hala gətirməz.

Beləliklə, ilk öncə dünyanın Naxçıvanvari qadağaları

1. Türkmənistanda qara avtomobillərin alınması qadağan edilib. Xəbərlərə görə, gömrük rəsmiləri bu ilin əvvəllərindən ölkəyə qara avtomobillərin idxalına icazə vermirlər. Rəsmilər səbəb göstərməsələr də, adamlara ağ maşın almaq tövsiyə olunur. Türkmən gömrükçiləri yarızarafat, yarıgerçək bildirirlər ki, ağ maşın adamı ağ günə çıxarar.

2. ABŞ-ın Hollivud şəhərində xüsusi qərarla şəhərin küçələri ilə 2000 başdan artıq qoyun sürüsünün otarılması qadağan edilib.

ABŞ-ın Ohayo ştatında polislər itləri xəbərdarlıq etmək məqsədilə dişləyə bilərlər.

Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq qadağandır

Oklohomada isə ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağan olunub.

Demokratiyanın beşiyi sayılan ABŞ-da bu qadağaları oxuyanda adamın lap Naxçıvan “xan”ının ətəyində namaz qılmağı gəlir.

3. Almaniya qanunvericiliyinə əsasən, bu ölkədə yastıq silah növü kimi tanınıb.

4. Böyük Britaniya qanununa əsasən, deputatın parlament binasında ölməsi qəti qadağandır. Deputat bu qadağanı pozarsa, ölüyə hansı cəzanın veriləcəyi isə təsbit olunmayıb. Çünki ingilislərin “muxtar beyinləri” çatışmır. Naxçıvanda belə bir qadağa olsaydı, yəqin ki, deputatın bütün nəsli istintaqa cəlb edilib, hamısı ağır pul cəzasına layiq görülərdilər. Naxçıvanın Bakıdakı nümayəndəsi Bəxtiyar Əsgərov Böyük Britaniya səfiri ilə təcili görüşüb ingilis tələbələrin NDU-nun hüquq fakültəsinə qəbulu barədə razılıq əldə edə bilsə, bunun həm Muxtar Respublikaya, həm də Böyük Britaniyaya böyük faydası olar.

5. Sinqapurda metroda saqqız çeynəyənləri həbs gözləyir və s.

İndisə gəlin, keçək Naxçıvan Muxtar “Xanlığı”ndakı qadağalara:

1. Keçinin “Allahı”

Naxçıvanda ümumiyyətlə ov qadağandır. Məsələn 2019-cu ilin təxminən dekabr ayında Ordubad Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Şöbənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Unus kənd sakini Müşfiq Quliyev və Pəzməri kənd sakini Mehdi Bilalov saxlanılıblar. Onlar Unus kənd ərazisində yerləşən Qalaqayası dağında qanunsuz silah vasitəsilə adı “Qırmızı kitab”a düşən və ovlanması qadağan edilən Bezuar keçisinin ovlayıblar. Saxlanılan şəxslər tutduqları əməldən peşman olduqlarını bildiriblər. Fakt üzrə həmin şəxslər barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçirilib. Bu tədbirlər nədən ibarətdir? Ordubad Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Elməddin Zeynalov, RPŞ-in İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Rauf Rüstəmli və Cinayət-Axtarış Bölməsinin rəisi, polis mayoru Tural Hüseynli Müşfiq Quliyev Mehdi Bilalovu cərimə ediliblər. Özü də nə qədər? Bir keçiyə görə 13.000 manat cərimə ediliblər. Siz də Zəngəzur dəhlizi açılandan sonra Naxçıvana nəbadə ov tüfəngi ilə gedəsiniz. Naxçıvanda insandan başqa bütün məxluqatın, o cümlədən keçinin də “Allahı” var.

2. Naxçıvana gedərkən özünüzlə mobil telefonu aparmayın

Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən və Azərbaycanın digər bölgələrindən mobil telefon gətilməsi də qadağandır. Buna səbəb nədir? Məlumata görə, Naxçıvanda “müəllim” ləqəbi ilə tanınan Seymur Talıbovun himayəsində “A telekom” şirkəti fəaliyyət göstərir. Bildirilir ki, “A telekom”u Anar adlı şəxs idarə edir. Anar Zaqatala-Balakən bölgəsindəndir. Seymur müəllimlə yaxın münasibəti olduğuna görə mobil telefon monopolyasını Anara veriblər. Təsəvvür edin ki, Bakıda “İrşad telekom” mağazasında “Samsung Galaxy A03 Core” markalı mobil telefon 239 manatadırsa, Naxçıvanda 480 manata satılır. Çünki Anar müəllim Traif Şurası kimi öz mallarına istədiyi qiyməti qoyur.

Bəs Naxçıvana kənardan mobil telefon gətirsək, nə baş verə bilər? İstər xarici ölkələrdən, istərsə də Azərbaycanın digər regionlarından gələn telefonlar ilk olaraq Gömrük xidməti tərəfindən müsadirə edilir. Bakıdan gətirilən mobil telefona gömrük xidməti 10% rüsum tələb edir. Deyək ki, mobil telefon gömrük nəzarətindən kənar keçirildi, bəs bu zaman nə yaşana bilər? Əlbəttə ki, satılan zaman polis tərəfindən müsadirə edilir. Əvvəlki nazir Fazil Ələkbərov “Qanunsuz” mobil telefon ticarətinə qarşı amansız mübarizə aparırdı. İndi isə bu mübarizsəni Rəşad İsmayılovun öhdəsinə buraxıblar. Polis yeni mobil telefon satanları yaxalayır. Daha sonra polis şöbəsinə gətirirlər. Həmin mobil telefonlar rəis tərəfindən müsadirə edilir, daha sonra tutulan “qaçaqmalçını” “şəxsi və maddi keyfiyyətləri”nə görə 3000-6000 aralığında cərimə edib yola salırlar. Bu səbəbdəndə mobil telefon satışı ilə məşğul olmaq istəyənlərə deyirlər ki, gedin “A telekom”dan götürüb satın. Odur ki, Naxçıvana gedərkən, yaxın dostunuza və ya qohumlarınıza mobil telefon hədiyyəsi aparmağı unudun. Mütləq telefon hədiyyə etmək istəyirsinizsə, cibinizə onun normal qiymətindən 2-3 dəfə çox pul qoyub səfər çıxın. Tam istədiyiniz modeli tapa bilməsəniz də, bənzər bir telefonu “A Telekom”dan alıb “müəllimi” və onun Anar adlı ortağını xoşbəxt edə bilərsiniz.

3.“İşıqlıdır lampaları kolxozun”

Naxçıvanda “lambuçka” satışı da məhdudlaşdırılıb. Bu biznes sahəsi hakim ailənin nəzarətindədir. Belə ki, uzun illərdir ki, dədə-baba lampalarının satışına qadağa qoyulub. Əhali icbarı metodlarla LED lampalarına yönləndirilib. Bu icbari yönləndirmə isə sadə üsullarla həyata keçirilir: dükanlarda, mağazalarda adi lampalar yığışdırılıb. LED lampaların monopoliyasına nəzarət edən “yaxın qohum” dədə-baba lampalarının Naxçıvana gətirilməsinə suni maneələr yaradaraq, hər kəsi öz malını almaq məcburiyyətində qoyub. Bir çox kasıb ailənin bu bahalı lampaları almaq imkanı isə məhduddur. Naxçıvanda 1 ədəd lampanın qiyməti 3 manatdan başlayır.

Bəs deyək ki, kənardan gətirib satdıq, o zaman nə baş verə bilər? Əlbəttə ki, yenə də xana sadiq “polislər” buna qarşı mübarizə aparacaq. “Qanunsuz” lampa satışının sanksiyası isə çox ağırdır. Əgər sən xeyir-duasız lampa satırsansa 3000-5000 manat intervalında cəzalana bilərsən.

Bunlar hələ Naxçıvan qadağalarının bir qismidir. Naxçıvanda elə qadağalar var ki, onlar ancaq Şimali Koreya ilə müqayisə edilə bilər.

Bənzər yazılar

Back to top button