Cəmiyyət

Bu görüntülər dəhşət saçır: Tədris ocağı, yoxsa təhlükə mənbəyi? (VİDEO)

Təhlükənin astanasında olan məktəb binası və biliklərə yiyələnmək üçün hər gün bu məktəbə gələn uşaqlar. Tərtərdə 40 ildən çoxdur ki, istifadəyə verilən təhsil ocağı bu illər ərzində bir dəfə olsun təmir edilməyib. İzləyəcəyiniz binaya məktəb deməyə insanın dili də gəlmir. Əməkdaşlarımızın Tərtərdəki bu məktəbdən lentə aldığı görüntülər sadəcə dəhşət saçır.

Nə qapısı, nə pəncərəsi, nə də dam örtüyü var.

Şüşələri qırıq-qırıqdır. Adı məktəb olsa da amma görüntüsünün bundan xəbər vermir.

Bura Tərtər rayonunun Azadqaraqoyunlu kənd orta məktəbidir. 1979-cu ildə tikilib istifadəyə verilən məktəb illərdir qəzalı vəziyyətdədir. Böyük təhlükənin astanasında olan bu məktəbin hər tərəfi uçub, dağılıb.

Şagirdlər məktəbə “dərsi yaxşı bilmərəm, iki alaram” qorxusu ilə yox, “yağış yağar, sinif otağımıza su dolar”, “göydən daş parçası başıma düşər”, “divar uçar, altında qala bilərik” qorxusuyla gedirlər. Məktəblilər qapısı, pəncərəsi olmayan soyuq sinif otaqlarında dərs keçirlər.

40 ildən çoxdur ki, tikilib istifadəyə verilən kənd məktəbi bu günə qədər bir dəfə də olsun təmir edilməyib. Vaxtilə xeyli şagirdin təhsil aldığı məktəbdə indi cəmi 294 şagird oxuyur. Məktəbin illərdir çətinliklə də olsa fəaliyyət göstərməsinə baxmayaraq, artıq burda təhsil almaq müşkül vəziyyətə çevrilib. İstilik sisteminin olmaması bu əziyyəti birə-beş artırır. Qarlı-şaxtalı havada uşaqların sağlamlığı da ciddi təhlükə altına düşür.

Tərtər rayon Təhsil şöbəsinin müdiri Nuranə Abdullazadə bildirib ki, məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyati dövlət orqanlarına məlumat verilib. Yeni məktəb binasının tikintisi nəzərdə tutulub. Növbəti il ikinci Qarabağ müharibəsi dövründə dağılan şəhər 5 nömrəli məktəb tikiləcək. Bu məktəbin tikintisindən sonra Azadqaraqoyunlu kənd orta məktəbinin tikintisi planlaşdırılır. //Xəzər TV

Bənzər yazılar

Back to top button