Hadisə

Diaspor fədaisi, yoxsa diaspor dəllalı – Sahil Qasımov 300 min avro mənimsəyib

Azərbaycan uzun illər informasiya blokadasından əziyyət çəkib. Bu məsələdə sözsüz ki, erməni diasporunun və erməni lobbisinin mühüm xidmətləri olub. Bir zamanlar xəyal kimi görünən azərbaycanlıların erməni diasporuna və erməni lobbisinə qarşı mübarizəsi, erməni yalanlarını ifşa etməsi artıq günümüzün reallığına çevrilib. Buna əsas səbəb isə son illər Azərbaycan dövlətinin diaspor fəaliyyətinə dəstəyinin güclənməsi, diasporumuzun təşkilatlanma işində nəzərəçarpan dəyişikliklərdir. Misal üçün deyək ki, xaricdə Azərbaycan evlərinin və həftəsonu məktəblərinin yaranması soydaşlarımızın milli-mənəvi dəyərlərimizə, ana dilimizə, bir sözlə əzəli vətənlərinə bağlılığını qoruyub saxlayır və daha da möhkəmləndirir.

Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilki çıxışlarından birində soydaşlarımızın fəallığını qeyd edərək bildirmişdir ki: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik”.

Azərbaycan tarixinə “Zəfər İli” kimi daxil olmuş 2020-ci il diasporumuzun da fəaliyyətinin qızıl ili sayılmalıdır. Bu tarix Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyəti ilə yadda qaldı. 44 günlük Vətən müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımız öz fəallıqlarının zirvəsini yaşadılar. İstər xaricdə yürüş və konfranslar keçirən, dünya ictimaiyyətinə müraciətlər edən azərbaycanlılar, istərsə də Qarabağa səfər edərək dağılmış maddi və mənəvi irsimizlə, talan edilmiş torpaqlarımızla bağlı beynəlxalq ictimaiyyətə məlumat çatdıran soydaşlarımız informasiya cəbhəsinin əsgərlərinə çevrildilər. Müharibə və ondan sonrakı dövrdə xaricdə yaşayan azərbaycanlılar qazilərimizə, qazi və şəhid ailələrinə maddi və mənəvi dəstəklərini əsirgəmədilər.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, diaspor nümayəndələri arasında diaspor fəaliyyətinə gəlir mənbəyi kimi baxan, bu arzusu reallaşmadıqda isə özünü Azərbaycanla bağlı proseslərdən kənarda tutmağa çalışanlar da yox deyildir. Belə şəxslərdən biri Avropa Azərbaycanlıları Konqresinin (AAK) rəhbəri Sahil Qasımovdur. Problemlər məhz S.Qasımovun 2017-ci ildə AAK prezidenti seçilməsindən sonra başlayıb. Çünki Sahil Qasımov diaspor fəaliyyətinə gəlir mənbəyi kimi baxan şəxs olaraq tanınır. Onun diaspor tədbirlərinin təşkili zamanı külli miqdarda pul mənimsəməsi, eləcə də sözügedən fəaliyyəti ərzində pul yuyulmasında birbaşa iştirakı Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir sıra Avropa ölkələrində diaspor tədbirlərinin təşkili zamanı komitənin sabiq rəhbərliyi tərəfindən S.Qasımovun hesabına mütəmadi olaraq şişirdilmiş məbləğdə maddi vəsaitlər yatırılıb, bu zəmində o, təxminən 300 min avro məbləğində maddi vəsaiti mənimsəyib. Onun Böyük Britaniyada təhsil alan övladlarının təhsil haqqını Dövlət Komitəsindən ayrılan maddi vəsaitlər hesabına təmin etməsi barədə məlumatlar mövcuddur.

AAK-la bağlı məsələləri daha dərindən araşdırarkan Avropadakı Azərbaycan diasporunu bir araya toplamalı, icma təşkilatlarımız arasında işin təşkilində əlaqələndirici çətir-təkilatı rolunu oynamalı olan qurumun maliyyə fırıldaqçılığında şübhəli bilinməsi, digər təşkilatları incik salması və ya bu qurum ətrafında birləşmək istəməmələrinin səbəbi isə bilavasitə təşkilatın rəhbərliyidir. AAK hazırda rəsmi olaraq ətrafında bir çox Azərbaycan diaspor təşkilatını birləşdirsə də, reallıqda qurum yalnız bir neçə nəfərin əlindədir. Yeni, innovativ, bu günün çağırışlarına cavab verən tələblərə uyğun fəaliyyət göstərə bilməyən, yalnız maddi mənfəət güdən və Azərbaycandan vəsaitlərin ayrılmasına vərdiş etmiş şəxslərin mövcudluğu diasporun təşkilatlanmasına və fəaliyyətinə əngəl törədən amillərdən biridir.

Sahil Qasımovun quruma başçılıq etməsi bir çox diaspor nümayəndələri tərəfindən də birmənalı qarşılanmır. Özünü diaspor fədaisi kimi göstərməyə çalışan S.Qasımov daha çox öz maraqlarını güdən, şəxsi mənfəətini ümumi maraqlarda üstün tütan insan kimi dəyərləndirilir. Onun artıq AAK rəhbəri olaraq müddəti bitdiyinə baxmayaraq, növbəti seçkilər keçirmədiyi və öz ətrafında birləşdirmiş bir neçə nəfər AAK fəalı vasitəsilə qurumu bu formada idarə etmək niyyətində olduğu görsənir. AAK-a üzv olan təşkilatlar, habelə Avropada mövcud diaspor nümayəndələri də son dövrlər baş verən proseslərdən narazı olmalarını açıq bildirmələri təşkilat rəhbərliyinin konkret addım atmağa düşündürə bilməmişdir.

Bu cür şəxsin Avropada məskunlaşmış və Azərbaycan dövlətçiliyi əleyhinə destruktiv fəaliyyətlə məşğul olan kontingentlə sıx əlaqəsinin olması da təəccüblü sayılmamalıdır. Onun Avropada, xüsusilə Niderlandda məskunlaşmış talış separatçılarının bəzi nümayəndələri, xüsusən Ələkrəm Hümmətov və Elxan Əlibəyli ilə sıx əlaqələri mövcuddur. Niderlandda yaşayan və özünü siyasi blogger kimi tanıdan Orduxan Teymurxan (Bəbirov) S.Qasımovun BAK rəhbəri olduğu dövrdə sözügedən təşkilatın gənclər qolunun üzvü olub. Məhz bu səbəbdən O.Teymurxan da S.Qasımovun kadrı hesab edilir.

Artıq Avropada yaşayan azərbaycanlıların əksəriyyəti arasında belə bir fikir formalaşıb ki, S.Qasımovun fəaliyyəti diaspora fəaliyyətini iflic vəziyyətə salıb. Ətrafındakıların ona qarşı çıxmamasının əsas səbəbləri isə S.Qasımovun düşməninə çevrilmək istəməmələri və onun tərəfindən Azərbaycan dövləti qarşısında nüfuzdan salına bilmə təhlükəsidir.

Mənbə: Ölkə.az

Bənzər yazılar

Back to top button