Hadisə

General həbsxanadan zərərçəkənə təhdid mesajı göndərib – “Mövlam Şıxəliyev bu məsələni belə qoymayacaq“

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev onun quldurluq əməllərindən zərər çəkən iş adamı, kafel-metlax və santexnika ticarəti ilə məşğul olan Əhməd Mirzəyevə həbsxanadan hədə mesajı göndərib.

Bu haqda Mirzəyev özü musavat.com-a müsahibəsində danışıb.

Əhməd Mirzəyev 2010-cu ildə əntiq əşya qaçaqmalçılığı adı altında MTN tərəfindən həbs edilib, Mövlam Şıxəliyev ondan şərti cəza ilə azadlığa çıxa bilməsi üçün 500 min dollar alıb. Amma iş məhkəməyə gedəndə hakim də ondan barəsində şərti cəza hökmü vermək üçün daha 100 min dollar qoparıb. Amma M.Şıxəliyev bundan sonra da Mirzəyevdən əl çəkməyib, 2010-2015-ci illər ərzində onun mağazasından müntəzəm olaraq öz malikanələri, obyektləri üçün pulsuz kafel-metlax və santexnika avadanlıqları daşıtdırıb. Payçısı olduğu Gədəbəy Mineral Suları zavodundan pulsuz “Slavyanka” suları ilə öz evlərini və obyektlərini təmin edib. Habelə ona qızıldan “Vertu” telefonu və “Stefano Ricci” mağazasından ad gününə kostyum almaq adı altında 25 min dollar qoparıb.

Virtualaz.org M.Şıxəliyev və onunla birlikdə mühakimə olunanların cinayət işindən Əhməd Mirzəyevin epizodu barədə geniş yazıb. İndi bu iş adamı deyir ki, məhkəmədə verdiyi sərbəst ifadədən sonra Mövlam Şıxəliyev qohumu Əlizamin vasitəsi ilə ona hədə mesajı çatdırıb:

“Əlizamin mənim işçim, “Santemax” MMC-də çalışan Yasər Məmmədovla görüşüb. Ona deyib ki, Mövlam Şıxəliyev bu məsələni belə qoymayacaq. Mövlam Şıxəliyevin “içəri”də olmasından arxayın olmayın, bizim hər yerdə adamlarımız var. Əhməd Mirzəyev məhkəmədəki ifadəsinə görə cavab verəcək” –Əlizamin işçim Yasər Məmmədova hədəni bu şəkildə çatdırıb. Bu bizim üçün böyük bir təhdiddir. Mövlam Şıxəliyevin sürücüsü olan Əlizamin bu sözləri deyirsə, deməli bu adamın bildiyi bir şeylər var”, – o bildirir.

Ə.Mirzəyev xatırladır ki, Mövlam Şıxəliyevin adından ondan 500 min dolları MTN İstintaq Baş İdarəsinin şöbə rəisi Təhsin Ağayev tələb edirdi. Amma 500 mini çatdırandan sonra Təhsin ona “bəs bizə hörmət eləmirsən?” deyib. Barəsindəki cinayət işinin “daha yaxşı hazırlanması və məhkəməyə tez göndərilməsi üçün” 10 min dollar istəyib. Mirzəyev bu pulu evinin yaxınlığında Ağayevə verib. Deyir ki, T.Ağayev pulu qorxa-qorxa aldı, ehtiyat edirmiş ki, ona tələ qururlar. “Bir görərdiniz o pulu alandan sonra necə qaçırdı. Əsl quldur kimi”, – Mirzəyev deyir.

“Mən çıxılmaz vəziyyətdə qaldığımdan onların dedikləri ilə razılaşdım. Başqa nə edə bilərdim? Vəkil belə tutmadım. Çünki onlar MTN-i öz şəxsi bizneslərinə çevirmişdilər, şəxsi zindanları, şəxsi quldurları vardı”, – zərərçəkən həmin günləri belə xatırlayır.

Bənzər yazılar

Back to top button