Hadisə

Süpürgəçi qadını vuran sürücüyə hökm oxundu – Mərhumun oğlu başqa sürücüdən şikayətçi oldu (FOTO)

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində süpürgəçinin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, hadisə 3 may 2023-cü ildə, saat 08:30 radələrində qeydə alınıb .

Belə ki, “Chevrolet Cruze” markalı, 77 DJ 219 dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Santafe” markalı avtomobil 10 VU 700 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxıb və nəticədə maşınlar toqquşub. Toqquşma səbəbindən idarəetməni itirən “Hyundai Santafe” səkidə əyləşmiş süpürgəçi Həsənova Xuraman Mobil qızını vuraraq öldürüb. Qadın Sabunçu Rayon icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində işləyirmiş.

Hadisədə səbəbkar kimi “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü günahlandırılıb. Amma 1979-cu ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, MMC-lərin birində sürücülərə nəzarətçi vəzifəsində işləyən təqsirləndirilən Ələkbərov Anar Yasin oğlu özünü hadisədə günahkar bilməyib. O, hadisəyə səbəbkar kimi qadını vuran 10 VU 700 nörməli avtomobilin sürücüsü Qasımov Ələddin Rafiq oğlunu göstərib:

“Saatda 20 km surətlə hərəkətdə olan zaman həmin küçənin Sülh küçəsi ilə kəsişməsində “Hyundai Santafe” markalı avtomobil yolayrıcına yaxın məsafədə olmadığı üçün hərəkətə davam etdirdim. Hadisə zamanı “Hyundai Santafe”nin neçə km/saat sürətlə hərəkət etməsi barədə dəqiq məlumatım yoxdur. Özüm nəqliyyatda hadisələr üzrə inspektor vəzifəsində çalışdığım üçün deyə bilərəm ki, hadəsənin baş vermə şəkli və “Hyundai Santafe” markalı avtomobilin kənar məsafədən hadisə yerinə çatma tezliyinə görə sürətinin 90-100 km/saat olduğunu düşünürəm. Hadisə vaxtı sağ tərəfdən Sülh küçəsi ilə hərəkətdə olan “Hyundai Santafe” yolayrıcına yaxın məsafədə olmadığı üçün hərəkətə davam etdim və “2.4” yol ver nişanının tələblərini pozmamışam. Həmin avtomobilin Sülh küçəsi ilə hərəkətini yaxın məsafədə olmadığı üçün görməmişəm, əgər görsəydim hadisənin qarşısını almaq üçün çalışardım. Hesab edirəm ki, hadisə “Hyundai Santafe”nin sürətlə hərəkət etməsi səbəbindən baş verib”.

10 VU 700 nörməli sürücüsü Ələddin Qasımov da əksinə, günahkarın Anar Ələkbərov olduğunu deyib. Onun sözlərinə görə, hadisə zamanı “Chevrolet”in surəti təxminən 60-70 km/saat olub. Həmin avtomobil qəfildən qarşısına çıxdığından onu görməyib və hadisənin qarşısını almağa texniki imkanı olmayıb.

Mərhum Xuraman Həsənovanın oğlu Natiq Həsənov (ad şərti) isə təqsirləndirilən şəxsdən deyil, 10 VU 700 nörməli avtomobilin sürücüsündən şikayətçi olduğunu bildirib. Təqsirləndirilən şəxs anasının dəfn və məzar danışının xərcələrinin ödənilməsinə kömək göstərdiyindən onunla barışdığını, heç bir şikayət və tələbinin olmadığını deyib. O, bildirib ki, əsas şikayəti digər avtomobilin sahibindəndir. Həmin şəxs onlarla maraqlanmayıb.

Məhkəmənin hökmü ilə Anar Ələkbərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 10 VU 700 dövlət nörmə nişanı “Porsche” və “Lexus” avtomillərin üzərində də olub.

Bənzər yazılar

Back to top button