GündəmManşetSiyasət

“Tərtər işi”: Əsl casuslar kimlər olub? – Ərəstun Oruclu yenidən hərəkətə keçən xəyanətkarlardan yazdı

Politoloq Ərəstun Oruclu minlərlə hərbçimizə işgəncələr verildiyi “Tərtər işi”nin yenidən istintaqı fonunda yaşanan proseslərlə bağlı ilginc məqamlar açıqlayıb.

AzToday.az xəbər verir ki, politoloq “Tərtər işi”nin başında duranların yanlış ictimai rəy formalaşdırmaq üçün hərəkətə keçdiyini bildirib:

“Hər bir cəmiyyətin özünəməxsus davranış qaydaları var, o cümlədən də bizim cəmiyyətin. Cəmiyyət özü mürəkkəb və çoxqütblü olduğundan hansısa davranış qaydalarını bütövlükdə ona (cəmiyyətə) şamil etmək yanlışdır.

Ona görə də burda dəyərləndirmələr yalnız ayrı-ayrılıqda, müxtəlif situasiyalarda konkret kəsimin konkret əməlləri üzrə verilə bilər. Amma elə fundamental dəyərlər və davranış normaları da var ki, onlara münasibətdə hansısa ziddiyyətli dəyərləndirmə olmamalıdır, ola da bilməz.

Məsələn, mərhəmətli olmaq və ya olmamaq olar, insan həyatına dəyər vermək 21-ci əsrin ümumbəşəri dəyəridir. İnsanın hüquq və azadlıqları, onların çərçivələri haqda sonsuzluğa qədər mübahisə etmək olar, amma onun yaşamaq haqqı mübahisə predmeti deyil və ola da bilməz.

Belə ehkam məsələlərdən biri də cinayətə və ona görə cəza olmasına yanaşmadır. Cinayətə görə cəzanın ağırlığı haqda da mübahisə etmək olar, amma cəzasızlıq heç bir halda alqışlana bilməz. Ona görə yox ki, bu, hüquq və qanun məsələsidir. Daha doğrusu, təkcə ona görə yox, həm də ona görə ki, cəzasızlıq:

– insanın yaranışından, onun təbiətindən, özünüqoruma reaksiyasından gələn ədalət prinsipinin pozulmasıdır;
– qanunsuzluğun təntənəsidir;
– yeni cinayətlərin törədilməsinə yol açmaqdır;
– özbaşınalığın təməlidir.

Ona görə xüsusilə insanın həyatına, onun sağlamlığına, şəxsiyyətinə qarşı törədilmiş cinayətlərə münasibət bütün sivil dünyada birmənalıdır. Ona görə də kimsə qətlə görə onu törədənin mükafatlandırmasını təklif etmir, qatildən qəhrəman düzəltmək təşəbbüsü irəli sürmür.

Amma insan övladı o qədər inkişaf edib ki, o, bunu da etməyin yollarını tapıb. Məsələn, günahı qatılın üzərindən atmaq üçün onun qurbanını hədəfə almaq, əsas səbəbin özünü arxa plana keçirib zərərçəkmişin cinayətə “təhrik etmiş” hərəkətlərini axtarmaq.

İnsan övladının bir qabiliyyəti də olmayanı axtarmaq, tapa bilməyəndə isə onu “yaratmaqdır”. Amma qabiliyyət bununla da məhdudlaşmır, yaratdığını topluma həzm etdirmək də var. Bunun özü isə ayrı bir istedaddır.
Son günlər müşahidə olunanlardan biri də budur. Tərtər qətliamı ilə bağlı yeni istintaq başlayan kimi bir qrup bəşər övladı “xatırladı” ki, sən demə xəyanət də olubmuş, casusluq da, satqınlıq da. Bunu da məharətlə həzm etditməyə başladılar, özü də çox sadə yolla – bunun ətrafında ağıllı-ağıllı diskussiyalar açmaqla.

Bəli, satqınlıq da olub, xəyanət də, casusluq da. Amma baxır bunu kimə şamil edirsən, necə şamil edirsən və “istehlakçıya” necə təqdim edirsən. Burda da ən sınanmış üsul konfet olmayanı bəzəkli konfet kağızına büküb geninə-boluna reklam eləməkdir. Amma satqınlıq kim tərəfindən olub?

Bu sualın cavabına gəldikdə isə kimsə deyir ki, işgəncə verilənlər tərəfindən olub, kimsə mənim kimi deyir – Tərtərdə qətliamı törədənlər satqınlıq ediblər, daha “ağıllılar” isə sözü ortaya atıb nəfəslərini dərib gözləyirlər ki, şəraitə uyğun olaraq kimi nəzərdə tutduqlarını sonradan “dəqiqləşdirsin”.

Amma bütün bu mənzərədən bir şey dəqiq aydın olur: cəmiyyətimizdə kiçik merkantil maraqlarını təmin etmək naminə hər şeyə əl atmağa hazır olan satqınlar var. Satqınlar, yəni özünü satanlar və ya satışa çıxaranlar.
Amma onların zəhməti də, sponsorlarının investisiyaları da batacaq, çünki artıq gecdir.

Çünki “Tərtər qatarı” artıq yola düşüb və qarşısına çıxan hər kəsi amansızcasına əzib keçəcək. Bu da mütləq olacaq.
Necə ki, vaxtilə “Yeni istintaq mütləq olacaq!” demişdik”.

Bənzər yazılar

Back to top button