Mədəniyyət

Naxçıvanda xalq artistini intihar həddinə gətiriblər – ŞOK MƏLUMAT

Azərbaycanın xalq artisti Həsən Ağasoy intihar etmək həddinə gətirilib.

Ovqat.com-da bu barədə məlumat xalq artistini yaxından tanıyan birisi tərəfindən verilib.

Mənbəmizin bildirdiyinə görə, Həsən Ağasoy dünən özünün vatçap nömrəsində paylaşdığı statuslarında da buna eyham vurub. Ard-arda paylaşılan statuslarda Naxçıvan Muxtar Respublika rəhbərliyinin ona bəslədiyi qeyri-insani münasibətdən gileylənən xalq artisti 7 ay işsiz saxlanıldıqdan və bu məlumat mediada ictimailəşdiriləndən sonra 281 manatlıq maaşlı işlə təmin olunmasını özünə qarşı həqarət saydığını vurğulayıb:

“46 il çalış, gəl, süpürgəçi maaşı al. Ali təhsil al, Dram-aktyorluq fakültəsini qurtar, sənə dram-teatrda işləməyə qadağa qoysunlar. Televiziyada sənə aid olan bütün verilişləri silsinlər. İlahi, bu qədər də haqsızlıq olar?! Ürəyim az qalır partlasın, Vallah!”

“281 manatlıq iş! Xalq artistini rəsmi surətdə ələ salmaq! Yəni doğrudan da bu qədər insanı alçatmaq nəyə lazım idi?”.

“Bu sifarişi kim verir, mütləq cəzasını çəkəcək!”

Xalq artisti bu yazılı mesajlarından sonra bəzi simvolik anlam daşıyan paylaşımlar da edib. Paylaşımlardan birində “qara ürək” simvolu, digərində isə içi boş məzar şəkili əks olunub.

 

 

 

İnformasiya qaynağımızın bildirdiyinə görə, xalq artisti bir müddətdən sonra paylaşımlarını silib. Ehtimala görə, paylaşımların silinməsi onun yaxınlarının israrlı xahişi ilə baş tutub. Yaxınları xalq artistini inandırıblar ki, onun intiharı da Naxçıvan hakimiyyətinin ürəyini soyutmayacaq, əksinə, qəzəblənən “xanlıq” əyanları canına qıymış sənətkarın qisasını Ağasoylar nəslindən alacaq. Yağışdan qaçarkən yağmura yaxalanmamaq xətrinə xalq artisti paylaşımlarını silməyə məcbur olub.

Sual oluna bilər: Xalq artisti bu paylaşımını niyə məhdud izləyiciləri olan “vatçap” üzərindən edib? Halbuki, bunun facebook, instigram və ya digər daha geniş kütləyə xitab edən platformalarda dilə gətirilməsi ona zülm edən Naxçıvan hakimiyyətinə daha ağır zərbə olardı.

Sualımızı cavablandıran mənbəmizin bildirdiyinə görə, vatçap üzərindən paylaşım Naxçıvana xas xüsusiyyətdir: “Demək olar ki, bütün Muxtar Respublika məmurları bu yolla fikirlərini “əlahəzrətə” çatdırmaq istəyirlər. Görünür, xalq artisti də məhz bu səbəbdən adət etdiyi və daha rahat işlətdiyi sosial şəbəkəni seçib”.

Ovqat.com-un Baş redaktoru Heydər Oğuzun bu gün paylaşdığı status da mənbəmizin fikirlərini təsdiqləyir. Şair-publisist öz paylaşımda bildirib:

Naxçıvan simyəgərliyi və ya “Həzrət Abbas” məktubları

Mənə maraqlı gələn əsas məsələlərdən biri budur ki, Naxçıvanda hər kəs dərdini və fikrini “vatçap”dan paylaşır. Bakıda və Azərbaycanın digər rayonlarında olduğu kimi, facebookdan neqativ paylaşımlara ümumiyyətlə yer verilmir.

Görünür, Naxçıvan rəhbərliyi informasiyaların Muxtar Respublikadan kənara çıxmasının qarşısını almaq üçün vətəndaşları qəsdən daha məhdud izləyici kütləsi olan sosial şəbəkələrə yönləndirib. Vətəndaşlar da məcburən ərzi-gileylərini “xan” həzrətlərinə və onun əyanlarına çatdırmaq üçün “vatçap” nömrələrinin status yerinə yazırlar. Onların təhkim olunduqları “onbaşıları” bunu görüb subardinasiya qaydalarına uyğun şəkildə “yüzbaşıya”, “yüzbaşılar” “minbaşıya” ötürə-ötürə şikayətlər gedib “xan” həzrətlərinə çatır. Qədim vaxtlarda “Həzrət Abbas”a yazılan məktublar kimi.

Nəhayət, vətəndaşların “Həzrət Abbas” məktublarına göz gəzdirən “xan” həzrətləri hər şikayətçi üçün öz qərarını verir. Status “xan”ın xoşuna gəlsə, şikayətçini “ağıllandırıb” işdə saxlayır və susmağı məsləhət görürlər, xoşuna gəlməsə isə toplum mühəndisliyi prinsipləri işə düşür. Məsələn, xalq artistini işdən çıxarıb süpürgəçiyə çevirirlər.

Bəli, bunu 21-ci əsr Naxçıvanının simyəgərlik nümunəsi adlandıra bilərik. Simyəgərlər necə misi qızıla “çevirirdilərsə”, Naçıvanda da xalq artistindən süpürgəçi düzəldirlər. Və yaxud iməcliklərdə daha yaxşı süpürmək bacarığını ortaya qoyanlardan isə “Boz kardinal” da düzəldə bilərlər. Hər şey əlahəzrətin keyfinin hansı vaxtına düşməsindən asılıdır”.

Aldığımız digər məlumata görə, Naxçıvan Ali Məclisində xalq artisti Həsən Ağasoyun məsələsi müzakirə edilib. Əlahəzrətin son sözü isə belə olub: “Ona indi verilən vəzifə də çoxdur. Allahına dua etsin ki, bu qoca vaxtında əlinə süpürgə verib Naxçıvanın küçələrini süpürtdürmürük”.

Bənzər yazılar

Back to top button