İqtisadiyyatManşet

Ölkə iqtisadiyyatı üçün vacib olan qurum niyə fəaliyyətsizdir? – Ekspert həyəcan təbili çaldı

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Abbasbəylinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi fonunda bu qurumun fəaliyyətini şərh edib.

AzToday.az xəbər verir ki, ekspert ölkə iqtisadiyyatında “antiinhisar”, “rəqabət” sözləri olan rəsmi məsələlərin ( qanunvericilik, güclü dövlət qurumun yaradılması və s. ) həmişə problemli olduğunu deyib:

“Xatırlayıram ki, 2018-ci ilin aprelində Prezidentin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmışdı.

İki il ərzində bu qurumun formalaşmasına imkan verilməyib, Əsasnamə və strukturları təsdiqlənməyib.
Maraqlıdır ki, 15 il Rəqabət Məcəlləsinnin qəbuluna imkan verməyənlər, 2 il də Antiinhisar Dövlət Agentliyin yaranmasına imkan verməyiblər .

Əvvəllər yazmışdım ki, kimlərin imkan vermədiyini eSatınalma portalından görmək olardı.

Məsələn, portalda elə şirkət tapmaq olardı ki, yarım ildə 166 dəfə tenderdə qalib olub və dövlətdən 48 milyonluq şifariş alıb.

2020-ci ildə qurum Prezidentin fərmanı ilə yenidən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrildi və əsasnamələri, strukturu təsdiqləndi.

Məmməd Abbasbəyli də son bir ildə bu qurumda müavin postunu tutub.

Quruma rəhbərliyi indiyədək nazir müavini Sahib Məmmədov icra edib.

Xatırlayıram ki, Prezident nazir Mikayıl Cabbarovu qəbul edəndə inhisarçılıq və haqsız rəqabət sahəsində ciddi qayda -qanun yaratmağın vacibliyini bildirmişdi.

Ümumiyyətlə isə, son illərdə, antiinhisar sektorunda müəyyən irəliləyişlər olub.

Bir neçə tenderlərin ləğvi, haqsız rəqabətin qarşısının alınmasına yönələn bəzi addımlar, “Bakcell 099” məsələsinin müsbət həll edilməsi və s. nümunələri göstərmək olar.

Lakin atılan addımlarla bərabər, köklü problemlər hələlik öz həllini tapmayıb.

İndi quruma yeni rəhbər təyin olunub.

İndi hamını maraqlandırır ki, görəsən yeni rəhbərlik ölkədə rəqabətli mühiti canlandıra biləcəkmi, haqsız rəqabətin qarşısını alacaqmı, satınalmalarda qayda-qanun yarada biləcəkmi, son illər əldə etdiyi səlahiyyətlər çərçivəsində kommunal sektorda tətbiq edilən sayğacların standartlara uyğunluğuna nəzarəti gücləndirə biləcəkmi, rəqəmsal mühitdə istehlakçıların hüquqlarını qoruya biləcəkmi?

Problemlər antiinhisar sektorda çoxdur .

Antiinhisar qurumu dövlət nəzarətini gücləndirməlidir, ictimai nəzarət üçün imkanlar yaratmalıdır. Özəl sektorun bu qurumla bağlı ciddi narazılıqları var.

eSatınalma portalı regionun ən zəif resurslarından biridir.

Bu portalın ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli ola biləcək imkanlarını xeyli məhdudlaşdırıblar, burada ciddi informativ və interaktiv işlər aparımalıdır.

İstehlakçıların, xüsusilə də rəqəmsal sahədə olan istehlakçıların, internet və mobil telefon isifadəçilərinin, elektron xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunmasında, sərbəst və azad rəqabətin formalaşmasında problemlər hədsiz çoxdur.

Bir çox biznes sahlərində dövlətin xüsusi çəkisi ifrat dərəcədə yüksəkdir və bu da rəqabət üçün problemlər yaradır.

Yeri gəlmişkən, düşünürəm ki, indiki şəraitdə hökumət Antiinhisar Dövlət Xidməti üçün daha üstün şərait yaratmalıdır.

Qurumun əməkdaşlarının əmək haqları dəfələrlə yüksək olmalıdır.
Rəhbərliyin əmək haqqı isə təxminən , “nə qədər lazımdırsa elə o qədər ala bilərsən” prinsipi ilə olmalıdır.
Əks halda onlar oliqarxların, inhisarçıların basqılarına tab gətirə bilməyəcəklər.

Görəsən yaxın perspektivdə Antiinhisar qurumu nəhəng təbii inhisar subyektləri rəhbərlərinin, inhisarçıların, xidmət sektoru rəhbərlərinin ən çox ehtiyat etdiyi qurum ola biləcəkmi?

Yəni, sual çox konkretdir, görəsən Məmməd Abbasbəyli təbii və süni inhisarçılarla “vuruşa” biləcəkmi?

Güman ki, yaxın zamanlarda atılacaq antiinhisar tədbirlərindən bu sualın cavabını öyrənə biləcəyik”.

Bənzər yazılar

Back to top button